Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-6

Dini mövzularda özünü aldatmağın 40 yolu-6

Dini mövzularda özünü aldatmağın 40 yolu-6

Çalışmaq da ibadətdir

"Çalışmaq da ibadətdir". Bir çox insanların ən çox sevdikləri və bir mənada dillərində şüar etdikləri bir cümlədir. Ancaq anlamaq olmur belə insanları. Bu necə bir ibadətdir ki, digər vacib ibadətləri göz ardı edir və bunda özünü haqlı çıxarır. Şübhəsiz insanın çalışması və halal yoldan qazanc əldə etməsi təbii bir şeydir. Ancaq çox insanın diqqətdən qaçırdığı bir nöqtə vardır ki, bu da çalışmaq da daxil dünya üçün görülən hər cür fəaliyyətin insan üçün məqsəd deyil, ancaq alət ola biləcəyidir. Siz işinizi və pul qazanma sevdanızı həyatınızın mərkəzinə yerləşdirir və ən böyük məqsəd halına gətirdiyinizdə zamanla pul sizin deyil, siz pulun köləsinə çevriləcəksiniz. Nədənsə insanların böyük bir qismi hər an ölə biləcəkləri həqiqətini göz ardı edərək heç ölməyəcəkmiş kimi bu dünya üçün çalışıb çapalayırlar. Günlük qovalama işlərində hər şeyə zaman tapır insan. Sosial şəbəkələrdə gəzir, e-maillərini oxuyur, kompüterində, telefonunda oyun oynayır, dostları ilə telefonla dəqiqələrcə danışır, bir şey almaq istəyirsə, saatlarca mağaza-mağaza dolaşır, amma iş ibadətə gəldiyində, nədənsə, vaxtı yetməz. Yerinə yetirməsi lazım olan qulluq vəzifələrindən sıyrılmaq üçün müxtəlif bəhanələrin ardına sığınır.  

Həm çalışıb, həm də ibadət etmək istəyənlərin başına gəlməyən qalmaz. Bir iş müraciəti zamanı sizinlə danışıqlar aparan şəxsə günün müəyyən vaxtlarında ibadətlə məşğul olcağınızı söylədikdə nə cür reaksiya ilə qarşılaşarsınız? Müsəlman bir ölkədə yaşasaq da, çox gözəl iş təcrübəniz olsa da, diqqətə alınmayacaqsınız. Ya da bir balaca dini həssaslığı olan şəxslərdən "Hamımız müsəlmanıq, Əlhəmdülillah, amma çalışmaq da ibadətdir", yaxud "İş zamanı namaz qıla bilməzsiniz, amma evə gedincə qəzalarını qılarsınız" şəklində yanlış təbliğə yol verirlər.  

Oxşar vəziyyəti özüm əsgərlikdə olarkən yaşadım. Olduğum bölüyün 100 metrliyində məscidin olmasına baxmayaraq biz əsgərlərə ora getmək qadağan edilmişdi. Bölük daxilində də ibadət etmək üçün yer müəyyən edilməmişdi. Otaqlarda nələrin edilməyəcəyinin maddələrlə yazıldığı plakatlarda namaz qılınmaması da yazılmışdı. Gedib bölük komandiri ilə danışdığımda aldığm cavaba da təəccüblənməmişdim. "Namazların qəzası var dinimizdə, əsgərlikdən sonra qılarsan!" Təklif də etmişdim üstəlik. "Dincəlmək üçün verilən dəqiqələrdə arzu edənin namaz qıla biləcəyini söyləyin yetər. Namazını qılacaq adam dincəlmək barədə düşünməz, namaza qaçar". Oxşarını iş yerlərində də etmək olar. Günorta vaxtı verilən yemək fasiləsində ibadətə zaman ayırmaq mümkündür. İnsanların dini vəzifələrini yerinə yetirməmək üçün tapacağı bəhanələrin sərhədi yoxdur. İnsan əldə etdiyi mala-mülkə özünü sahib sayır. Ancaq inananlar bilirlər; Yerdə və Göydə mülk və idarə yalnız Allahındır. 
O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar. (Nur surəsi, 37-ci ayə)

Şübhəsiz, həm özümüzün, həm də məsuliyyətimiz altında olan insanların ruzisini təmin etmək üçün halallıqla dünyəvi işlərdə də çalışmamız və hətta üzərimizə düşən işi ən layiqli şəkildə görmək lazımdır. Dini baxımdan bu nöqtədə bir sıxıntı yoxdur. Allah biz qullarına Quranda "(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!"(Şərh surəsi, 7-ci ayə), deyə nəsihət verməkdə və yenə qullarından bir qisminin Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacağını (Muzzəmmil surəsi, 20-ci ayə) bildiyi üçün onlara asanlıq gətirəcəyini ifadə etmişdir. Dolayısı ilə insanın alın təri ilə işləməsin halaldır. Ancaq heç bir iş və məşğuliyyət Allahın əmrlərinin qarşısına keçə bilməz. Həyatın məqsədi halına gətirilə bilməz. İbadətlərin yerinə yetirilməsi vacibliyini ortadan qaldırmaz. Müxtəlif bəhanələrin üzərinə örtük ola bilməz. İşlərin ən gözəli Allahı məmnun etmək üçün ediləndir. Özünə yaxşılıq etmək istəyirsə, insan bunu  bir an unutmamalıdır: Zaman daima ölümün lehinə işləyər. Dünya üçün topladığın yetər; bir az da axirətin üçün qazan!

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə surəsi, 24-cü ayə)

Dini vəzifələrini yerinə yetirməyə çalışan hətta müsəlmanlar tərəfindən yaradılmış camaat, vəqf, dərnək və ya bənzər təşkilatların bir hissəsi olaraq Allah rizası qazanmağı və dinə xidmət etməyi hədəfləyən insanların böyük çoxluğunun da zaman-zaman bu şəkildə bir qəflətə düşdükləri və görmək sitədikləri xeyirli işlər səbəbiylə qulluq vəzifələrini unutduqları, ya da dini həssaslıqla boşluq göstərmələri görülür. Şeytan da boş dayanmaz və "Sən onsuz da xeyirli bir iş görməyə çalışırsan, ona görə də yorulursan", şəklində vəsvəsələrlə insanın vicdanının rahatlamasına və yumşalmasına şərait yaradır. Qısaca dini mövzularda irəli sürülən bəhanələr sadəcə Allaha və dinə lazımi əhəmiyyəti verməyən insanlar tərəfindən deyil, Allaha və dinə əhəmiyyət verməyə inanan, yaxud bunun üçün çalışan insanlar tərəfindən də irəli sürülməkdədir. Şeytanın tələlərindən qorunmaq üçün davamlı Allaha sığınmaq, oyaq və diqqətli olmaq, nəfsimizə xoş gələn şeyləri imanımızın önünə bəhanə olaraq gətirməkdən çəkinmək lazımdır.

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

12 iyul 2015
GO BACK