Peyğəmbərimiz Muhəmmədin (s.a.s) ümməti üzərindəki hüquqları
Peyğəmbərin (s.a.s) öz ümməti üzərində bir çox hüquqları vardır ki, bunlardan bəzilərini artıq əvvəldə xatırlatmışıq. İndi isə həmin hüquqlardan yalnız Peyğəmbərin (s.a.s) özünə aid olanları nəzərinizə çatdıraq:
1. Onun peyğəmbərliyinə qətiyyətlə iman gətirmək və onun şəriətinin bütün digər şəriətləri nəsx etməsinə etiqad etmək. Bunun üçün də onun dediklərini təsdiq etmək, onun qadağan etdiyi şeylərdən uzaqlaşmaq və Allaha yalnız Onun buyurduğu şəkildə ibadət etmək lazımdır. Quran və Sünnədə bunu təsdiqləyən bir çox dəlillər vardır. Uca Allah buyurur: “Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin!” (ət-Təğabun, 8). Həmçinin buyurur: “Elə isə Allaha və Onun Elçisinə–yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz” (əl-Əraf, 158). O, həmçinin buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin” (əl-Həşr, 7). İbn Ömər Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “İnsanlar Allahdan başqa ibadətə haqqı olan məbudun olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə onlarla vuruşmaq mənə əmr edildi. Əgər aşkarda bunu yerinə yetirsələr, İslam haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, canlarını və mallarını məndən qorumuş olarlar. Onların (gizli əməllərinin) haqq-hesabı isə Allaha aiddir.”
2. Peyğəmbərin (s.a.s) risarəti təbliğ etməsinə, əmanəti ümmətə çatdırmasına, habelə ümmətinə nəsihət etməsinə iman gətirmək lazımdır. Elə bir xeyirli əməl yoxdur ki, o ümmətinə onu göstərmiş olmasın. Həm-çinin, elə bir zərərli şey yoxdur ki, onu ümmətinə xəbər verib onları ondan çəkindirməsin. Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (əl-Maidə, 3). Əbu Dərdə (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allaha and olsun ki, sizlərə gecəsi gündüzündən fərqlənməyən ağappaq (aydın) bir yol qoyub gedirəm” ("Sünən İbn Macə. Müqəddimə", 5).
Peyğəmbərin (s.a.s) ümmətinə hər şeyi çatdırmasına çoxsayda səhabələr də şahidlik etmişlər. Belə ki, Vida həcci zamanı Peyğəmbər(s.a.s) xütbə verərkən insanlara vacib buyurulanları və haram olanları xatırladaraq onları Allahın Kitabına tərəf çağırmış, sonrada belə buyurmuşdur: “Sizdən mənim barəmdə soruşacaqlar. Nə cavab verəcəksiniz?” Səhabələr dedilər: “Şahidlik edəcəyik ki, sən həqiqətən, (bu dini) təbliğ etdin, öz missiyanı yerinə yetirdin və (ümmətinə) nəsihət etdin.” Onda Peyğəmbər (s.a.s) şəhadət barmağını göyə qaldırıb insanlara tərəf işarə edərək dedi: “Allahım şahid ol, Allahım şahid ol, Allahım şahid ol!” ("Səhih Muslim", 1218).
Əbu Zərr demişdir: “Peyğəmbərimiz Muhəmməd (s.a.s) bizə hər şey haqqında, hətta göydə qanad çalan quş barəsində belə bir elm qoyub getmişdir” ("Müsnəd Əhməd", 5/153). Bu xüsusda sələflərdən bir çox dəlillər vardır.
3. Peyğəmbəri (s.a.s) (Allahdan başqa) hamıdan, hətta özündən belə çox sevmək. Sözsüz ki, bütün peyğəmbərləri sevmək bizə vacibdir. Lakin Peyğəmbərimiz Muhəmmədi (s.a.s) xüsusilə sevməliyik. Gərək insanlar Peyğəmbəri (s.a.s) bütün insanlardan, övladlarından, yaxınlarından, hətta özlərindən belə çox sevsinlər. Uca Allah buyurur: “De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumla- rınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmrini verincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz” (ət-Tövbə, 24).
