Qadin.NET / İmanın əsasları-32

İmanın əsasları-32

 

İmanın əsasları-32

 

Qəza və Qədərə iman

 Qəza və qədərin tərifi, dəlilləri və onlar arasındakı fərq

Lüğəti mənada ərəbcə "qəza" hökm, son qərar deməkdir. Şəri mənada isə bu, pak və Uca Allahın bu aləmdə yaratdığına, məhv etdiyinə və dəyişdirdiyinə verdiyi qərara deyilir. Qədər sözü isə lüğəti mənada ərəbcə "qədərə" felindən əmələ gəlmiş məsdərdir və bir şeyin miqdarını təyin etməyə deyilir. İstilahi mənada isə qədər, Uca Allahın Öz əzəli elmi sayəsində əzəldən məxluqatı üçün müəyyən etdiyi müqəddəratdır.

Alimlər qəza ilə qədər arasındakı fərqi belə izah etmişlər: qədər–bir şey baş verməmişdən öncə onun müqəddəratını təyin etməyə deyilir. İşi bitdikdən sonra isə ona qəza deyilir. Əbu Hatim qəza ilə qədərin arasındakı fərqi izah edib demişdir: “Qədər–dərzinin bir libası tikməmişdən öncə onu təxmin etməsinə deyilir. Onu dəqiqliklə ölçüb-biçib, tikib hazırladıqda bu artıq qəza sayılır. Beləliklə də qədər qəzadan öncə baş verir. İbn Əsir demişdir: “Qəza və qədər bir-biri ilə sıx bağlılığı olan, ayrılmaz iki məfhumdur. Qədər bir binanın özülü kimidir, qəza isə binanın özü kimidir. Bu iki şeyi bir birindən ayıran binanı tarimar etmiş olar.”

Qəza və qədər kəlimələri yanaşı işləndikdə fərqli mənada, ayrı- ayrılıqda işləndikdə isə eyni mənanı ifadə edirlər. Bunu da bəzi alim- lər bildirmişlər.

Qədəri isbat edən dəlillər 

Qədərə iman gətirmək imanın əsaslarından biridir və bunu Quran və Sünnədəki dəlillər sübuta yetirir.

Qurandan Uca Allahın bu ayələrini dəlil göstərmək olar: “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq” (Qəmər, 49). O, həmçinin buyurur: “Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür” (əl- Əhzab, 38). O həmçinin buyurur: “O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir” (əl-Furqan, 2).

Sünnədə də qədər barədə çoxlu hədislər vardır. Həmin hədis- lərdən biri məşhur Cəbrail hədisidir ki, bu hədisdə o, Peyğəmbərdən (s.a.s) iman rüknləri barədə soruşmuş və Peyğəmbər (s.a.s): “Qədərin xeyir və şərinə iman gətirməkdi”–deyə cavab vermişdir. Həmin hədisi tam formada mələklərə iman fəslində qeyd etmişik.

Muslim "Səhih" əsərində Abdullah ibn Amr ibn əl-Asdan (r.a) Peyğəmbəri(s.a.s) belə dediyini rəvayət edir: “Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl məxluqatın müqəddəratını yazmışdır. O zaman Onun Ərşi suyun üzərində idi” ("Səhih Muslim", 2653).

Qədərə iman məsələsində səhabələr və onlardan sonrakılar yekdil rəydə olmuşlar. Muslim "Səhih" əsərində Tavusun belə dediyini rəvayət etmişdir: “Mən Rəsulullahın (s.a.s) səhabələrindən bəzilərini gördüm, onların hamısı hər bir şeyin qədərə uyğun baş verdiyini xəbər vermişlər.” Həmçinin, Abdullah ibn Ömərin (r.a) belə dediyini eşitmişəm: “Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “Hər bir şey, hətta acizlik və fəallıq (yaxud fəallıq və acizlik) belə qədərlə bağlıdır.” İmam Nəvəvi demişdir: “Quran və Sünnədə varid olmuş tutarlı dəlillər, habelə səhabələrin icması və bir də sələf və xələf alimlərinin yekdil rəyi subut edir ki, pak və Uca Allah (əzəldən) hər bir şeyin müqəddəratını yazmışdır”.

