Qadin.NET / İmanın əsasları-31

İmanın əsasları-31

 

İmanın əsasları-31

 

Ardı...

Beşinci məsələ: Tərəzi, onun vəsfi və buna dair dəlilləri

Axirətə imanla bağlı digər bir məsələ də tərəzinin qoyulacağına iman gətirməkdir. Burada bir dili və iki gözü olan həqiqi tərəzi zərdə tutulur. Həmin tərəzidə insanların əməlləri çəkiləcək, zərrə qədər yaxşı və pis işləri hesaba alınacaqdı. Tərəzi haqda Quran və Sünnədə bir çox dəlillər vardır.

Uca Allah buyurur: “Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir” (əl-Ənbiya, 47). O, həmçinin buyurur: “O gün kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, məskəni Haviyə olacaqdır” (əl-Qariə, 6-9).

Buxari və Muslim Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Mərhəmətli Allaha sevimli, tələffüzü asan və tərəzidə ağır gələn iki kəlmə vardır ki, bunlar: “Sübhanəllahi və bihəmdihi, subhanəllahil-əzim!” (Tərcüməsi: Allah pak və müqəddəsdir! Allaha həmd olsun! Böyük Allah pak və müqəddəsdir!) (kəlmələridir)” ("Səhih əl-Buxari", 7563; "Səhih Muslim", 2694). İmam Əhməd, əl-Hakim və başqaları İbn Məsuddan rəvayət etmişlər ki, bir dəfə o Ərak ağacına çıxmışdı. Onun baldırları çox nazik idi. Külək onun paltarını yellədikdə insanlar gülməyə başladılar. Peyğəmbər (s.a.s) dedi: “Nəyə gülürsünüz?” Dedilər: “Onun ayaqlarının nazikliyinə gülürük, ey Allahın peyğəmbəri!” Peyğəmbər (s.a.s) dedi: “Canım əlində olan Allaha and olsun ki, onun ayaqları tərəzidə Uhuddan ağır gələcəkdir” ("Müsnəd Əhməd", 1/420-421; "Müstədrək əl-Hakim", 3/317). Hədisi Hakim səhih saymış, Zəhəbi də onun bu fikri ilə razılaşmışdır.

Dəlilrdə xəbər verilir ki, tərəzidə üç şey ölçüləcəkdir:

1. Əməllər: Onlar tərəzidə cisim formasında olacaqlar. Yuxarıda Əbu Hureyradan (r.a) nəql etdiyimiz: "İki kəlmə vardır ki..." hədisi buna dəlildir.

2. Əməl səhifələri: Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demdir: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstərilə- cək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra qüdrətli və qüvvətli Allah buyuracaq: “Bunlardan birini inkar edə bilərsənmi? Əməlləri yazan gözətçi mələklərim sənə zülm ediblərmi?” Adam: “Xeyr, ya Rəbb!”–deyə cavab verəcək. Allah buyuracaq: “Sənin üzrün və ya savabın varmı?” Adam qorxu içində: “Xeyr, ya Rəbb!”–deyə cavab verəcək. Allah buyuracaq: “Əksinə, dərgahımızda sənin üçün bir savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək.” Bu vaxt onun qarşısına içində “Əşhədu ən lə iləhə illəllah və ənnə Muhəmmədən rəsulullah” yazılmış bir kağız parçası qoyulacaq. Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq. Əslində heç bir şey içində Mərhəmətli və Rəhmli Allahın Adı olan şeydən ağır gələ bilməz” ("Müsnəd Əhməd", 2/213; "Sünən ət-Tirmizi", 2639).

3. Əməl sahibinin özü: Uca Allah bu barədə buyurur: “Odur ki, Qiyamət günü Biz onlar üçün tərəzi qurmayacağıq” (əl-Kəhf, 105).

Həmçinin, dəlil olaraq qeyd etdiyimiz Abdullah ibn Məsuddan rəvayət olunan hədisi də göstərmək olar. Həmin hədisdə onun ayaqlarının tərəzidə Uhuddan daha ağır olduğu bildirilir.

