Peyğəmbər(s.ə.s) buyurur: Adəm övladının hamısı səhv və xəta edər, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir. Allah tövbə edənləri sevir.
Biz bəndələrinə namaz qılın, günaha meyl etməyin, dedin, Allahım!
Başqasının haqqına girməyin, qəlbini qırmayın, dedin, Allahım! Məni hər zaman zikr edin, günahlarınıza görə ixlasla tövbə edin ki, sizi bağışlayım, dedin, Allahım! Tövbə edin ki, Cəhənnəm atəşi ilə əzab verməyim, dedin Allahım! Əmrlərimə tabe olun ki, sizə sonsuz Cənnət verim, dedin Allahım! Bəs biz nə etdik?! Halalını haram, haramını halal etdik özümüzə. Əfv et bizi, Allahım.
Bizə dua etməyi öyrətdin, mənə dua edin ki, dualarınızı qəbul edim, dedin, Allahım!
Sevgili Peyğəmbər (s.ə.s) buyurmuşdur: Bir ayaqqabı bağına ehtiyac duysanız belə, tək olan Allahdan istəyin.
Bəs biz nə etdik?! Səni unudub günahkar bəndələrinə ümid bəslədik. Əfv et bizi Allahım.
Dünya həyatı yıxıb-sürüdü, özünə kölə etdi bizi, Allahım. Kasıb olduqda verdiyin ruziyə qane olmayıb şükrünü yerinə yetirmədik.
Dövlətli olduqda istəmədən bəxş etdiyin nemətləri haqqı olan yoxsullara qıymadıq. Sağlam olduqda bizə əmanət verdiyin bədən sağlamlığına, günah və haram buyurduğun yemək - içməklə xəyanət etdik. Xəstə olduqda da sağlam olduğumuz günlərə görə Sənə şükür etmədik. Əfv et bizi, Allahım.
Muhəmməd (s.ə.s) eşqinə, onun pak və məsum Əhli-beytinə (ə) xatir biz günahkar bəndələrini əfv et. Gecə-gündüz qarşında rükuyə bükülən bellərə xatir, Səni zikr edən dillərə xatir, əfv et bizi, Allahım!