İbadətdə ixlas sahibi olmaq çox qiymətlidir. "İxlas-ibadətin qəlbidir" -buyurub böyüklərimiz.
İnsanın cəsədindən ruhu çıxsa, insan ölmüş olur. Ölən bir insanı anamız, atamız, ailəmiz, uşaqlarımız da olsa, evimizdə ən çox bir gecə yatırırıq. Daha sonra dərhal aparıb torpağa tapşırırıq. Qoxusu çıxmasın deyə!
Baxın, içində ruh olmayan, ən sevdiyimiz biri də olsa, yanımızda saxlamırıq. Beləliklə, ibadətin ruhu da “İxlasdır”. Ruhsuz ibadət işə yaramır. İxlas Allah Təalanın Öz rizası üçün ibadət etməkdir. Bu da ancaq sevgi ilə mümkün ola. Sevən ixlasla ibadət edərkən, sevməyən ixlasla ibadət etmir.
Çünki ixlas şeytanın insanları azdırma cəhdini əngəlləyən bir mövqedir.İxlas sahibi bəndələr, heç bir işdə Allaha şərik qoşmurlar. Kitabı və peyğəmbəri inkar etmirlər. Pozğun yollara üz tutmurlar. Tövhid inancına zidd fikirlər bəsləmirlər. Buna görə də şeytanın hər cür hiyləsindən ancaq ixlas sahibi bəndələr xilas ola bilir.
İxlas sahibi qul, hər gördüyünü Cənabı Haqqın müqəddəs zatı üçün edər. Allah Öz sevgisi olduğu, ibadətə və sevilməyə layiq olduğu üçün edər. Necə ki, bizlər belə gözəl sifətdə olanları sevirik. Yaradılışdan istedadlı olanları bəyənirik. İstər futbolçu, istər bir səs sənətkarı, istəsə bir rəssam olsun. Gözəl xüsusiyyətlərə malik olanlar sevilir. İndi futbolçuları, aktyorları bir düşünün qalib gələndə necə sevinirlər, bayram edirlər. Nə üçün? Öz komandaları qazanmış olur. Halbuki, bu oynayanların hamısı insan deyilmi?
İnsanın belə bir gücü-qüvvəti var. İnsan nədir ki, Rabbül-aləminin gücünün, qüvvəsinin və səltənətinin böyüklüyünün yanında?
O istedadı, o gözəlliyi verən əsl qaynağı, bunları hər kəsə paylayanı sevmək lazım deyilmi? Demək ki, əsas sevilməsi lazım olan Rəbbül-Aləmindir. Bütün gözəl sifətlər Onundur. Bütün insanlarda gözəllik qırıntıları Onun xəzinəsindən gəlir.
Elə bizə də bütün qabiliyyətləri verən Rəbbül-Aləmindir. Mənbə orada, onun yanındadır. İndi biz əsas mənbənin sahibini istəməsək, olarmı? Əsl sevilməsi lazım olanı sevmək lazımdır. İxlas məhz budur.