Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-8

Dini mövzularda özünü aldatmağın 40 yolu-8

Dini mövzularda özünü aldatmağın 40 yolu-8

Əmrlərinə əməl edə bilmirəm, amma Allahı çox sevirəm.

Bəzi insanlarla danışdığınızda həyatlarında dini təcrübəyə dair bir şeyin olmadığı, ancaq Allahı çox sevdiklərini ifadə etdikləri görülür. Şübhəsiz qulun Rəbbini könüldən sevməsi çox əhəmiyyətlidir. Ancaq bəzən bu anlayış insanın özünü aldatmasına səbəb olur. Sevginin işarəsi nədir? Yalnız ifadələrmi? Bəs əməl? Allahı çox sevdiyinin heç bir əlaməti olmazmı insan həyatında? Şübhəsiz kimsənin iman, ya ibadət dünyasının ölçüsünü bilmərik, onsuz bu dərddə də deyilik. Məqsədimiz kimsəni mühakimə etmək deyildir, amma mövzu anlayışa sahib insanların öz bəyanları ilə həyatlarında dini ünsürlərin olmadığı istiqamətindədir. Yəni bir çox insan bunu etiraf etməkdədir. "Mən Allahı çox sevirəm, amma dini bilmirəm, yaşamıram". Halbuki, insan bilməlidir ki, Allahı həqiqi mənada sevmək Onun buyruqlarına həssas olmaqla mümkün ola bilir. Allahı çox sevərkən əmr və qadağanlarını diqqətə almamaq mümkündürmü? Adətən təsəvvüfə meylli insanların inancıdır hər şeyi sevgi və dözümlülüklə azaltmaq. Maraqlarının səbəbi də əsasən təsəvvüfün buz dağının görünən qismi qədər bilinməsindən qaynaqlanır. Dinin daxili ancaq bütün gərəkləri ilə doldurula bilər. Nə ibadətlər, nə sevgi, nə də dözümlülük təkbaşına kifayət deyil. Din bir bütündür və insan Allahın dininə öz anlayışına görə şəkil verə bilməz. Arzu etdiyi qəliblərə yerləşdirə bilməz. Dində sevgi də vardır, dözümlülük də vardır, Allahın Quran ayələri ilə müəyyən etmiş olduğu əmr və qadağalar da vardır. "Mən sadəcə Allahı sevirəm, bu da mənə yetər", anlayışında olmaq Quranda tərif edilən inanan profilinə uyğun deyildir. Heç şübhəsiz, inananlar Allaha sevgidə çox güclüdürlər.
İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165-ci ayə)

Ancaq Allahı çox sevən, ona könüldən təslim olan insan inancının gərəklərini yerinə yetirməsi lazım olduğunu da bilməli, şeytanın insanları ibadətdən uzaqlaşdırmaq üçün qurduğu tələlərə düşməməlidir. Özünü özündən pis vəziyyətdəki nümunələrlə müqayisə də insanın yenə özünü aldatmasından başqa bir şey deyildir.

Birini həqiqətən çox sevirsinizsə, bir düşünün bunu ifadə və isbat etmək üçün nələr edərsiniz? Sevginizi sadəcə quru sözlərdən ibarət edərsiniz? Sevdiyinizə qarşı maraqsız qala bilərsinizmi? Bilirsiniz ki, bu sizi də, sevdiyinizi də təmin etməz. Sevginizi göstərmək üçün müxtəlif jestlər edər, xüsusi günlərinizi xatırlayar və bu günlərinizə xüsusi hədiyyələr alaraq sevdiyinizi sevindirmək istəyərsiniz. Bəzən onu kədərləndirməmək üçün özünüzü unudar, bəzən də inciklik anlarında gecələri yuxusuz keçirərsiniz. Qısası sevdiyiniz üçün əmək və vaxt xərcləyərsiniz.

Bəs sevdiyi biri üçün edəməyəcəyi şey buraxmayan insan nə üçün həqiqi mənada sevilməyə layiq tək varlıq olan Rəbbi ilə arasına bu qədər məsafə qoyar? Məsələn, Ona olan sevgisini ifadə etmək üçün nə üçün vaxt ayırmaz, yaxud nə üçün bir gecə yuxusuz qalmaz Onun üçün? Necə sevgidir ki, bu hər şey qarşı tərəfdən gözlənilir? Allahı həqiqətən sevmək, Onun sevgi və qüdrətinə layiq bir qul  olmaqla Onun üçün nəfəs almaq, Onun üçün yaşamaq və yalnız Ona təslim olmaqla mümkün ola bilər. 

Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər. (Ənfal surəsi, 2-ci ayə)

O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər. (Həcc surəsi, 35-ci ayə)

Ayələrdən də göründüyü kimi inanan insanların Allahın ayələrinə də, Allaha olan ibadət vəzifələrinə də laqeyd qalmaları söz mövzusu deyil. Həqiqi sevgi, həqiqi təslimiyyət könüldən və səmimi bir şəkildə ifadə edilməsi ilə mümkündür. 

 

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

17 iyul 2015
GO BACK