Qadin.NET / İmanın əsasları-22

İmanın əsasları-22

Peyğəmbərlərə iman gətirməyin məğzi 

Peyğəmbərrə iman, Allahın Kitabında və Peyğəmbərinin (s.a.s) sünnəsində xülasə və təfsilatı ilə xəbər verilənlərə etiqad etməyə deyilir.

Bu, insanın hər bir ümmətə Allah tərəfindən peyğəmbər göndərilməsinə etiqad etməsinə deyilir. Həmin peyğəmbərlər insanları tək Allaha ibadət etməyə, Ona heç nəyi şərik qoşmamağa, habelə Allahdan savayı bütün məbudları inkar etməyə çağırmışlar. Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”–deyə, elçi göndərdik” (ən-Nəhl, 36). Həmçinin, bütün peyğəmbərlərin sadiq, təqvalı, etimad olunası, etibarlı və hidayət göstərən olmalarına da etiqad edilməlidir. Uca Allah buyurur: “Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş” (Yasin, 52). Başqa bir ayədə Uca Allah bir çox peyğəmbərlər haqqında söhbət açdıqdan sonra belə buyurur: “Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də.  Onları seçdik və düz yola yönəltdik.  Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı” (əl-Ənam, 87-88).

Həmçinin etiqad olunmalıdır ki, onların hamısı açıq-aydın haqq və hidayət üzərində olublar, üstəlik Allahın buyuruqlarını insanlara çatdırıblar. Uca Allah Cənnət əhlinin haqda xəbər verir ki, (onlar belə demişlər): “Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər” (əl- Əraf, 43). Həmçinin buyurur: “Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar” (əl-Hədid, 25).

Eyni zamanda bilmək lazımdır ki, peyğəmbərlərin hamısı eyni əqidəyə–TəkAllahlığa dəvət etmişlər. Fəqət onların şəriətləri müxtəlif olmuşdur. Uca Allah buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”–deyə vəhy etməyək” (əl-Ənbiya, 25). O, həmçinin buyurur: “Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik” (əl- Maidə, 48).

Onu da bilmək lazımdır ki, onlar özlərinə nazil olunmuş vəhyi tam olaraq insanlara çatdırmaqla onların üzərində hüccəti qaldırmışlar. Uca Allah buyurur: “Hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti al- tında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır” (əl-Cin, 28). O, həmçinin buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın” (ən-Nisa, 165).

Hər bir müsəlman etiqad etməlidir ki, peyğəmbərlər yaradılmış insandırlar, heç bir rübubiyyət xüsusiyyətlərinə (ilahi qüvvəyə) malik deyillər və adi Allah bəndəsidirlər. Sadəcə olaraq Allah onları seçib rəsul göndərməklə onlara ehtiram göstərmişdir. Uca Allah buyurur: “Elçiləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik” (İbrahim, 11).

Uca Allah Nuh u barəsində belə buyurur: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm” (Hud, 31).

Digər bir ayədə Allah Muhəmmədə (s.a.s) öz qövmünə belə deməyi buyurur: “De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram” (əl-Ənam, 50).

Peyğəmbərlər barədə etiqad olunması vacib olan məsələlərdən biri də, Allahın onlara yardım etməsinə və onlara dəstək verməsinə, habelə gözəl aqibətin məhz peyğəmbərlərə və onların ardıcıllarına nəsib olmasına iman gətirməkdir. Uca Allah buyurur: “Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik” (Ğafir, 51).

Həmçinin, Allahın xəbər verdiyi kimi peyğəmbərlərin bir-birin- dən üstün olmasına iman gətirmək vacibdir. Uca Allah buyurur: “Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir” (əl-Bəqərə, 253).

Bütün bunlara, habelə Quran və Sünnədə peyğəmbərlər barədə varid olan bütün məsələlərə iman gətirmək labüddür.

Təfsilati iman isə Allahın Öz kitabında və Peyğəmbərinin (s.a.s) sünnəsində onlardan adları çəkilənlərə, onların adları, xəbərləri, fəzilətləri və xüsusiyyətlərinə iman gətirməyə deyilir.

