Allah bir insanı şikəst yaradırsa, bu vəziyyəti ilə həm onu, həm də ətrafındakıları imtahana çəkir. Insan bilməlidir ki, onu yaradan Allahdır. Anadangəlmə şikəst yaratmasının da bir hikməti var: əgər sən səbir edəcəksənsə, axirətdə o şikəstliyinin mükafatını alacaqsan. Başqaları da gözü görməyən, qulağı eşitməyən, dili danışmayan, əli-ayağı tutmayan şikəstə baxıb başa düşməlidir ki, Allah istəsəydi, onları da elə yarada bilərdi. Yəni, bu mənzərədən hər kəsin özü üçün çıxaracağı bir nəticə var və o nəticə budur ki, dilimiz də, gözümüz də, qulağımız da, əlimiz də, ayağımız da, bütün üzvlərimiz də bizim yox, Allahın əmanətidir.
Unutmayaq ki, axirətdə bütün bədən üzvlərimiz bizə şahid olacaqlar. Unutmayaq ki, Allah bizə bədən üzvlərimizi hallalıq çərçivəsində istifadə etməyi buyurur. Əgər dilimiz qeybətlə, iftira ilə məşğuldursa, lal olmaq bundan yaxşıdır. Əgər gözümüz davamlı olaraq harama baxırsa, halal-haram seçmirsə, kor olmaq bundan daha yaxşıdır. Əgər əlimiz başqalarının haqqını talayırsa, harama uzanırsa, əlsiz olmaq bundan daha yaxşıdır...
Bəzən insan səbirsiz davranır, bu cür hallarla rastlaşanda taleyinə üsyan edir və zərərə uğrayır. Əgər o şikəstlik (istər anadangəlmə olsun, istər sonradan) aradan qaldırıla bilərsə, bunun üçün çalışmaq lazımdır. Sən ağlının və iradənin işığında çalışacaqsan, nəticəni isə Allahdan gözləyəcəksən. Qismət nə olacaqsa, onu da qəbul edəcəksən.
Bu məsələ bir növ şəhidlik məsələsinə bənzəyir: gənc yaşlı biri Haqq yolunda vuruşur və şəhid olur. Insanlar onun taleyinə acıyır, ardınca ağlayırlar. Ancaq illər keçdikcə hər kəs ölür və bir vaxt şəhidin ardınca ağlayanlar gerçəklərlə tanış olanda “Kaş ki, mən də şəhid olaydım” deyirlər.
Insanın anadan şikəst doğulması onun nə günahıdır, nə də cəzası. Burada bir hikmət var, o hikməti anlamaq və düzgün bir həyat tərzi ilə tələb olunanı yerinə yetirmək lazımdır...