Uca Allah Özünə olan sevgini Peyğəmbərin (s.a.s) sevgisi ilə birgə qeyd edərək, malını, yaxınlarını və övladlarını Allah və Onun rəsulundan daha çox sevənləri hədələyərək buyurur: “Allah Öz əmrini verincəyə qədər gözləyin” (ət-Tövbə, 24). Buxari və Muslimin "Səhih" əsərlərində Ənəsdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox istəməyincə, iman gətirmiş olmaz” ("Səhih əl-Buxari", 15; "Səhih Muslim", 44). Ömərdən (r.a) rəvayət olunur ki, bir dəfə o, Peyğəmbərə (s.a.s) dedi: “Ya Rəsulullah! Mən səni özümdən savayı hamıdan çox sevirəm”. Peyğəmbər (s.a.s) buyurdu: “Xeyr, canım Əlində olan Allaha and olsun ki, sən məni özündən də çox sevməlisən”. Ömər dedi: “Vallahi ki, indi mən səni hamıdan, hətta özümdən də çox sevirəm”. Peyğəmbər (s.a.s) buyurdu: “Bax indi (sən vacib buyurulanı yerinə yetirdin), ey Ömər!” ("Səhih əl-Buxari", 6632)
4. Peyğəmbərə (s.a.s) ehtiram göstərmək və hörmətlə yanaşmaq. Bu da Allahın Öz Kitabında vacib buyurduğu, hər bir müsəlmanın üzərinə düşən Peyğəmbərin (s.a.s) haqlarındandır. Uca Allah buyurur: “Biz belə etdik ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız” (əl-Fəth, 9). Həmçinin buyurur: “Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır” (əl-Əraf, 157). İbn Abbas demişdir: “Dəstəkləyən, yəni ehtiram göstərən və kömək edən.” Qətadə demişdir: “Dəstəkləyən, yəni yardım edən, ehtiram göstərən. Uca Allah onun rəhbər kimi qəbul olunmasını buyurmuşdur. Uca Allah buyurur: “Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın” (əl-Hucurat, 1). Həmçinin buyurur: “Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın” (ən-Nur, 63). Mücahid demişdir: “Allah bu ayədə müsəlmanlara Peyğəmbəri (s.a.s) mülayim və müti şəkildə: “Ey Allahın Rəsulu”–deyə çağırmağı buyurur və onlara qaşqabaqlı olduqları halda onu: “Ey Muhəmməd!”–deyə çağırmamağı əmr edir.” Səhabələr Peyğəmbərə (s.a.s) ehtiram göstərməkdə insanlara nümunə olmuşlar. Usamə ibn Şərik demişdir: “Mən Peyğəmbərin (s.a.s) yanına gəldikdə səhabələr onun ətrafında sanki başlarının üstündə quş oturmuş kimi əyləşmişdilər”. Peyğəmbərin (s.a.s) sağlığında ikən ona ehtiram göstərildiyi kimi ölümündən sonra da ehtiram göstərilməlidir. Qazi İyad demişdir: “Bil ki, Peyğəmbərə (s.a.s) sağlığında ikən ehtiram göstərildiyi kimi, ölümündən sonra da ehtiram göstərilməlidir. Peyğəmbərə (s.a.s) onun adı çəkildikdə, onun hədislərini və sünnədə varid olanları yada saldıqda, onun adı və həyat tərzi barədə eşitdikdə ehtiram göstərilməlidir. Habelə onun ailəsinə və onların nəslinə, əhli-beytinə və səhabələrinə də ehtiram göstərilməlidir”.
