Qadin.NET / Nəzər muncuğu uşağı nəzərdən qoruyurmu?

Nəzər muncuğu uşağı nəzərdən qoruyurmu?

Nəzər muncuğu uşağı nəzərdən qoruyurmu?

   İslamdan əvvəlki dövrlərdə nəzər muncuğunda bir güc, qüvvə olduğunu düşünür, elə bu düşüncə ilə də bu muncuqları uşaqların qoluna, yaxasına taxırdılar ki, onlara göz dəyməsin. Halbuki bu nəzər muncuqları müxtəlif rəngli daşlardan(və ya müxtəlif rəngli maddələrdən) ibarətdirlər və hər hansı bir nəzərin qarşısını almırlar. Bəzən bu nəzər muncuğunun yanına dağdağan ağacından kəsilmiş 2-3 santimetrlik kiçik bir parça da əlavə edirlər. Nəzər muncuğunun faydasından bəhs edənlərin əksəriyyəti bu sahədən xeyir görən və ya qazanan adamlardır. Ümumiyyətlə, insan bilməlidir ki, başına gələnlər Allahdan gəlir. Bir də onu bilməlidir ki, öz gələcəyini öz iradəsi ilə seçir.

  Islam alimləri, nəzər muncuğunun, dağdağan ağacının insanı nəzərdən qoruduğuna inanmağı və elə bu inancla da onları uşaqların qoluna və ya yaxasına taxmağı İslama zidd hesab edir, üstəlik məsələnin Allaha şərik qoşmağa qədər uzana biləcəyini deyirlər. Tam qətiyyətlə deyə bilərik ki, uşaqların qoluna bağlanan və ya yaxasına taxılan nəzər muncuqları, dağdağan parçaları onları heç bir nəzərdən qorumur. Əgər siz, doğrudan da, uşağınızı nəzərdən qorumaq istəyirsinizsə, bunun üçün ən doğru yol Allaha sığınmaqdır. Məsələn, uşağınız qızdırsa, təxminən 1 qram ağırlığında kiçik qızıl lövhə düzəltdirin, üzərinə ərəb hərfləri ilə “Maşallah” yazdırın və qızınızın qoluna, yaxasına və ya çiyninə asın. Əgər uşağınız oğlandırsa, eyni sözü gümüş lövhədə yazdırın və oğlunuzun qoluna, yaxasına və ya çiyninə asın. Əmin olun ki, bu, həm sizin üçün, həm də uşağınız üçün daha xeyirlidir. Çünki “Maşallah” həm çox gözəl bir söz, həm də çox gözəl bir duadır. Uşağı verən Allahdır və Allah istəsə, bundan da gözəllərini, bundan da xeyirlilərini yaradar.

   Göründüyü kimi, bu bir sözdə həm Allaha itaət var, həm Allaha şükür var, həm də Allaha zikr var. Üstəlik, o lövhə o uşaq üçün ən gözəl uşaqlıq xatirəsidir. Yəni, o uşaq böyüyüb ailə quranda bu lövhəni ya uşağının çiyninə asa, ya da kiməsə hədiyyə verə bilər. Bir sözlə, xeyir ummaq lazımdırsa, Allahdan ummaq lazımdır. Yoxsa, ağacdan, şüşədən, metaldan xeyir ummaq doğru deyil.

Siz necə əziz xanımlar nəzərə inanırsınızmı? Uşağınızı nəzərdən qorumaq üçün nəyə üstünlük verirsiniz?

27 aprel 2011
GO BACK