Əqidəyə aid olan digər məsələlər
Müsəlmanların rəhbərləri və sıravi müsəlmanlar xüsusunda vacib olanlar, habelə onların camaatı ilə birgə olmaq
Muslim Əbu Ruqeyyə Təmim əd-Dəridən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Din nəsihətdir, din nəsihətdir, din nəsihətdir.” Biz soruşduq: “Kimin üçün, ya Rəsulullah?” Dedi: “Allaha, Onun rəsuluna, Onun Kitabına, müsəlmanların rəhbərlərinə və sıravi müsəlmanlara” ("Səhih Muslim", 55).
– Allaha nəsihət deyildikdə Allahın Tək ibadətə layiq olan məbud olduğunu qəbul etmək, Ona təzim etmək, Ondan qorxmaq, Ondan rica etmək, Onu sevmək, Onun əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək nəzərdə tutulur.
– Peyğəmbərə (s.a.s) nəsihət deyildikdə onun gətirdiyini təsdiq etmək, sünnəsinə tabe olmaq, onun yolunu tutub getmək, onu sevmək və Allaha yalnız onun buyurduğu tərzdə ibadət etmək nəzərdə tutulur.
– Müsəlmanların rəhbərlərinə nəsihət etmək deyildikdə onlar üçün dua etmək, onları sevmək, Allaha itaət çərçivəsində onlara itaət etmək nəzərdə tutulur.
– Sıravi müsəlmanlara nəsihət deyildikdə isə onları yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək, özümüz üçün dilədiyimiz kimi onlar üçün də xeyir diləmək, onlar üçün xeyir sərf etmək və bacardığımız qədər onlara yardım etmək nəzərdə tutulur.
Əmr sahibləri xüsusunda ümmətə vacib olanlar
Quran Sünnə və bu ümmətin sələflərinin rəyinə görə əmir zülm etsə belə, ona itaət etmək vacibdir. Yalnız asiliyi buyurduğu təqdirdə ona itaət etmək qadağandır. Çünki Xaliqə asi olaraq məxluqa itaət etmək olmaz. Bundan başqa əmirin arxasında namaz qılmaq, onunla birlikdə həcc və cihad etmək, ictihadi məsələlərdə ona itaət etmək də vacibdir. Belə ki, ictihadi məsələlərdə insanlar öz rəylərini tərk edib onun rəyinə tabe olmalıdırlar. Çünki camaatla birlikdə olub onlarla həmrəylik nümayiş etdirmək təfriqəyə varıb ayrıseçkiliyə yol verməkdən daha önəmlidir. Həmçinin, şəriətdə göstərilən qaydada onlara nəsihət etmək, onlarla münaqişə etməmək və onlara qarşı çıxmamaq da vacib olan məsələlərdəndir.
İmam Təhavi demişdir: “Rəhbərlərimiz və əmr sahiblərimiz zülm etsələr belə onlara qarşı çıxmaq, onlara bəd dua etmək, onların itaətindən boyun qaçırmaq olmaz. Bizim rəyimizə görə asiliyə əmr etmədikləri müddətdə onlara itaət etmək Allaha itaətdən sayılır və onlara islah və afiyət diləmək borcumuzdur”.
Bu xüsusda Quran və Sünnədə bir çox dəlillər vardır. Uca Allah buyurur: ”Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin” (ən-Nisa, 59). Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Mənə itaət edən Allaha itaət etmiş, mənə asilik edən isə Allaha asi olmuş olur. Rəhbərə itaət edən mənə itaət etmiş, rəhbərə asi olan isə mənə asi olmuş sayılır” ("Səhih əl-Buxari", 7137).
İbn Ömərdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Müsəlman asiliyə əmr olunmadığı müddətdə istəsə də, istəməsə də eşidib itaət etməlidir. Asiliyə əmr etdikdə isə eşidib itaət etmək olmaz” ("Səhih əl-Buxari", 7144).
Sünnəyə görə rəhbərə xəlvətdə nəsihət olunmalıdır. İbn Əbu Asim, İyad ibn Ğanəmdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Rəhbərə nəsihət etmək istəyən bunu gizlincə edərək ona yardımçı olsun. Rəhbər onun nəsihətini eşitsə, çox gözəl, eşitməsə, həmin şəxs üzərinə düşəni yerinə yetirmiş sayılır” (İbn Əbu Asim, "əs-Sünnə", 2/507).