5. Allahın buyurduğu kimi Peyğəmbərə (s.a.s) salavat və salam oxumaq, üstəlik bunu tez-tez təkrarlamaq gərəkdir. Uca Allah buyurur: “Həqiqətən də, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib onu kamil ədəb-ərkanla salamlayın” (əl-Əhzab, 56). Əl-Mübərrid demişdir: “Əslində salavat diləmək rəhmət diləmək anlamındadır. Allahın salavatı rəhmət, mələklərin salavatı isə Allahdan onun üçün rəhmət diləmək mənasındadır.” Abdullah ibn Amr ibn As Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Hər kim mənə bir salavat oxuyarsa, Allah ona bunun sayəsində onunu yetirər” ("Səhih Muslim", 384). Əli (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Paxıl o kimsədir ki, yanında mənim adım çəkildikdə mənə salavat gətirmir” ("Sünən ət-Tirmizi", 3546; "Müsnəd Əhməd", 1/201. ət-Tirmizi bu hədisə yaxşı və səhih demişdir). Bütün peyğəmbərlərə salavat demək lazım olduğu halda, öncə qeyd etdiyimiz kimi, Peyğəmbərimizə (s.a.s) salavat demək xüsusi olaraq vacib hesab olunur və bu, qeyd etdiyimiz hüquqlardan biridir. Alimlər Peyğəmbərə (s.a.s) salavat deməyi vacib hesab etmiş, hətta bəziləri bu barədə alimlərin yekdil rəydə olduğunu bildirmişlər. Qazi İyad demişdir: “Bil ki, Peyğəmbərə (s.a.s) salavat demək vacibdir və bunun üçün xüsusi bir vaxtın təyin edilməsinə də gərək yoxdur, çünki Uca Allah bunu bizə belə əmr etmişdir. İmamlar və alimlər də yekdilliklə bunu vacib saymışlar”.
6. Peyğəmbərin (s.a.s) şanlı fəzilətləri, dəyərli xüsusiyyətləri və yüksək dərəcələri barədə varid olan bütün mötəbər rəvayətləri təsdiq etmək gərəkdir. Bu haqda artıq bu fəsilin əvvəlində danışmışdıq. Hər bir müsəlman bunu təsdiqləməli, Peyğəmbəri (s.a.s) tərif etməli və bunları insanlar arasında yaymalıdır. Həmçinin bunları azyaşlı uşaqlara öyrədərək onu sevdirməli, şənini uca tutmalı və Rəbbi yanında hansı məqama sahib olduğunu uşaqların qəlbinə salmalıdır.
7. Peyğəmbərə (s.a.s) olan münasibətdə ifrata varmamaq və bundan uzaq olmaq, çünki bu münasibət həqiqi mənada ona əziyyət verir. Uca Allah Öz peyğəmbərinə (s.a.s) ümmətinə belə müraciət etməyi buyu-rur: “De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və yerinə yetirdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!” (əl-Kəhf, 110). O, həmçinin buyurur: “De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram” (əl-Ənam, 50).
Bu minvalla Rəbbimiz Peyğəmbərin (s.a.s) Allah tərəfindən göndərildiyini, Rəbb və ya mələk olmadığını, sadəcə Allahın buyruqlarını yerinə yetirdiyini bildirir. Həmçinin, Rəsulullah (s.a.s) ümmətinə ona olan münasibətdə ifrata varmağı, onu təriflədikdə həddi aşmağı qa- dağan etmişdir. Buxarinin “Səhih” əsərində Ömər ibn Xəttabdan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət edilir: “Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitmişəm: “Xristianlar Məryəm oğlunu şişirtdikləri kimi, siz də məni şişirtməyin! Mən sadəcə Allahın quluyam. Elə isə (mənə): “Allahın qulu və rəsulu!”-deyin” ("Səhih əl-Buxari", 3445; "Müsnəd Əhməd", 1/23). Burada şişirtmək dedikdə həddən artıq tərif olunmaq nəzərdə tutulur. Bunu İbn Əsir belə izah etmişdir. İbn Abbas rəvayət etmişdir ki, bir dəfə bir nəfər Peyğəmbərin (s.a.s) yanına gəlib onunla söhbət edərkən dedi: “Allah və sən istədin.” Peyğəmbər (s.a.s) bunu eşitdikdə ona dedi: “Məni Allaha tay tutursan?! Xeyr, yalnız Allah istədi (de)!”( "Müsnəd Əhməd", 1/214; "Sünən İbn Macə", 2117) Beləliklə də, Peyğəmbər (s.a.s) onu şişirtməyi, habelə Rəbinin onu layiq bildiyi məqamdan üstün tutmağı qadağan etmişdir. Bu dəlil Peyğəmbərə (s.a.s) münasibətdə olan hər növ ifrata aiddir, çünki Peyğəmbərə (s.a.s) münasibətdə ifrata varmaq hər bir halda haram sayılır. Peyğəmbər (s.a.s) xüsusunda ifrata varmanın biri də ona dua etməkdir ki, bu da şirk sayılır. Məsələn bəziləri deyirlər: “Ya Rəsulullah, mənə filan, filan işdə kömək ol!” Bu müraciət duadır, dua isə ibadətdir və onu Allahdan qeyrisinə yönəltmək qadağandır. Həddi aşmanın başqa növləri də Peyğəmbərə (s.a.s) qurban kəsmək, ona nəzir demək, qəbrini təvaf etmək, namaz qıldıqda və ibadət etdikdə onun qəbrinə tərəf üz tutmaqdır ki, bütün bunlar ibadət növləri olduğundan (bunları Allahdan qeyrisinə yönəltmək) haram hesab olunur. Uca Allah buyurur: “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəl- manların birincisiyəm” (əl-Ənam, 162-163).
