Qadin.NET / Dini mövzularda özünü aldatmağın 40 yolu-5

Dini mövzularda özünü aldatmağın 40 yolu-5

 

Necə olsa, artıq bağışlanmayacağam.

Şeytanın insanı aldatma yollarından birinin Allahın rəhməti ilə aldatmaq olduğu ifadə edilmişdi. İnsanların bir qismi işlədikləri günah səbəbi ilə pis bir insan olduqlarına və artıq keçmişdə yaşamış olduqları həyatdan peşmanlıq hiss etsələr də bağışlanacaqlarının mümkün olmayacağına inanırlar. Bu yanılmaları isə həyatlarına eyni xətalarla davam etmələrinə səbəb olur. Səbəb olur, çünki "Onsuz da axirətimizi itirdik, barı bu dünyamızı yaşamağa davam edək", yanılmasına düşür insan. Yəni bir mənada şeytan insana Allahın rəhmətindən ümidini kəsdirir. Halbuki Quran ayələri deyir:

"(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" - (Zumər surəsi, 53-cü ayə)

Bəzi insanların səhvlərindən dönmək istədiklərini və Allaha yaxınlaşmaq üçün vəsilələr axtardıqlarını görürsünüz, amma bu mərhələdə şeytanın insanı tələyə salmaq cəhdləri meydana çıxar. "Allaha qarşı xətalarım çox olduğuna görə dua və ibadət etməyə üzüm yoxdur", "İradəmə təslim olduğum üçün səhvlərimdən vaz keçə bilmirəm" kimi fikirlərlə fərqində olmadan insan özünü Rəbbindən daha da uzaqlaşdırır. Bu da çox böyük bir yanlışlıqlırdır, aldanmadır. Səhv etmək qul vəzifələrini yerinə yetirməyə əngəl olmamalıdır. İnsan nə qədər səhv etsə də, qulluq vəzifələrindən əl çəkməməli, Allahla olan bağları qırmamalı, əksinə ibadət və duaları ilə səhvlərini düzəltməyə çalışmalıdır. İnsan Allahdan uzaqlaşdıqca daha çox xətalarda boğulacaqdır.

Şeytanın bir başqa tələsinə düşərək ətrafındakılar tərəfindən "Sən də namaza-niyaza başladın?", "Ağlın indi gəlib başına?", "Keçmişini biz bilirik" kimi cümlələrlə bəzi insanlar din yoluna gəlməkdən çəkinirlər. Çünki keçmişdəki səhvlərini qəbul etmək hər kəsin gücü deyil. Bəzən insana ən çox təsir edən şey arxasında buraxdığı illərin boş yerə yaşadığı gerçəyi ilə üzləşməsində olur. Hesab günündəki geri dönməsi mümkün olmayan üzləşmə və peşmanlıqdansa, indiki anda peşman olub gerçəklərlə üzləşmək və şeytanın bu tələsinə düşmədən təmiz bir qəlb ilə Allaha dönmək lazımdır.

Ayələrdən də görüldüyü kimi hər nə cür şəraitə insan düşübsə, Rəbbinə həqiqətən peşman olmuş qəlb ilə dönmüşsə, bağışlanılması üçün ümidli olması gərəklidir. İnsanın bu iki şey arasında tarazlıq qurması, Allahın heç bir əmrinə əməl etmədən Allah necə olsa, bağışlayar xətasına da, artıq necə olsa, bağışlanmayacağam xətasına da düşməməlidir. Amma bunun fərqində olmayan bir çox insan günahlara girdikcə vicdan əzabı da get-gedə yüngülləşərək zamanla aradan qalxır və insan günahlar içində boğulur. Bəzən də Allahdan uzaqlaşmasının və dünya həyatına bu cür bağlanmasının ortaya çıxardığı narazılıq çox ciddi ruh problemlərinə səbəb olur. İnsan özünü aldatmadan səhvlərindən vaz keçərək təmiz bir qəlb ilə Rəbbinə yönəlməlidir. İnsan üçün əfv və tövbə qapısı axıra qədər açıqdır.

Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, (bilin ki,) həqiqətən də, O, tövbə edənləri Bağışlayandır. (İsra surəsi, 25-ci ayə)

Bununla bərabər insan əvvəlcə özünə qarşı səmimi olmalıdır. "Necə olsa bağışlanmayacağam" deyən insan, məsələn bir sevdiyi insanın könlünü almaq və bağışlanmaq üçün əlindən gələn hər şeyi edər. Günlərcə özünü ifadə etməyə, əslində pis bir niyyəti olmadığına qarşısındakını inandırmağa çalışar. Halbuki mərhəmətlilərin ən mərhəmətlisi Allah yolunda bağışlanması üçün özünü yormaz, işin asanına qaçar. İnsan bilməlidir ki, bütün dünya ondan razı olsa da, Allah qulundan razı olmadıqca belə bir həyatın heç bir qiyməti yoxdur. İnsan Allahın rəhmətindən ümidini kəsməməli və könüldən bunu təkrar etməlidir: Ey Rəbbimiz! Günahlarımız boyumuzu aşsa da, aşamayacağı tək şey sənin rəhmətindir. Sən bizi mərhəmətinə bürü, rəhmətinlə sevindir.

“Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! (Nuh surəsi, 10-cu ayə)

Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"

Tərcümə: Ceylan Mumoğlu

28 aprel 2015
GO BACK