Quran və Sünnədə olan bütün bu dəlillər rəhbərlərə və əmr sahiblərinə itaət etməyi əmr edir. Bunları qısa şəkildə belə qeyd etmək olar:
1. Asilik olmadığı təqdirdə hər bir halda onları eşidib itaət etmək vacibdir.
2. Nəsihəti qəbul etmədikləri təqdirdə əmr sahiblərinə qarşı çıxmamaq.
3. Rəhbərə nəsihət edərək şəriət buyurduğu formada ona hər hansı bir əməli inkar edən kəs günahdan azad olmuş sayılır.
4. Fitnə-fəsaddan və onlara aparan amillərdən uzaq olmaq.
5. Açıq-aşkar, yəni heç bir yozum qəbul etməyən küfr etmədiyi müddətdə əmr sahiblərinə qarşı çıxmamaq.
6. Dildə, əməldə və etiqadda Quran və Sünnəyə riayət edən müsəlman camaatı ilə birlikdə olmaq, onlarla dostluq etmək, onların birləşməsinə həris olmaq, onlardan ayrılmamaq.
Uca Allah buyurur: “Hər kəs özünə doğru yol bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir” (ən-Nisa, 115).
Peyğəmbər (s.a.s) demişdir: “Camaatla olun! Həqiqətən də, Allahın Əli camaatladır, müxalif olan isə Cəhənnəmə vasil olar” ("Sünən ət-Tirmizi", 2167; İbn Əbu Asim, "əs-Sünnə", 80).
İbn Abbasdan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Kim rəhbərində xoşagəlməz bir şey görsə səbir etsin, çünki camaatdan bir arşın uzaqlaşıb ölən kəs cahiliyyə ölümü ilə ölmüş olur” ("Səhih əl-Buxari", 7143).
Bütün bu dəlillər onu göstərir ki, camaatla olmaq, əmr sahiblərinə qarşı çıxmamaq lazımdır. Buna müxalif olanlar isə şiddətli əzaba düçar olacaqlar. Belə ki camaat rəhmət, təfriqə isə əzab deməkdir.
Quran və Sünnəyə sarılmağın vacibliyi və bunun vacibliyinə dair dəlillər
Uca Allah bu ümmətə Quran və Sünnə ətrafında birləşməyi, bə-rabər olmağı əmr etmiş, təfriqəyə varmağı isə nəhy edərək bunun həm dünya, həm də axirət üçün təhlükəli olduğunu bildirmişdir. Bunun üçün də hər bir halda, əsaslarda və fəri məsələlərdə Quranın hökmünə müraciət etməyi buyuraraq parçalanmaya aparan səbəblərdən uzaq olmağı əmr etmişdir.
Qurtuluşa çatmağın ən yaxın yolu Allahın Kitabına və Rəsulunun (s.a.s) Sünnəsinə sarılmaqdır. Çünki məhz bu iki amil müsəlman üçün alınmaz qala və möhkəm bir sipər sayılır. Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz” (Ali İmran, 103). Bu ayədə Rəbbimiz insanları Allahın ipindən yapışmağa əmr edir, Allahın ipi isə təfsirçilərin dedikləri kimi Onun əhdi və ya Qurani Kərimdir. Çünki Allahın müsəlmanlardan aldığı əhd Quran və Sünnəyə sarılmaqdır. Həmçinin, Uca Allah camaat halında olmağı əmr edib parçalanmağı da qadağan edir. Başqa bir ayədə Rəbbimiz buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin” (əl-Həşr, 7). Bu ayə həm zahiri, həm də batini bütün əsas və fəri məsələlərə şamil olunur. Allahın elçisinin gətirdiyi hər şeyi insanlar götürməli və ona müxalif olmamalıdırlar. Çünki Peyğəmbərin (s.a.s) sözünə riayət etmək Allahın əmrləri kimi vacibdir, başqasının sözünü onun sözündən öndə tutmaq yolverilməzdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Onun Elçisinə itaət edin, eşitdiyiniz halda ondan üz döndərməyin” (əl-Ənfal, 20). Bu ayədə Allah Öz qullarını Özünə və Peyğəmbərinə (s.a.s) itaət etməyə çağırır, kafirlərə və inadkarlara bənzəməyərək ona müxalif olmamağı əmr edir. Buna görə də ayədə: “ondan üz döndərməyin”–deyə bildirilir, yəni onun əmrlərini tərk etməyin. Uca Allah başqa bir ayədə buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (ən-Nisa, 59).
