Ardı:
152. Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır.
153. O zaman Peyğəmbər arxanızdan (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən düşməndən qaçırdınız. Allah da sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır.
154. Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: "Bu işdə bizim üçün bir xeyir varmı?"– deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: "Bütün işlər Allaha aiddir!" Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: "Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik"– deyirlər. De: "Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir".
155. Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir.
156. Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: "Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər"– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə belə etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür.
157. Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, bilin ki, Allahın günahınızdan keçməsi və sizə mərhəmət göstərməsi kafirlərin yığdıqları şeylərdən daha xeyirlidir.
158. Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna gətirilib cəm olunacaqsınız.
159. Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allahdan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.
160. Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!
161. Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra da hər kəsə əməllərinin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir.
162. Məgər Allahın razılığını qazanmaq üçün gedən kimsə, Allahın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir!
163. Onlar Allah dərgahında müxtəlif dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!
164. Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.
165. Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: "Bu, haradan gəldi?"– söylədiniz. De ki: "Bu, sizin özünüzdəndir!" Həqiqətən, Allah hər şeyə qadirdir.
166. Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın
167. və münafiqləri bəlli etsin. Onlara: "Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!"– deyildi. Onlar: "Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik"– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.
168. Evlərində oturub öz qardaşları barəsində: "Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər"– söyləyənlərə de: "Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!"
169. Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.
170. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər.
171. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər.
172. Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır.
173. Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!"– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər. O nə gözəl Qoruyandır!"– dedilər.
174. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir.
175. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
176. Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır.
177. Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları ağrılı-acılı bir əzab gözləyir.
178. Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.
179. Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər.
180. Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır.
181. "Allah kasıbdır, biz isə varlıyıq!"– deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: "Dadın yandırıb-yaxan Odun əzabını!
182. Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir".
183. Onlar dedilər: "Allah bizdən əhd almışdı ki, heç bir elçiyə, odun yandıracağı bir qurban gətirməyincə inanmayaq". De: "Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz qurbanla gəlmişdilər. Əgər doğru danışanlarsınızsa, onda nə üçün onları öldürürdünüz?"
184. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və nur saçan Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər.
185. Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
186. Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.
187. O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: "Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!"– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir!
188. Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır.
189. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir.
190. Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.
191. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
192. Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz.
193. Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə iman gətirin!"– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al!
194. Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!"
195. Rəbbi onlara belə cavab verdi: "Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır".
196. Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın!
197. Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!
198. Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Bu, Allahdan bir ziyafətdir. Allahın yanında olan nemətlər möminlər üçün daha xeyirlidir.
199. Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
200. Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!