"Qasas" surəsinin 10 və 11-ci ayəsində oxuyuruq:
"Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, inananlardan olsun deyə, onun qəlbinə aramlıq verməsəydik, az qala (gördüyü işi) açıb bildirəcəkdi. Və (Musanın anası) onun bacısına dedi: (İçində körpə Musa olan sandığın) arxasınca get". Beləcə, onu (körpəni) uzaqdan-uzağa gördü. Bir halda ki, onlar (bu qızın onları güddüyünün, onun niyyətində nə olduğunun) fərqində deyildilər".
İndi gəlin bir neçə nöqtəyə baxaq:
Musanın anası öz doğma balasını bir balaca qutunun, ya sandığın içinə qoyub suya atmışdı. Ardınca öz qızına, Musanın bacısına demişdi ki, qutunun arxasınca düşsün. Özü də bunu gizli etsin ki, heç kəs başa düşməsin. O da sandığın arxasınca düşdü, sarayın həndəvərinə çatıb körpəni necə tapdıqlarını, götürdüklərinin şahidi oldu. Sonradan Musanın bacısının Musa üçün süd anası tapmaqda böyük rolu olacaqdı.
Nə nəticə əldə etdik?
Sirri açıb ağartmaq imanın zəifliyindən, süstlüyündən doğur. Qəlbin aramlığı təkcə Allahın əlindədir. Arxayın, aram qəlbə malik olmaq imanın şərtlərindəndir. Allahın nəzərində əsas sayılan məsələlərdən biri imandır ki, bu barədə kişi və qadın ayrıseçkiliyi yoxdur. Buradan aydın olur ki, qadınlar da ictimai məsələlərlə əlaqədar tədbir tökərkən iştirak etməlidirlər. Həssas işlərdə işi başqasına tapşırmaq olar. Bu məsələdə Musanın anası olduqca həssas idi və məsələyə Allah müdaxilə etməsəydi, az qala emosiyaları üstünlük təşkil edəcək və hər şeyin üstünü açacaqdı. Ümumiyyətlə, qadınlar emosional varlıqdırlar, onlara kifayət qədər arxayınçılıq bəxş etdikdə məsələnin öhdəsindən gələ bilirlər.
Allaha təvəkkül etmək məsələni başlıbaşına buraxmaq deyil. Musanın anası imanlı qadın idi, ancaq o, öz oğlunu suyun ixtiyarına vermədi. Qızını arxasınca göndərdi. Zülmkar insanlarla mübarizədə təqib etmək, müşahidə aparmaq kimi əməllər yerinə yetirilməlidir.
Bu qədər kifayət edər.
Bir sıra təfsirlərdən istifadə edilib.
Müvəffəqiyyət Allahdandır.