Ölümdən sonra dirilməyə iman
Ölümdən sonra dirilməyə iman gətirmək dinimizin ən əzəmətli əsaslarındandır. Bu şərt özündə bir sıra önəmli məsələləri birləşdirir. Bunların araşdırarkən axirətə iman gətirməyin məğzini və vacibliyini, habelə ona aid hadisələrlə bağlı bəzi məsələlərə toxunacağıq ki, hər bir möminin buna iman gətirməsi vacibdir.
Birinci məsələ: Ölümdən sonra dirilmə və onun məğzi
Ərəb dilindəki “bəs” sözü iki mənada olur: Birincisi, göndərmək mənasıdır. Uca Allah buyurur: “Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyanlarına elçi göndərdik” (əl-Əraf, 103). İkincisi, diriltmək, təhrik etmək. Ölülərin dirildilərək qəbirlərindən çıxarılması da bu qəbildəndir. Uca Allah buyurur: ”Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükr edəsiniz” (əl-Bəqərə, 56).
İstilahi mənada da isə bu kəlimə Uca Allahın ölüləri dirildib qəbirlərindən çıxarmasına deyilir.
Bunun mənası budur ki, Allah Öz qüdrəti ilə çürümüş cəsədlərə yenidən həyat verərək onları dirildib əvvəlki halına salacaq və ruhları bədənlərə qaytaracaqdır. Daha sonra isə haqq-hesaba çəkilsinlər deyə onları məhşərə aparacaqdır. Uca Allah buyurur: “O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir” (Ya sin, 78-79).
Hüzeyfə (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə (belə bir) vəsiyyət etdi: “Mən öldükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümüyümü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun.” Onlar onun vəsiyyətini yerinə yetirdilər. Lakin Allah onu əvvəlki görkəminə qaytardı və ondan: “Nə üçün belə etdin?”–deyə soruşdu. O: “Səndən qorxduğum üçün!”–deyə cavab verdi. Allah da onu bağışladı” ("Səhih əl-Buxari", 3479).
Bu kimi hədislər sübutdur ki, Uca Allah bədənləri yenidən xəlq edərək dirildəcək və ruhları onlara qaytaracaqdır. Şübhəsiz ki, bu Onun üçün çox asandır və O, hər şeyə qadirdir.
Sünnədə dirilmənin necə olacağı da göstərilir və bildirilir ki, Uca Allah yerə su endirəcək və ot bitdiyi kimi insanlar da qəbirlərindən çıxacaqlar. Buxari və Muslimin Əbu Hureyradan (r.a) rəvayət etdikləri hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Surun birinci üfürülməsindən ikinci üfürülməsinədək qırx keçəcək.” Bəziləri (Əbu Hureyradan): “Qırx gün?”–deyə soruşdular. O cavab vermədi. “Qırx ay?”–deyə soruşdular. Yenə cavab vermədi. “Qırx il?”–deyə soruşdular. Yenə cavab vermədi. Sonra o dedi: “İnsan (öldükdən sonra), onun bütün cəsədi çürüyür. Yalnız büzdüm (onurğanın qurtaracağını təşkil edən sümük) sümüyündən başqa. Qiyamət günü yaradılış məhz ondan başlayacaqdır” ("Səhih əl-Buxari", 4935; "Səhih Muslim", 2955).
Bu hədis dirilmənin necə olacağını göstərir və bildirir ki, insanları öldürən birinci surla ikinci dirilmə suru arasında qırx vardır. Ravi qırx gün, ay və ya il deməmişdir. Lakin bəzi rəvayətlərdə zamanın qırx il olduğu bildirilir. Sonra Allah göydən yağmur endirərək insanları dirildəcək. Bəzi rəvayətlərdə həmin suyun insan mənisinə bənzədiyi də bildirilir. İnsanlar da yerdən ot bitdiyi kimi çıxacaqlar. İnsan öləndə onun büzdüm sümüyündən başqa bütün sümükləri çürüyür. Lakin bu peyğəmbərlərə aid deyildir. Belə ki, öncə qeyd etdiyimiz kimi onların bədənləri çürümür. Bununla da ölümdən sonra dirilmənin vaxtı və keyfiyyəti bizə bəlli olur. Daha doğrusunu Allah bilir.
