Qəbirdəki nemət və əzab
Bu mövzunu öyrənmək üçün üç məsələni araşdırmaq gərəkdir:
Birinci məsələ: Qəbir nemətinə və qəbir əzabına iman gətirmək, və buna dəlillər
Əməlisaleh insanların qəbirdə nemətlər içində olduğuna, günahkar və asi adamlara əzab verildiyinə iman gətirmək, Quran və Sünnənin xəbər verdiyi imanın əsaslarındandır. Uca Allah buyurur: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər” (İbrahim, 27).
Bu ayə açıq-aydın dəlalət edir ki, Uca Allah qəbirdə sorğu-sual olunan möminləri sabitqədəm edir və bunun ardından onlara nemətlər verilir. Buxari, Bəra ibn Azibdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mömin bəndə qəbirə qoyulduqda onun yanına iki mələk gəlir və mömin: “Şəhadət verirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur və Muhəmməd Onun elçisidir”–deyir. Bu da Rəbbimizin: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar” ayəsinin təsdiqidir” ("Səhih əl-Buxari", 1369).
Qəbir əzabı barəsində isə Uca Allah buyurur: “Allah Musanı onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!” (əl-Ğafir, 45-46).
Qurtubi demişdir: “Əksər alimlərin rəyinə görə bu oda salınma qəbirdə baş verəcəkdir və bu ayə buna sübutdur.” Hafiz İbn Kəsir də belə demişdir: “Bu ayə Əhli-Sünnənin gətirdiyi, qəbir əzabını sübuta yetirən ən əsas dəlillərdəndir” ("Təfsir İbn Kəsir", 7/136).
Quranda qəbir əzabına dəlalət edən başqa ayə də budur: “Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar” (ət-Tövbə, 101). Əksər sələflər bu ayəni qəbir əzabına dəlil gətirmişlər. Mücahid bu ayənin təfsirində demişdir: “Yəni aclıq və qəbir əzabı ilə sonra isə böyük bir əzaba, yəni Qiyamət gününün əzabına düçar olacaqlar.” Qatədə demişdir: “Yəni dünyadakı və qəbirdəki əzab ilə sonra isə əzəmətli əzaba düçar olacaqlar.” İmam Buxari də bu ayələrə əsaslanaraq qəbir əzabı barədəki hədisləri qeyd etmişdir. ("Səhih əl-Buxari", "Qəbir əzabı" fəsli)
Sünnədə Qəbir nemətləri və əzabı barədə bir çox dəlillər mövcuddur. Buxari və Muslimin "Səhih" əsərlərində Abdullah ibn Ömərdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Biriniz öldükdən sonra səhər-axşam ona yeri göstərilir. Cənnət əhlindəndirsə, Cənnət, Cəhənnəm əhlindəndirsə, Cəhənnəm. Sonra ona deyilir: “Qiyamət günü Allah səni dirildənədək, bu sənin qalacağın yer olacaq” ("Səhih əl-Buxari", 1379; "Səhih Muslim", 2866).
Muslimin “Səhih” əsərində Ənəsdən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (r.a) demişdir: “(Ölülərinizi) dəfn edəsi olmasaydınız, Allaha dua edərdim ki, qəbir əzabını sizlərə eşitdirsin” ("Səhih Muslim", 2868). Quran və Sünnədə bu cür dəlillər çoxdur və biz də bunlardan bəzilərini qeyd etdik. Allah isə daha yaxşı bilir.
İkinci məsələ: Qəbir nemətinin və onun əzabının həm ruh, həm də bədən üçün olması
Qəbirdəki nemətlər və əzab həm ruha, həm də bədənə veriləcəkdir. Ruh bədənlə birlikdə bütün nemət və əzabları dadacaqdır. Ola bilsin ki, bəzən yalnız ruha nemət və ya əzab verilsin. Buna dair bir çox dəlillər vardır və Əhli Sünnə alimlərinin mövqeyi də bundan ibarətdir. Bəziləri isə qəbirdəki nemət və əzabın bədənə deyil, yalnız ruh üçün olacağını iddia etmişlər.
Buna dəlil olaraq Buxarinin, Ənəs ibn Malikdən rəvayət etdiyi hədisi göstərmək olar. Həmin hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Bəndə qəbrə qoyulduğu və yoldaşları dönüb getdiyi zaman onların ayaqqabılarının səsini belə eşidir və həmin anda onun yanına iki mələk gəlib onu otuzdurur və ondan soruşurlar ki: “Bu Muhəmməd (s.a.s) deyilən adam haqqında nə deyə bilərsən?” Mömin: “Mən şahidlik edirəm ki, Muhəmməd Allahın qulu və elçisidir”–deyə cavab verir. Onda ona deyirlər: “Cəhənnəm odundakı yerinə bax! Allah onun əvəzinə sənə Cənnətdə bir yer verdi.” O adam hər iki yerini görür. Münafiqə və kafirə gəlincə, ondan da: “Bu Muhəmməd (s.a.s) deyilən adam haqqında nə deyə bilərsən?”–deyə soruşurlar. O: “Bilmirəm, mən insanların dediyini deyirdim.” Onda ona deyilir: “Sən haqqı başa düşməmisən və Quran oxumamısan!” Bundan sonra dəmir çəkiclə ona bir zərbə vurulur və o elə bağırır ki, cinlər və insanlar istisna olmaqla, ətrafdakıların hamısı onun səsini eşidir” ("Səhih əl-Buxari", 1338).