Altıncı məsələ: Şəfaət, onun tərifi, növləri və dəlilləri

Şəfaət sözü lüğəti mənada tələb və vasitə mənasındadır. İnsanlar arasında isə şəfaət, başqası üçün xeyirli bir şey istəməyə deyilir.

Allah yanında olunan şəfaət isə, Ondan başqasının günahlarını əfv etməsini diləməyə deyilir.

Bu şəfaətin məğzi ondan ibarətdir ki, Qiyamət günü Uca Allah bəzi əməlisaleh bəndələrinə-mələklərə, peyğəmbərlərə və möminlərə izn verəcək ki, tövhid əhlindən olan bəzi günahkarlar üçün Onun yanında şəfaət diləsinlər. Bununla da Allah şəfaət diləyənlərin üstünlüyünü göstərmiş, şəfaət dilənilənə isə mərhəmət etmiş olacaq. Allah yanında şəfaət diləmək yalnız iki şərtlə qəbul olur.

Birinci, Uca Allahın şəfaətçiyə şəfaətçilik etməsi üçün izn verməsi: Uca Allah buyurur: “Allahın izni olmadan Onun yanında kim havadarlıq edə bilər?” (əl-Bəqərə, 255). O, həmçinin buyurur: “Onun qarşısında, izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz” (Səba, 23).

İkinci: Allahın şəfaət edən şəxsdən razı qalması: Uca Allah bu xüsusda buyurur: “Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir” (əl-Ənbiya, 28).

Dəlilrdə göstərilir ki, Uca Allah şəfaəti yalnız tövhid əhlindən qəbul edər. Muslimin "Səhih" əsərində Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Hər bir peyğəmbərin qəbul edilmiş duası olmuşdur ki, o (artıq) bu dua ilə Allaha müraciət etmişdir. Mən isə öz duamı axirətdə ümmətimə şəfaət etmək üçün saxlamışam. Bu da in şə Allah ümmətimdən Allaha şərik qoşmadığı halda dünyadan köçmüş kimsələrə nəsib olacaqdır.”("Səhih Muslim", 199)

Uca Allah kafirlər barəsində buyurur: “Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz” (əl-Müddəssir, 48).

Quran və Sünnədə Qiyamət günü Allah yanında şəfaətin olacağına dair bir çox dəlillər vardır. Quranda bu barədə varid olan bəzi dəlilləri qeyd etdik. Sünnədə isə şəfaət barədə hədislər çoxdur. Əbu Səid əl-Xudri Peyğəmbərin r belə dediyini rəvayət etmişdir: “... Bundan sonra İzzətli və Qüdrətli Allah: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. (Şəfaət etməyən) bircə rəhmlilərin Rəhmlisi qaldı”–deyə buyuracaq, sonra da heç vaxt yaxşılıq etməmiş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq” ("Müsnəd Əhməd", 3/94; "Müsənnəf Əbdür-Rəzzaq", 20857).

Şəfaət barədə hədislər çoxdur. Alimlər öz kitablarında bu hədislərin məşhur və mutəvatir dərəcələrinə çatdığını bildirmişlər. Buxari və Muslimin "Səhih" əsərlərində belə bir hədis də vardır: “Qəlbində xardal dənəciyi qədər olsa belə imanı olan kəs Cəhənnəm odundan çıxacaqdır” ("Səhih əl-Buxari", 7439; "Səhih Muslim", 184).

 

İmanın əsasları-31

 

 

Şəfaətin növləri

Şəfaət qəbul olunub-olunmamaq baxımından iki qismə bölünür:

Rədd olunan növ: Bu, yuxarıda qeyd etdiyimiz şəfaətə aid şərtrdən birini özündə ehtiva etməyən növlərə deyilir.

Məqbul olunan növ: Bura da özündə həmin şərtləri cəm edən şəfaət aiddir.