8. Peyğəmbərin (s.a.s) hüquqlarından biri də onun səhabələrini, əhli beytini, zövcələrini sevmək və onları dost tutmaqdır. (Müsəlman) onların haqqını tapdalamamalı, onları söyməməli və onlara tənə vurmamalıdır. Uca Allah bu ümmətə səhabələri dost tutmağı, onlar üçün bağışlanma diləməyi və qəlblərində onlara qarşı kin-küdurətə yer verməməyi diləməyi əmr etmişdir. Uca Allah mühacir və ənsarları qeyd etdikdən sonra buyurur: “Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (əl-Həşr, 10). Peyğəmbərin (s.a.s) qohumları və əhli-beyti barədə Rəbbimiz buyurur: “De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm” (əş-Şura, 10). Ayənin təfsirində deyilir: “Sənə tabe olan möminlərə de ki, mən sizlərə çatdırdığım hidayətin müqabilində qohumluq sevgisindən savayı bir şey istəmirəm”. Muslim “Səhih” əsərində Zeyd ibn Ərqamdan rəvayət etmişdir ki, bir dəfə Rəsulullah (s.a.s) insanlara nəsihət edib demişdir: “Sonrasına gəlincə, ey insanlar, (bilin ki,) mən də bir insanam, tezliklə Allahın elçisi gələcək və mən onun çağırışını qəbul edəcəyəm. Mən sizə iki dəyərli şey qoyub gedirəm, onlardan birincisi içərisində hidayət və nur olan Kitabdır. Allahın Kitabını tutub ondan möhkəm yapışın.” Peyğəmbər (s.a.s) insanları Allahın Kitabına sarılmağa çağırdıdan sonra dedi: “Və əhli-beytim! Odur ki, Allah xatirinə əhli-beytimlə (gözəl) rəftar edin! Allah xatirinə əhli-beytimlə (gözəl) rəftar edin! Allah xatirinə əhli-beytimlə (gözəl) rəftar edin!”("Səhih Muslim", 2408.) Beləcə Peyğəmbər (s.a.s) əhli-beytə qayğı göstərməyi, onlara ehtiram göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Çünki onlar Peyğəmbərin r yaxınları, habelə şərəfli və hörmətli insanlar hesab olunurlar. Peyğəmbər (s.a.s), həmçinin, səhabələrinə də ehtiram göstərilməsini əmr etmiş, onları söyməyi və onlara tənə vurmağı qadağan etmişdir. Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mənim səhabələrimi söyməyin! Əgər sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə, onlardan birinin verdiyi bir ovuc sədəqəyə, hətta yarısına belə çata bilməz”. Hədisi Buxari və Muslim rəvayət etmişlər ("Səhih əl-Buxari", 3673; "Səhih Muslim", 2541). Əhli-Sünnənin yekdilliklə qəbul etdiyi əsaslarından biri Peyğəmbərin (s.a.s) səhabələrinə, əhli-beytinə və zövcələrinə ehtiram göstərməkdir. Əhli-Sünnə alimləri onlara tənə vuranı azğınlıq əlaməti hesab etmişlər. Əbu Zura demişdir: “Kiminsə səhabələrdən birini söydüyünü görsən, bil ki, o zındıqdır”. İmam Əhməd demişdir: “Əgər bir kimsənin səhabələrdən biri haqda pis fikir söylədiyini görsən, onu müsəlman olmamaqda ittiham et”.