Əhməd, Əbu Davud və Hakimin, Bəra ibn Azibdən rəvayət etdiyi uzun bir hədisdə Peyğəmbər (s.a.s) möminin ruhunun çıxıb səmaya yüksəldiyini qeyd etdikdən sonra demişdir: “Sonra onun ruhu bədəninə qaytarılar və yanına iki mələk gəlir. Onlar: “Rəbbin kimdir?”–deyə soruşurlar” ( "Müsnəd Əhməd", 4/287; "Sünən Əbu Davud", 4753). Bu hədisi Hakim və başqaları səhih saymışlar.
Bu iki hədis qəbirdəki nemət və əzabın həm ruh, həm də bədən üçün olduğunu göstərir. Peyğəmbərin (s.a.s): “İnsan qəbirə qoyulduqda..” sözündə insan kəlməsi həm ruha, həm də bədənə şamil olunur. Həmçinin, Bəra ibn Azibdən rəvayət olunan hədisdə göstərilir ki, insanın ruhu bədəninə qaytarıldıqdan sonra o, sorğu-suala tutulur. Habelə hədisdə: “O da onların ayaq səslərini eşidir”, “ona toppuzla zərbə endirilir”, “o çığırır”–deyilir ki, bütün bunlar da qəbirdəki nemət və əzabın həm ruh, həm də bədən üçün olacağını sübut edir.
Bəzi hədislərdə isə qeyd olunur ki, bəzən əzab və ya nemət yalnız ruha verilir. Abdullah ibn Abbasdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda sonra Allah onların ruhunu yaşıl quşlarını içinə yerləşdirdi, onlar da Cənnətin çaylarına gedir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşən qızıl çıraqlara qonurlar”( "Müsnəd Əhməd", 1/266; "Müstədrək əl-Hakim", 2/88, 297).
Bir sözlə bəlli olur ki, qəbirdəki nemət və əzab həm ruha, həm də bədənə verilir, bəzi hallarda isə yalnız ruha da verilə bilər. Bəzi mötəbər Sünnə alimləri bu məsələ barəsində demişlər: “Əhli Sünnə vəl Cəmaənin yekdil rəyinə görə qəbir neməti və əzabı həm ruha, həm də bədənə verilir. Bu zaman ruh bədənlə əlaqədə olur və hər ikisi əzabı dadır. Bə- zən bədənə deyil, yalnız ruha, ya əzab, ya da nemət verilir.”
Üçüncü məsələ: İki mələyə–Münkər və Nəkir adlı mələklərə iman gətirmək
Mələklərə iman fəslində qeyd etmişdik ki, qəbirdə insanı sorğu-sual edən Münkər və Nəkir adlı iki mələk vardır. Burada onlara iman gətirməyi ona görə yenidən qeyd edirik ki, onlara iman qəbir həyatına iman gətirməyin bir hissəsidir.
Bu mələklərin nə biçimdə olduğunu və onların qəbirdəki insanları sorğu-suala tutmaları barədə bir çox səhih hədislər varid olmuşdur. Tirmizi və İbn Hibban, Əbu Hureyradan t Peyğəmbərin r belə dediyini rəvayət etmişlər: “İnsan (və ya sizlərdən biri) dəfn olunduqda yanına rəngi qara və göy olan iki mələk gəlir. Birinə Münkər, digərinə isə Nəkir deyirlər. Onlar qəbirdəkindən soruşurlar: “Bu kişi haqqında nə deyirdin?” Mömin bəndə deyir: “Şəhadət verirəm ki, Allahdan başqa ibadət layiq məbud yoxdur və Muhəmməd onun qulu və elçisidir.” Onlar: “Bilirdik ki, belə deyəcəksən”–deyir, sonra da həmin şəxsin qəbri yetmiş arşının yetmiş arşına nisbətində genişləndirilər. Münafiq olan kəs isə deyir: “Bilmirəm, insanlar nə deyirdilərsə, mən də onu deyirdim.” Onlar da ona: “Bilirdik ki, belə deyəcəksən”–deyir, sonra da yerə: “Sıxıl”–deyə buyurur və yer elə sıxılır ki, həmin şəxsin qabırğaları bir-birinə keçir. Allah insanları dirildənədək o, bu vəziyyətdə əzab çəkir” ( "Sünən ət-Tirmizi", 1071). Mələklərin sorğu-sual etmələrinə dair keçən fəsildə qeyd etdiyimiz, Ənəsdən (r.a) rəvayət olunan hədis də dəlildir.
Hədislərdə göstərildiyi kimi, təfsilatı ilə bu iki mələyə, onların adlarına onların vəsflərinə, sorğu-sual etmələrinə, bunun necəliyinə, möminin və münafiqin necə cavab vermələrinə, habelə bundan sonra baş verən nemət və əzaba iman gətirmək vacibdir.
Alimlər qəbirdəki sorğu-sualın bizim ümmətə yoxsa bütün ümmətlərə şamil edildiyi barədə fikir ayrılığındadırlar. Əslində isə dəlillərdə göstərildiyi kimi bu sorğu-sual bütün insanlara aiddir. Daha doğrusunu isə Allah bilir.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"