Qadin.NET / Əl və ya baş ilə işarə etməklə suala cavab vermək

Əl və ya baş ilə işarə etməklə suala cavab vermək


Əl və ya baş ilə işarə etməklə suala cavab vermək

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər ( s.ə.s.) “Qiyamətə yaxın elm aradan qaldırılacaq, cəhalət və fitnələr üzə çıxacaq və hərc çoxalacaq”– dedi. Ondan: “Hərc nədir, ya Rəsulullah?”– deyə soruşdular. O, əlini çəpəki vəziyyətdə yuxarıdan aşağı endirib: “Bax belə”– deyə buyurdu, sanki qətl törədiləcəyini qəsd edirdi.  (əl-Buxari, 85)
   Əsma bint Əbu Bəkr (r.a) rəvayət edir ki, günəş tutulduğu vaxt mən Aişənin yanına gəldim, o vaxt o namaz qılırdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, günəşin tutulduğunu bildirmək üçün əli ilə göyə işarə etdi. Mən məscidə tərəf boylanıb gördüm ki, camaat namaz qılır. Aişə: “Allah pak və müqəddəsdir!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, başı ilə işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazdan sonra Peyğəmbər (s.ə.s)  qüdrətli və əzəmətli  Allaha həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta, Cənnət və Cəhənnəmi gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsihi-dəccalın imtahanına bənzər və ya buna yaxın bir imtahana çəkiləcəksiniz. Dünyasını dəyişmiş kimsədən: “Bu adam haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin yaxud yəqinliklə inanan bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O, bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də onun dəvətini qəbul edib onun ardınca getdik. Bu, Muhəmməddir!”– deyəcək. O bunu üç dəfə təkrar edəcək. Bundan sonra mələklər ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq və ya qəlbində şübhə olan adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi mən də deyirdim”– deyəcək. (əl-Buxari, 86)
  Qeyd:  "Hərc” sözünün hərfi tərcüməsi, əmin-amanlıq və qayda-qanunun olmadığı vəziyyət, qarışıqlıq, nizamsızlıq, çaxnaşma, araqarışma, vəlvələ, mərəkə, hərc-mərclik deməkdir.  
  Burada "bu adam" deyildikdə, Muhəmməd Peyğəmbər( s.ə.s) qəsd edilir.  




19 iyun 2011
GO BACK