 

İmanın əsasları-32

 

 

Qədərin mərtəbələri

Dəlilrdən aydın olur ki, qədərin dörd mərtəbəsi vardır. Bunu alimlər də təsdiqləmişlər. Həmin mərtəbələr aşağıdakılardır:

Birinci mərtəbə: Allah bütün mövcud olan və olmayan, mümkün olan və olmayan hər bir şeyi əhatəli şəkildə bilir. Nə olub, nə olacaq, nə olmayıb və əgər olsaydı, nə cür olacağını yalnız Allah bilir. Buna da Uca Allahın bu ayəsi dəlildir: “Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz” (ət-Taləq, 12).

Buxari və Muslimin "Səhih" əsərlərində İbn Abbasın (r.a) belə dediyi rəvayət olunur: “Peyğəmbərdən (s.a.s) müşrikrin uşaqları haqqında soruşdular. O buyurdu: “Allah onları yaratdığı zaman onların nə əməllər edəcəklərini yaxşı bilir” ("Səhih əl-Buxari", 1384; "Səhih Muslim", 2659).

İkinci mərtəbə: Allahın Qiyamət gününədək olacaq hər bir şeyi yazmasıdır. Uca Allah buyurur: “Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda mövcuddur. Şübhə- siz ki, bu, Allah üçün asandır” (əl-Həcc, 70). O, həmçinin buyurur: “Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq” (Yasin, 12). Sünnədən isə bir az əvvəl Abdullah ibn Amr ibn əl-Asdan, müqəddəratın yerlə göy yaranmamışdan əlli min il əvvəl yazılması hədisini dəlil göstərmək olar.

Üçüncü mərtəbə: hər şeyin istəklə bağlı olması, yəni Allah istədiyi şey olur, istəmədiyi isə olmur. Uca Allah buyurur: “Bir şeyi yaratmaq istədikdə ona ancaq: “Ol!” deyər, o da olar” (Yasin, 82). O həmçinin buyurur: “Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!” (ət-Təkvir, 29). Buxari və Muslim, Əbu Hureyradan (r.a) Peyğəmbəri(s.a.s) belə dediyini rəvayət etmişlər: “Sizn heç kəs deməsin ki: “Allahım, əgər istəyirsənsə, məni bağışla! Allahım, əgər istəyirsənsə, mənə rəhm et!” Qoy hər kəs qətiyyətlə dua etsin. Çünki Allah istədiyini edir və heç kəs Onu nəyəsə vadar edə bilməz” ("Səhih əl-Buxari", 6339; "Səhih Muslim", 2679).

Dördüncü mərtəbə: Allahın hər bir şeyi yoxdan yaratmağa qadir olması. Belə ki, hər bir iş görəni və onun gördüyü işi, hər bir hərəkət edəni və onun hərəkətini, habelə hər bir hərəkətsiz duranı və onun hərəkətsizliyini yaradan məhz pak və müqəddəs Allahdır. Uca Allah buyurur: “Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır” (əs-Saffət, 96). Buxarinin "Səhih" əsərində İmran ibn Husayndan (r.a) Peyğəmbəri(s.a.s) belə dediyi rəvayət olunur: “Allah var idi və Ondan başqa heç bir şey yox idi. Onun Ərşi suyun üzərində idi. Allah Kitabda (olacaq) hər şeyi yazdı. (Sonra) göyləri və yeri yaratdı” ("Səhih əl-Buxari", 3191).

Qədərə tam iman gətirmək üçün bu mərtəbələrin hamısına iman gətirmək vacibdir. Bunlardan birini inkar edən kəs qədərə iman gətirmiş sayılmır. Daha doğrusunu isə Allah bilir.

Qədərə iman gətirməyin faydaları

Qədərə iman gətirməkdə möminin həyatı üçün böyük faydalar vardır.

1. Bir işi gördükdə Allaha arxayın olmaq, belə ki, səbəbləri də, onun nəticələrini də yaradan Allahdır.

2. Hər bir şeyin Allahın qəza və qədəri ilə olmasını başa düşdükdə möminin canı rahat və qəlbi arxayın olur.

3. İnsan istəyinə nail olduqda lovğalanmamalıdır, çünki bu naliyyət Allahın istəyi sayəsində olmuşdur. Sadəcə olaraq Allaha şükür edib lovğalıqdan uzaq durmaq lazımdır.

4. Bir iş alınmadıqda qəmgin olmaq lazım deyil. Çünki bu da Allahın qədəridir və buna səbir etmək gərəkdir.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

13 mart 2015
GO BACK