Peyğəmbərimizə (s.a.s) bu şəfaətin səkkiz növü verilmişdir:

1. Ən böyük şəfaət: Bu, Allahın insanlar arasında hökm verməsi üçün Peyğəmbərimizin (s.a.s) tərifəlayiq məqamda insanlara edəcəyi şəfaətdir ki, bunu da Allah başqa bir peyğəmbərə yox, məhz peyğəmbərimiz Muhəmmədə (s.a.s) bəxş etmişdir.

2. Savabları ilə günahları eyni səviyyədə olan kimsələr üçün edəcəyi şəfaət: Onlar bu şəfaətin sayəsində Cənnətə girəcəklər.

3. Cəhənnəmə layiq olan kimsələrin ora düşməmələri üçün edəcəyi şəfaət.

4. Cənnət əhlinin Cənnətdəki dərəcələrinin yüksəlməsi üçün edəcəyi şəfaət.

5. Bəzi insanların Cənnətə haqq-hesabsız girmələri üçün edəcəyi şəfaət.

6. Şiddətli əzaba layiq olan kəslərin əzabının yüngülləşdirilməsi üçün edəcəyi şəfaət: Peyğəmbərin (s.a.s) əmisi Əbu Talib üçün edəcəyi

şəfaət bu növə aiddir.

7. Cənnət əhlinin Cənnətə girmələrinə izin verilməsi üçün edəcəyi şəfaət.

8. Ümmətindən Cəhənnəmə daxil olmuş böyük günah sahiblərinin oradan çıxmaları üçün edəcəyi şəfaət.

Bütün bu növlərə səhih Sünnədə ayrı-ayrı dəlillər vardır. Bu növlərdən bəziləri, o cümlədən ən böyük şəfaət, habelə əmisi Əbu Talib üçün edəcəyi şəfaət və Cənnət əhlinin Cənnətə daxil olmaları üçün edəcəyi şəfaət yalnız Peyğəmbərimizə (s.a.s) xasdır. Böyük günah sahiblərinə ediləcək şəfaət və digər şəfaətlər isə onunla yanaşı digər peyğəmbərlərə və əməlisaleh insanlara da veriləcəkdir. Bunun bəzi növlərinin kimlərə xas olması barədə elm əhli müxtəlif fikirlər irəli sürmüşlər. Daha doğrusunu isə Allah bilir.

Yeddinci məsələ: Sirat, onun vəsfi və buna dair dəlilləri

Sirat sözünün lüğəti mənası aydın yoldur. İstilahi mənada isə "sirat" Cəhənnəmin üzərində qurulacaq körpüdür ki, əvvəlincilərdən axırıncılaradək (bütün insanlar) onun üzərindən keçəcəklər. Həmçinin, məhşərdəki (cənnətliklər) onun üzərindən keçib Cənnətə daxil olacaqlar. Quran və Sünnədə bu körpünün həqiqət olduğuna dair çoxlu dəlillər vardır.

Uca Allah buyurur: “İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik” (Məryəm, 71-72). Əksər təfsir alimləri burada, Cəhənnəmə varid olacaq deyildikdə Siratın üstündən keçmək nəzərdə tutulduğunu bildirmişlər. Bu, İbn Abbas, İbn Məsud və Kəb əl-Əhbardan nəql olunmuşdur.

Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Səid əl-Xudridən (r.a) Allahı görmək və şəfaət barəsində rəvayət olunmuş  uzun hədisdə Peyğəmbər (s.a.s) demişdir: “...Bundan sonra Körpü gətiriləcək və Cəhənnəmin üzərində qurulacaqdır.” Soruşduq: “Yə Rəsulullah! O nə körpüdür elə?” Dedi: “Sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar vardır. Bunlar Nəcddə bitən, üstü tikanla dolu, sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən–kimisi bir göz qırpımında, kimisi şimşək tək, kimisi külək kimi, kimisi də ən bərk qaçan cins at və ya adi bir atlı kimi sürətlə həmin körpünün üstündən keçəcək. Kimisi sağ-salamat qurtulacaq. Kimisi tikanlara ilişib didik-didik ediləcək, lakin axırda xilas olacaq. Bəziləri də Cəhənnəm odunda qalaqlanacaqlar. Lap axırıncılar isə o Körpünün üstündən sürünə-sürünə keçəcəklər” ("Səhih əl-Buxari", 7439; "Səhih Muslim", 183).