İkinci məsələ: Ölümdən sonra dirilməyə dair Quran və Sünnədən dəlillər, habelə məntiqi sübutlar
Qurani Kərimdə və Peyğəmbərin (s.a.s) sünnəsində insanların öldükdən sonra diriləcəklərinə dair bir çox dəlillər vardır. Uca Allah buyurur: “Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz” (əl-Bəqərə, 56). O, həmçinin buyurur: “Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” (Loğman, 28). O, həmçinin buyurur: “Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!” (ət-Təğabun, 7).
Sünnədə isə Əbu Hureyra Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allahın peyğəmbərlərini bir-birindən üstün tutmayın. Sur çalındığı zaman Allahın dilədiyindən savayı, göylərdə və yerdə nə varsa hamısı məhv olacaqdır. Sonra daha bir sur çalınacaq və mən dirilənlərin ilki olacağam. Musa isə artıq Ərşdən tutmuş olacaq" ("Səhih əl-Buxari", 3414; "Səhih Muslim", 2373).
Buxari və Muslimin Əbu Səid əl-Xudridən rəvayət etdikləri başqa bir hədisdə belə deyilir: “Yer ilk əvvəl mənim üçün aralanacaq” ("Səhih əl-Buxari", 2412; "Səhih Muslim", 2278). Hər iki hədis Qiyamət günü ölülərin diriləcəyinə dəlildir. Eyni zamanda Peyğəmbərimizin (s.a.s) ilk olaraq dirilməsi onun fəzilətini göstərir.
Həmçinin, məntiq də insanların diriləcəyini təsdiq edir. Belə ki, dirilmə bir şeyin bərpa olunması mənasındadır. Məlumdur ki, bir şeyi bərpa etmək onu yaratmaqdan daha asandır. Bu baxımdan Uca Allah Öz Kitabında ölümdən sonra dirilməni isbat edərək bildirir ki, yoxdan var edən ikinci dəfə diriltməyə də qadirdir. Bununla razı olmayanlar isə deyirlər: “Çürümüş sümükləri kim dirildə bilər?” (Ya sin, 78). O, həmçinin buyurur: “De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir” (Ya sin, 79). Başqa bir ayədə Rəbbimiz buyurur: “Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır” (Rum, 27). Bu da ölümdən sonra dirilməyi yalanlayan hər bir inadkara rədd olaraq həm şəri, həm də məntiqi dəlillərdir ki, bunu da heç kəs inkar edə bilməz.
Üçüncü məsələ: məhşərə toplanma
Şəriətdə varid olmuş dəlillər insanların dirildikdən sonra çılpaq, sünnət olunmamış və ayaqyalın vəziyyətdə məhşərə toplanacaqlarını xəbər verir. Uca Allah buyurur: “Biz hamını bir yerə toplayacaq, onlardan heç birini kənara buraxmayacağıq” (əl-Kəhf, 47). O, həmçinin buyurur: “O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hüzurunda duracaqlar” (İbrahim, 48).
Aişə O rəvayət etmişdir ki, Peyğəmbər (s.a.s) demişdir: “Qiyamət günü insanlar ayaqyalın, çılpaq və sünnət olunmamış vəziyyətdə məhşərə toplanacaqlar.” Aişə dedi: “Ya Rəsulullah! Qadınlar və kişilər hamısı bir yerdə, bir-birlərinə baxacaqlar?” Dedi: “Ey Aişə! Onların işi elə çətin olacaq ki, bu onları heç maraqlandırmayacaq” ("Səhih əl-Buxari", 6527; "Səhih Muslim", 2859).
Bu toplanma bütün məxluqatlar üçün olacaq. Bundan savayı başqa bir toplantı da olacaqdır ki, bu da ya Cənnətdə, ya da Cəhənnəmdə baş verəcəkdir. Möminlər Cənnətdə ayaq üstə və oturmuş vəziyyətdə toplanacaqlar. Uca Allah buyurur: “O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq” (Məryəm, 85).