Bu yığcam və müxtəsər şəkildə sadaladıqlarımız Peyğəmbərin (s.a.s) ümməti üzərində olan bəzi hüquqlarıdır. Uca Allah bizi və qardaşlarımızı bunlara riayət etməyə müvəffəq eləsin!
Peyğəmbərliyin xətm edilməsi və özündən sonra peyğəmbər gəlməyəcəyinin bəyan edilməsi
Bu məsələ barədə əvvəldə–Peyğəmbərin (s.a.s) xüsusiyyətlərindən danışarkən kifayət qədər dəlilləri zikr etmişdik. Bildirmişdik ki, Muhəmməd (s.a.s) peyğəmbərlərin sonuncusudur. Bu fəsildə peyğəmbərliyin xətm edilməsi məsələsinə başqa yöndən yaxınlaşacaq, bu əqidənin müsəlmanların dininə nə cür təsir etdiyini və bunun onlara nə qədər faydalı olduğunu açıqlayacağıq. Bu faydalardan bəziləri aşağıdakılardır:
1. Müsəlmanlar özlərinin şəriətinin və dininin kamil olduğuna əmin olur və bu əqidə onların həyatına dərin iz buraxır. Uca Allah İslam ümmətinə bu lütfü xatırladaraq buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (əl-Maidə, 3).
Bu ayə Peyğəmbərə (s.a.s) vəfatından bir neçə ay qabaq, Vida həccində nazil olmuş və beləliklə də bu din tamamlanmışdır. Elə buna görə də yəhudilər müsəlmanlara qibtə edirdilər. Buxari və Muslimin rəvayət etdiyi hədisdə deyilir ki, bir yəhudi Ömərin (r.a) yanına gəlib deyir: “Sizin Kitabınızda oxuduğunuz elə bir ayə vardır ki, əgər o, biz yəhudilərə nazil olsaydı, həmin günü bayram elan edərdik”. Ömər: “Bu hansı ayədir elə?”–deyə soruşdu. Yəhudi: “Bu gün dininizi sizin üçün kamil etdim...” (“əl-Maidə” surəsi, 3) ayəsidir dedi...”
Başqa bir hədisdə Peyğəmbər (s.a.s) əvvəlki şəriətləri bircə kərpici çatmayan tikilmiş qəsrə bənzədir və özünün gəlişi ilə həmin binanın tamamlandığını bildirir. Bununla o demək istəmişdir ki, həmin binaya tamamlandıqdan sonra bir şey artırmaq mümkün olmadığı kimi, bu dinə də nə isə əlavə etmək qeyri-mümkündür. Bu hədisi Peyğəmbərin (s.a.s) xüsusiyyətlərinə dair fəsildə qeyd etmişdik.
2. Ümmətimiz əmindir ki, Bu din və Muhəmmədin (s.a.s) şəriəti başqa bir peyğəmbərin göndərilməsi ilə nəsx edilə bilməz. Muhəmmədin (s.a.s) peyğəmbərlərin sonuncusu olması o deməkdir ki, onun peyğəmbərliyindən və şəriətindən sonra nə bir peyğəmbər, nə də bir şəriət gələ bilər. Qaldı ki İsanın (ə) (Qiyamət yaxın) peyğəmbər olaraq nazil olmasına, bu, peyğəmbərimizin sonuncu peyğəmbər olması ilə ziddiyət təşkil etmir. Çünki İsa peyğəmbər (ə) nazil olduğu zaman Peyğəmbərimizin (s.a.s) şəriətinə tabe olacaq və onunla hökm verəcəkdir. Özünün keçmiş şəriəti nəsx olunduğuna görə, həmin vaxt o, istər dinin əsasları, istərsə ikinci dərəcəli məsələlər olsun, bu xüsusda yalnız İslam şəriətinə tabe olacaqdır.