Siratı vəsf edən bir çox dəlillər vardır. Onların məzmunu ondan ibarətdir ki, sirat tükdən nazik, qılıncdan iti və həm də sürüşkəndir. Allahın sabitqədəm etdiklərindən başqa heç kəs onun üzərində dura bilməyəcək, zülmətdə insanlara onların imanlarına görə nur saçılacaq və az öncə qeyd etdiyimiz hədisdə göstərildiyi kimi, imanlarına görə onun üzərindən keçəcəklər.

 

İmanın əsasları-31

 

Səkkizinci məsələ: Cənnət və Cəhənnəm, onların vəsfi, onlara iman gətirməyin necəliyi və buna dair dəlillər

İman gətirilməsi vacib olan məsələlərdən biri də Cənnət və hənnəmə iman gətirməkdir.

Cənnətə gəlincə bu, itaətkar möminlər üçün mükafat olaraq hazırlanmış bir yeridir. O, yeddinci səmada, Sidratul-Muntəhanın yanında yerləşir. Uca Allah buyurur: “Onu bir daha öz sürətində enərkən gördü–son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır” (ən-Nəcm, 13-15).

Cənnətdə yüz mərtəbə vardır ki, bunların hər birinin arasındakı məsafə yerlə göy arasında olan məsafəyə bərabərdir. Buxarinin "Səhih" əsərində, Əbu Hureyradan (r.a) Peyğəmbəri(s.a.s) belə dediyi rəvayət olunur: “Cənnətdə yüz mərtəbə vardır ki, Allah onları Allah yolunda cihad edənlər üçün hazırlamışdır və hər iki mərtəbə arasındakı məsafə yerlə göy arasındakı məsafə qədərdir” ("Səhih əl-Buxari", 2790). Cənnətin ən yüksək yeri Uca Firdovsdur. Onun üzərində Ərş yerləşir. Cənnətin çayları da öz mənbəsini Firdovsdan götürür. Əbu Hureyradan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Allahdan dilədikdə Firdovs Cənnətini istəyin, o Cənnətin ortası və ən uca yeridir. Onun üzərində ər-Rəhmanın Ərşi yerləşir, Cənnətin çayları da öz mənbələrini oradan götürürlər”. Həmçinin, Cənnətin səkkiz qapısı vardır. Buxarinin "Səhih" əsərində Səhl ibn Səddən (r.a) Peyğəmbəri(s.a.s) belə dediyi rəvayət olunur: “Cənnətin səkkiz qapısı vardır. Onun Rəyyan adlı bir qapısı vardır ki, oradan yalnız oruc tutanlar daxil olar” ("Səhih əl-Buxari", 3257).

Allah Cənnətdə insanlar üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç kimin ağlına belə gəlməyən saysız nemətlər hazırlamışdır.

