Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-14

Dini mövzularda özünü aldatmağın 40 yolu-14

Dini mövzularda özünü aldatmağın 40 yolu-14

Şeytana uyuram.

İnsanların bir qisminin təkrarladıqları xətalar səbəbi ilə sürəkli şeytanı bəhanə etdiklərini və "Şeytana qapılıram, aludə oluram, uyuram" ifadələri ilə özlərini müdafiə etməyə çalışdıqlarını görə bilərsiniz. Halbuki işin əsli insanların iradələrinə yenilməsi səbəbi ilə şeytanı bəhanə etmələridir. Şeytan insan üçün dost görünən bir düşməndir. Zehnimizə atmağa çalışdığı müxtəlif vəsvəsə və mənasızlıqlarla yollarımıza tələlər qurar. Bir çox insan da iradəsinə yenilərək şeytanın tələsinə asanlıqla özünü qapdırır. Bəzi insanlar isə səhv olaraq şeytanı Allaha rəqib hesab edirlər. Zehinlərində dik qulaqları, qırmızı sifəti, əlində nizəsi ilə ortaqlıqda gəzib ətrafa pislik saçan bir yaratıq canlanır. Halbuki şeytanın insan üzərində məcburedici bir gücü yoxdur. Öz əli ilə özünü atəşə atan yenə insanın özüdür. İnsanı çaşdıran və aldadan hər kəs və hər şey şeytanın həyata bir əks olmasıdır. İnsan şeytanın özü üçün açıq-aşkar bir düşmən olduğunu və onun addımlarını izləməməsi lazım olduğunu bilməlidir. 

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208-ci ayə)

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur sursəi, 21-ci ayə)

(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa surəsi, 120-ci ayə)

Şeytan günahları bəzəkli və cazibəli göstərir. "Şeytana uyuram" deyən insan əslində fərqində olmadan nəfsini qabardır və o an üçün özünə həzz verəcəyinə inandığı şeyə uyar. İnsanın günaha girməsi ən çox şeytanı sevindirir. Quran isə şeytandan gələn vəsvəsələrdən qurtulmağın yollarını verir insana: 

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. (Əraf surəsi, 200-cü ayə)

Dini mövzularda özünü aldatmağın 40 yolu-14

Əslində çoxlarımız bir işi görməzdən əvvəl az-çox etdiyimiz bu işin doğru olub-olmadığını və ya kimin rizasına uyğun olacağını bilirik. Amma nəfsimizə söz keçirə bilmirik, müxtəlif bəhanələr ilə görməzdən gələrək bu həqiqəti bilə-bilə özümüzü günahlara sürükləyirik. 

İndi deyin görək, insanın uyduğu şeytandırmı, yoxsa şeytanın vəsvəsələri ilə qabaran nəfsidirmi? Öz əli ilə bilə-bilə günaha girən birisini hansı bəhanə qurtara bilər? İnsanın bu mövzuda da özünü aldatmağa son qoyaraq şeytanı bəhanə etməməsi lazımdır. Çünki hesab günü şeytan da, şeytanı bəhanə edən də xilas edə bilməz özünü. 

İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır. (İbrahim surəsi, 14-cü ayə)

Şeytanın açıq-aydın bizim düşmənimiz olduğunu və bizi pisliklərə sürükləmək üçün əlindən gələn hər şeyi edəcəyini bilərək bizim də onu düşmən bilməyimiz lazım olduğunu Quran bizlərə bildirir: 

Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatir surəsi, 6-cı ayə)

Sizə düşmənçilik edən birisi olsa və bu insan hər fürsətdə sizin ayağınızın altını qazımaq üçün çalışsa, yaxud sizə maddi-mənəvi zərər verməyə, bəlkə də canınıza qəsd etməyə qalxışsa, hər halda bu insandan qorunmaq üçün lazım olan bütün tədbirləri görər və başınıza pis bir hadisə gəlməməsi üçün hər yolu yoxlayar və daima tətikdə gözləyərsiniz. Elə isə şeytanın hər birimiz üçün son dərəcə təhlükəli bir düşmən olduğunu bildiyimiz halda bu düşmənimizə qarşı müqavimətimizi aşağı endirən nədir? Niyə görə tədbir almağımız lazım olduğunun fərqində belə deyilik? Necə olsa mən şeytana uymaram və tələlərinə düşmərəm, deyirsiz? Bu mövzuda bir zəmanətimiz varmı? Ya da bizi bu kimi tələlərə qarşı qoruyacaq bir imanımız? 

Şeytanı düşmən bilmək və tələlərdən qorunmaq üçün lazım olan ilk şey şeytandan uzaqlaşmaq nisbətində Allaha yaxınlaşmağa doğru vəsilə axtarmağımızdır. Çünki hər nə qədər şeytan müxtəlif hiylə və tələləri ilə insanları Allah yolundan sapdırmağa çalışcağını söyləyərək bunun üçün çapalasa da, özünün də fərqində olduğu açıq bir gerçək vardır ki, insanlar üzərində gücü, yəni məcburedici gücü olmadığı və ixlas sahibi səmimi qullara yaxınlaşa bilməyəcəyidir. 

(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa. (Allah) dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır”. (Hicr surəsi, 39-42-ci ayələr)

Göründüyü kimi "şeytana uyuram" bəhanəsinin insanın xətalarını təmizə çıxarması mümkün deyildir. Şeytani tələlər insanın dünya həyatındakı imtahanının bir parçasıdır. 

Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19-cu ayə)

Səmimi və könüldən gələn bir təslimiyyətlə Allaha sığınaraq həqiqəti görməsi isə insanın öz əlindədir. Çünki Quran ayələrinin də ifadə etdiyi kimi əsasən şeytanın insanlar üzərində məcburedici bir gücü yoxdur və heç şübhəsiz şeytanın hiylə-tələsi çox zəifdir. Yəni istədiyi halda şeytana uymamaq insanın öz əlindədir. İnsanların bu bəhanəyi irəli ataraq özlərini aldatmaqdan vaz keçmələri lazımdır. Çünki hər işdə olduğu kimi özünü aldatmağın ən böyük zərəri başqasına deyil, insanın özünədir.

Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 201-ci ayə) 

Dini mövzularda özünü aldatmağın 40 yolu-14

Kiçikkən səssizcə bir dostumuza yaxınlaşaraq əllərimizlə gözlərini qapayıb kim olduğunu bilməyimizi istəmədiyimiz oyunlar oynayardıq. Beləcə bu oyunlardakı kimi şeytan qurmuş olduğu tələlərlə gözlərimizi qapatmağa çalışır. Məqsədi həqiqəti görməyə əngəl olmaqdır. Bir ömür gözlərimizi qapadanın kim olduğunu bilə-bilə gözməz kimi davranırıq. 

Yerini müəyyənləşdirməlidir insan. Kimin tərəfindəsən? Yaradanın, yoxsa aldadanın? Şeytanın tələlərindən qorunaraq özünü bilməlidir insan: Heç şübhəsiz qalib gələcək olanlar Allahın tərəfdarlarıdır. 

Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə )dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56-cı ayə)

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

 

Tərcümə: Ceylan Mumoğlu

24 yanvar 2016
GO BACK