Hafiz İbn Kəsir demişdir: “Allaha itaət edin–yəni Onun Kitabına, elçisinə itaət edin–yəni Sünnəsinə tabe olun, aranızdakı əmr sahiblərinə itaət edin–yəni asilikdən başqa hər bir məsələdə onlara tabe olun. Belə ki Xaliqə qarşı asilikdə məxluqa tabe olunmaz. O, həmçinin buyurur: “Əgər bir şey haqqında mübahisə etsəniz... Allaha və Onun Elçisinə müraciət edin”. Mücahid demişdir: “Yəni Allahın kitabı və rəsulunun sünnəsi ilə”.
Allahın əmri ondan ibarətdir ki, istər üsul, istərsə də fəri məsələlərdə ixtilaf olduqda Quran və Sünnəyə qayıtmaq lazımdır. Uca Allah buyurur: “İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir” (əş-Şura, 10).
Kitab və Sünnənin buyurduğu və səhih olduğunu dediyi hər şey haqdır. Bu baxımdan Uca Allah buyurur: “...əgərvAllaha və axirət gününə iman gətirirsinizsə...”, yəni ixtilaf baş verdiyi zaman Quran və Sünnəyə qayıtmayan kəs Allaha və axirət gününə iman gətirmiş sayılmır. Uca Allahın: “bu daha yaxşı...”–sözündə Kitab və Sünnənin hökmü “nəticə etibarı ilə daha yaxşıdır”, yəni bunu edənin aqibəti daha yaxşı olacaqdır. Mücahid demişdir: yəni aqibət etibarı ilə bu daha yaxın mənadadır (İbn Kəsir, "Təfsir əl-Quran əl-Əzim").
Quranda Kitab və Sünnədən yapışmağa dair dəlillər çoxdur.
Sünnədən olan dəlillərə gəlincə: İmam Muslim Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allah sizdəki üç şeyə razı qalır, üç şeyə isə qəzəblənir: sizin yalnız Allaha ibadət edib Ona heç nəyi şərik qoşmamağınızdan, Allahın ipindən möhkəm yapışaraq parçalanmamağınızdan və rəhbərlərinizə nəsihət etməyinizdən razı qalır, üç şeyə isə–dedi-qoduya, çoxlu sual verməyə və malı israf etməyə qəzəblənir” ("Səhih Muslim", 1715).
Cabirdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Özümdən sonra sizə iki şeyi qoyub gedirəm ki, onlardan yapışsanız, əsla yolunuzu azmazsınız: Allahın Kitabı və mənim yolum” ("Muvatta Malik", 2/899).
Həmçinin, Peyğəmbər (s.a.s) demişdir: “Sizi aydın bir yol üzərində buraxıb gedirəm. O yolun gecəsi gündüz kimidir, həmin yoldan yalnız həlak olacaq kimsələr azarlar” ("Səhih İbn Macə", 1/6).
İrbad ibn Səriyədən rəvayət olunan hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Məndən sonra mənim və hidayət üzərində olan raşidi xəlifələrin yolu ilə gedin, bu yoldan arxa dişlərinizlə möhkəmcə yapışın” ("Müsnəd Əhməd", 4/127-129; "Sünən ət-Tirmizi", 7/438).
Peyğəmbərimiz (s.a.s) onun yoluna tabe olan kəslərə hər bir imanlı kəsin amalı olan Cənnəti verəcəyi ilə müjdələmişdir. Bu müjdə Əbu Hureyradan rəvayət olunan hədisdə bildirilir. Peyğəmbər (s.a.s) həmin hədisdə demişdir: “Qarşı çıxanlardan başqa bütün ümmətim Cənnətə girəcəkdir.” Soruşdular: “Ey Allahın rəsulu, qarşı çıxanlar kimlərdir?” O buyurdu: “Mənə tabe olanlar Cənnətə daxil olacaq, mənə asi olanlar isə qarşı çıxanlardır” ("Səhih əl-Buxari", 7280).
Sünnədən üz döndərmək isə dində yol verilən bidətlər və yeniliklər səbəbindən Peyğəmbərin (s.a.s) əmrinə müxalif olmaqdan daha böyükdür. Məlumdur ki, nicata çatan firqə Peyğəmbərin (s.a.s) və səhabələrinin yolunu camaat şəklində tutub gedənlərdir. Ubey ibn Kəb demişdir: “Sünnəni və yolu tutub gedin, çünki sünnə ilə gedərək Mərhəmətli Allahı xatırlayıb gözləri yaşaran hər kəsə Cəhənnəm odu toxunmaz. Sünnə və yol üzərində riayət etmək, onun üzərində ictihad və ixtilaf etməkdən daha əfzəldir”.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"