Təbəri bu ayənin təfsirində Əlinin (r.a) belə dediyini rəvayət etmişdir: “And olsun ki, insanlar nə piyada gələrlər, nə də onları gətirərlər. Onlar heç kəsin görmədiyi dəvələr üzərində gələcəklər. Onların yəhərləri qızıldan, cilovları isə xrizolitdən (qızıla çalar yaşılımtıl-sarı rəngli qiymətli daş) olacaq. Onlar həmin miniyə minərək Cənnətin qapılarının yanına gələrlər” ("Təfsir ət-Təbəri", 8/380).
Kafirlərə gəlincə, onlar Cəhənnəmə lal, kar və kor vəziyyətdə toplanarlar. Uca Allah buyurur: “Üzüstə sürüklənib Cəhənnəmə toplanılacaq kimsələr–məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kimsələrdir” (əl-Furqan, 34). O, həmçinin buyurur: “Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq” (əl-İsra, 97).
Dördüncü məsələ: Hovuz, onun vəsfi və buna dair dəlilləri
Bu, Allahın məhşərdə Öz peyğəmbəri Muhəmmədə (s.a.s) bəxş etdiyi böyük bir hovuzdur ki, Peyğəmbər (s.a.s) və onun ümməti onun başına toplanacaqlar. Dəlillərdə göstərilir ki, onun suyu süddən ağ, qardan soyuq və baldan şirin, iyisi də müşkdən daha xoşagedəndir. Bu hovuzun sahəsi olduqca genişdir–eni ilə uzunu bərabərdir, belə ki hər bir tərəfi bir aylıq məsafəyədək uzanır. Onun suyu öz mənbəyini Cənnətdən alır, belə ki, Cənnətdən ona biri qızıldan, digəri isə gümüşdən olan iki novla çay axır. Ətrafında da göydəki ulduzların sayı qədər bardaqlar vardır.
Hovuzun həqiqət olduğunu sübuta yetirən bir çox səhih hədislər vardır, hətta bəzi alimlər bu barədə varid olan hədislərin mutəvatir (bu, yalan danışacaqları təsəvvür olunmayan, isnadın əvvəlindən axırınadək bir toplumun digərindən rəvayət etdiyi hədisdir) dərəcəsinə çatdığını bildirmişlər. Otuzdan çox səhabə Peyğəmbərdən (s.a.s) hovuz barədə hədis rəvayət etmişdir. Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mənim hovuzumun böyüklüyü Əylə (Şam tərəfdən Qırmızı dənizin sahillərində yerləşən bir şəhərdir) ilə Yəmənin Səna şəhərinin arası boydadır, ətrafına düzülmüş qədəhlər isə göydəki ulduzlar qədərdir” ("Səhih əl-Buxari", 6580; "Səhih Muslim", 2303).
Abdullah ibn Amr ibn əl-As (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mənim hovuzumun sahəsi bir ay gedilən yol qədər, tərəfləri də bərabərdir. Suyunun rəngi süddən ağ, qoxusu müşkdən daha gözəldir. Ətrafına düzülmüş bardaqlar isə göydəki ulduzlar qədərdir. Ondan (bir dəfə) içən kimsə artıq heç vaxt susamaz” ("Səhih əl-Buxari", 6579; "Səhih Muslim", 2292).
Bu Hovuz məhşərdə olacaq, suyu da öz mənbəyini Kövsər çayından götürəcəkdir. Bu, Allahın Cənnətdə Öz Peyğəmbərinə (s.a.s) bəxş etdiyi çaydır. Uca Allah buyurur: “Həqiqətən, Biz sənə Kövsəri bəxş
etdik” (əl-Kövsər, 1).
Alimlər hansı birinin–tərəzinin qoyulmasının yoxsa hovuzun başına toplanmanın daha öncə olacağı barədə ixtilaf etmişlər. Bəziləri tərəzinin qoyulacağını, digərləri isə hovuzun başına toplanmanın daha öncə olacağını bildirmişlər. Doğrusu isə budur ki, hovuzun başına toplanma daha öncə olacaq. Qurtubi demişdir: “Sağlam düşəncə də bunu təsdiqləyir, belə ki, insanlar qəbirlərindən çıxdıqları zaman susamış halda olacaqlar.”
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Ardını (növbəti məsələləri) növbəti xəbərimizdə izləyin.