3. Heç bir tərəddüdsüz və araşdırmadan peyğəmbərlik iddiasında olan hər kəsin iddiası rədd olunmalıdır. Bu isə–yəni Peyğəmbərimizin (s.a.s) sonuncu peyğəmbər olması imanın əsas faydalarından biridir. Belə ki, bununla müsəlmanlar bütün yalançı peyğəmbərləri ifşa etmiş olur. Peyğəmbər (s.a.s) də buna xüsusi olaraq diqqət çəkər, özündən sonra peyğəmbərlik iddiasında olan otuz nəfərin peyda olacağını bildirərdi. Sonra da özünün sonuncu peyğəmbər olduğunu, yalançılara isə tabe olmaqdan və onlara inanmaqdan həzər etməyin gərəkli- yini bəyan edərdi. Sövbanın (r.a) fitnələr barədə rəvayət etdiyi hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Ümmətim arasında peyğəmbərlik iddiasında olan otuz nəfər yalançı olacaqdır. (Biləsiniz,) peyğəmbərlərin sonuncusu mənəm və məndən sonra peyğəmbər olmayacaqdır” ("Sünən ət-Tirmizi", 2219. ət-Tirmizi bu hədisə yaxşı və səhih demişdir).
4. Bu ümmətdən olan əmirlərin və alimlərin fəziləti bəlli olur. Belə ki, onlar həm dini, həm də dünyəvi işləri idarə edə bilərlər. İsrail oğullarında isə onları yalnız peyğəmbərlər idarə edə bilərdilər. Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “İsrail oğullarını peyğəmbərlər idarə edirdilər və hər dəfə bir peyğəmbər dünyasını dəyişdikdə, digəri ilə əvəz olunurdu. Məndən sonra isə peyğəmbər olmayacaq, çoxlu xəlifələr olacaqdır”. Səhabələr dedilər: “Bizə nə əmr edirsən, (ya Rəsulullah)?” Dedi: “Aralarından birinci seçilmiş olana beyət edərək onların haqlarını ödəyin. Uca Allah onları rəiyyətləri barədə sorğu-sual edəcəkdir” ("Səhih əl-Buxari", 3455; "Səhih Muslim", 1842). Bu ümmətin xəlifələri siyasət yürütmək və insanları idarə etmək baxımından İsrail oğullarının peyğəmbərləri kimidirlər. Başqa bir hədisdə Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Uca Allah hər yüz ilin əvvəlində bu ümmətə Öz dinini dirçəldəcək şəxslər göndərər” ("Sünən Əbu Davud", 4291; "Müstədrək əl-Hakim", 4/522). Ümmətimizin bu günkü durumu da buna açıq-aydın sübutdur. Dinimiz indi də insanlar arasında əmirlər, rəhbərlər və alimlərin şəriətə uyğun yürütdüyü rəylər sayəsində qorunmaqdadır. Uca Allah əsrlər boyu hər yüz ilin əvvəlində dinini təzələyən, Allahın Kitabını təhriflərdən, cahillərin açıqlamalarından qoruyan insanlar göndərmişdir. Məhz onların sayəsində Allahın dini Peyğəmbər (s.a.s) göndərildiyi vaxtdan uzun bir müddət ötüb keçməsinə baxmayaraq indiyədək olduğu kimi qalmaqdadır. Bu da Uca Allahın ümumən ümmətimizə verdiyi bir lütfü, xüsusi olaraq isə bu məqama layiq olanların şərəfidir.
Hər bir halda peyğəmbərimizin (s.a.s) sonuncu olması əqidəsi və onun bu dində dərin iz buraxması bu ümmətin xüsusiyyətlərindəndir ki, bunun da imanın artmasında, yəqinliyin formalaşmasında və insanların Allahın əmri gələnədək bu yolda sabitqədəm olmasında əvəzolunmaz rolu vardır.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"