Qurani Kərimdə iyirmi beş peyğəmbərin adı çəkilmişdir. Onlardan on səkkizinin adı Uca Allahın aşağıdakı ayələrində qeyd olunur: “Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsəni, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik” (əl-Ənam, 83-86). Digər peyğəmbərlərin adları isə başqa ayələrdə qeyd olunur. Uca Allah buyurur: “Ad qövmünə də qardaşları Hudu göndərdik” (əl-Əraf, 65). O, həmçinin buyurur: “Səmud qövmünə də qardaşları Salehi göndərdik” (əl-Əraf, 73). Həmçinin buyurur: “Mədyən qövmünə də qardaşları Şueybi göndərdik” (əl-Əraf, 85). O, həmçinin buyurur: “Allah Adəmi, Nuhu, İbrahimin mömin nəslini və İmranın mömin nəslini seçib aləmlərdən üstün et- di” (Ali İmran, 33). Həmçinin buyurur: “İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbr edənlərdən idilər” (əl-Ənbiya, 85). Həmçinin buyurur: “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər” (əl-Fəth, 29). Hər bir müsəlman adları sadalanan bu peyğəmbərlərə və elçilərə müfəssəl şəkildə iman gətirməli, Allahın və Peyğəmbərinin r xəbər verdi- yi kimi onların hər birinin nəbi və ya rəsul olduğuna etiqad etməlidir.

Bundan başqa, dəlillərdə göstərilən peyğəmbərlərə məxsus fəzilətlərə, xüsusiyyətlərə və xəbərlərə də iman gətirmək vacibdir. Buna Allahın İbrahimi (ə) və Muhəmmədi (s.a.s) Özünə dost seçdiyini misal çəkmək olar. Uca Allah buyurur: “Allah İbrahimi sevimli dost tutmuşdur” (ən-Nisa, 125). Peyğəmbər (s.a.s) demişdir: “Uca Allah İbrahimi Özünə dost seçdiyi kimi, məni də Özünə dost seçmişdir.” Hədisi Muslim rəvayət etmişdir ("Səhih Muslim", 532.).

Uca Allahın Musa u ilə bilavasitə danışması da buna misaldır. Allah buyurur: “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı” (ən- Nisa, 164). Həmçinin, Uca Allahın quşları və dağları Davud u üçün ram etməsi və onların Allahı zikr etmələri də buna misaldır. Uca Allah buyurur: “Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik” (əl-Ənbiya, 79). Dəmirin Davud u üçün yumşaldılması barədə Uca Allah buyurur: “Biz Davuda Özümüzdən bir lütf bəxş etdik və buyurduq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq” (Səba, 10). Küləklərin və cinlərin Süleymana (ə) ram edilməsi barədə isə Uca Allah belə buyurur: “Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra yenə bir aylıq məsafəni qət edən küləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi“ (Səba, 12). Quşların dilinin Süleymana u öyrədilməsi barədə isə Rəbbimiz belə buyurur: “Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq- aşkar üstünlükdür” (ən-Nəml, 16).

Bütün bunlarla yanaşı Uca Allahın Kitabında peyğəmbərlər və onların qövmləri barədə, onların arasında baş vermiş mücadilə barədə, sonda isə Allahın peyğəmbərlərinin zəfər çalmaları barədə verilən xəbərlərə də iman gətirmək vacibdir. Buna Musanın Fironla mübahisəsini, İbrahimlə qövmünün, Nuh, Hud, Saleh və Lutun öz qövmləri ilə etdikləri mücadilələri, Uca Allahın Yusuf və onun qardaşları ilə bağlı bizlərə verdiyi xəbərləri, Yunusla qövmünün və Allahın Kitabında, Peyğəmbərinin (s.a.s) sünnəsində peyğəmbərlərlə bağlı varid olan bütün xəbərləri misal çəkmək olar. Bütün bunlara təfsilatı ilə iman gətirmək vacibdir. Bununla da peyğəmbərlərə imanın xülasə və təfsilati olan hər iki qismini sizlərə bəyan etmiş olduq. Daha doğrusunu isə Allah bilir.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

5 yanvar 2015
GO BACK