hənnəmə gəlincə, bu, Allahın kafirlər, müşriklər, etiqadlarında nifaq olan münafiqlər və günahlarının müqabilində cəzaya məhkum olmuş günahkar tövhid əhli üçün hazırladığı dönüş yeridir. Sonra isə həmin tövhid əhli Oddan çıxıb Cənnətə daxil olacaqdır. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayar” (ən-Nisa, 48). İbn Abbasdan nəql edilmiş rəvayət əsasən Cəhənnəm yerin yeddinci qatında yerləşir və Cəhənnəmin bir-birindən aşağı təbəqələri vardır. Abdur-Rəhman ibn Əsləm demişdir: “Cənnətin mərtəbələri yuxarıya doğru, Cəhənnəmin təbəqələri isə aşağıya doğru uzanır. Cəhənnəmin ən alt təbəqəsi münafiqlərin yeridir. Uca Allah buyurur: “Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən” (ən-Nisa, 145). Və Cəhənnəmin yeddi qapısı vardır. Uca Allah buyurur: “Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur” (əl-Hicr, 44). Dünya həyatındakı od, Cəhənnəm odunun yetmişdə biridir. Buxari və Muslim Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Sizin istifadə etdiyiniz od Cəhənnəm odunun yetmiş hissəsindən biridir” ("Səhih əl-Buxari", 3265; "Səhih Muslim", 871).

Cənnət və Cəhənnəmə iman gətirməyin üç şərti:

Birinci: Onların hər ikisinin varlığına, Cənnətin müttəqilər, Cəhənnəmin isə kafir və münafiqlər üçün hazırlandığına etiqad etmək: Uca Allah buyurur: “Şübhəsiz ki, ayələrimizi inkar edənləri od-da yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik” (ən-Nisa, 56-57).

İkinci: Onların hal-hazırda mövcud olmalarına etiqad etmək: Uca Allah buyurur: “müttəqilər üçün hazırlanmışdır” (Ali İmran,

133). Cəhənnəm barədə isə belə buyurur: “Kafirlər üçün hazırlanşdır(əl-Bəqərə, 24).

Buxari və Muslimin "Səhih" əsərlərində İmran ibn Husayndan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Mən Cənnətə baxdım və onun sakinlərinin əksəriyyətinin kasıblar olduğunu gördüm. Həmçinin, Cəhənnəmə baxdım və onun sakinlərinin əksəriyyətinin qadınlar olduğunu gördüm” ("Səhih əl-Buxari", 3241; "Səhih Muslim", 2738).

Üçün: Onların hər ikisinin əbədi olaraq qalacaqlarına və içindəkilərlə birlikdə əsla fəna olmayacaqlarına etiqad etmək: Uca Allah Cənnət barəsində buyurur: “Onlar orada əbədi qalacaqlar, bu böyük bir uğurdur” (ən-Nisa, 13). Cəhənnəm barədə isə belə buyurur: “Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır” (əl-Cin, 23).

Burada asilik deyildikdə küfr nəzərdə tutulur və onların Cəhənnəmdə əbədi qalacaqları bildirilir. Qurtubi demişdir: “Burada əbədi sözünün işlənməsi asiliyin şirk olduğunu bildirir” ("Təfsir əl-Qurtubi", 19/27; "Fəth əl-Qədir", 5/307). Buxari və Muslim, Abdullah ibn Ömərdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allah cənnətlikləri Cənnətə, cəhənnəmlikləri də Cəhənnəmə daxil etdikdən sonra, carçı onları çağırıb deyəcək: “Ey Cənnət əhli, artıq ölüm yoxdur! Ey Cəhənnəm əhli, artıq ölüm yoxdur! Hər kəs indi olduğu yerdə əbədi qalacaqdır.”("Səhih əl-Buxari", 6544; "Səhih Muslim", 2850)

Axirət gününə iman gətirməyin səmərəsi

Axirətə iman gətirməyin möminin həyatında böyük faydaları vardır. Onlardan ən önəmli olanları bunlardır:

1. Həmin gün savaba nail olmaq üçün Allaha itaət etməyə can etmək, həmçinin, o gün günahlara görə cəzalandırılmaqdan qorxaraq günahlardan çəkinmək.

2. Möminin axirət savabını və nemətlərini dilədiyinə görə dünya həyatında əldə edə bilmədiyi nemətlərə görə narahat olmaması.

3. Allahın ədalətli olmasını dərk etmək, çünki hər kəs etdiyi əməllərinin əvəzini alacaqdır.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

12 mart 2015
GO BACK