Oruc bir nəfərin Allah-taalanın göstərişini yerinə yetirmək üçün sübh azanından məğribə qədər orucu batil edən şeylərdən özünü saxlamasıdır.
Niyyət
Niyyətin hökmləri
1. İnsanın orucun niyyətini qəlbindən keçirməsi, yaxud "sabah oruc tutacağam" deməsi lazım deyil. Əksinə, Allah-taalanın əmrini yerinə yetirmək üçün sübh azanından məğribədək olan zaman ərzində orucu batil edən şeylərdən çəkinməsi kifayət edir. Bu müddət ərzində oruc olduğuna yəqin etməsi üçün sübh azanından bir miqdar öncə və şam azanından bir miqdar sonra orucu batil edən şeyləri görməkdən özünü qorumalıdır.
2. Əgər ramazan ayının orucundan başqa bir oruc tutmaq istəsə, onu müəyyən etməlidir. Məsələn, niyyət etməlidir ki, qəza, yaxud nəzir orucu tuturam. Ancaq ramazan ayında bu ayın orucunu tutduğunu niyyət etməsi lazım deyil. Hətta əgər ramazan ayı olduğunu bilməsə, yaxud unutsa, belə ki, başqa bir orucu niyyət etsə, ramazan ayınının orucunda hesab olunur.
3. Əgər ramazan ayının birinci günü oruc tutacağını niyyət etsə və sonra başa düşsə ki ikinci, yaxud üçüncü günü idi, onun orucu səhihdir.
4. Əgər sübh azanından öncə niyyət edib yatsa, sonra məğribdən sonra ayılsa, orucu düzgündür.
5. İnsan şəban ayının axırı, yaxud ramazan ayının biri olduğuna şəkk etdiyi gün oruc tutması vacib deyil.
6. Ramazan ayı kimi müəyyən vacib orucda oruc tutmaq niyyətindən vaz keçsə, orucu batildir. Ancaq orucu pozacağını niyyət etsə, pozmadığı təqdirdə orucu düzgündür.
Xəstə adam
1. Əgər ramazan ayında günortadan qabaq yaxşı olsa və sübh azanından həmin vaxta qədər orucu batil edən bir şey görməyibsə, oruc niyyəti etməli və həmin günün orucunu tutmalıdır.
2. Əgər günortadan sonra yaxşı olsa, həmin günün orucu ona vacib deyil.
Hazırladı: Fərid Abdullah