Qadin.NET / İmanın əsasları-21

İmanın əsasları-21

 

İmanın əsasları-21

 

Peyğəmbərlərə iman

Peyğəmbərlərə iman gətirməyin hökmü və dəlilləri

Peyğəmbərlərə iman gətirmək bu dinin vaciblərindən və imanın əzəmətli rüknlərindən biridir. Buna dair Quran və Sünnədə bir çox dəlillər vardır.

Uca Allah buyurur: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (əl-Bəqərə, 285).

Uca Allah peyğəmbərlərə iman gətirməyi Allahın rəsulunun (s.a.s) və möminlərin iman gətirdiyi imanın digər rüknləri ilə birlikdə qeyd etmişdir. Üstəlik  bildirmişdir  ki,  möminlər  peyğəmbərlər  arasında heç bir fərq qoymayaraq onların hamısına iman gətirirlər.

Uca Allah Öz kitabında peyğəmbərlərə iman gətirməyənlər barədə belə buyurur: “Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”–deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq” (ən-Nisa, 150-151). Bu ayədə Rəbbimiz peyğəmbərləri yalan sayanları, habelə onların bəzilərinə iman gətirib digərlərini inkar edənləri kafir adlandırır. Sonda onların əsl kafir olduqlarını bildirir. Belə ki, onların kafir olması açıq-aydın və inkar olunmazdır. Növbəti ayədə isə Uca Allah onlara iman gətirənlərin mövqeyi barədə belə buyurur: “Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah Öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir” (ən-Nisa, 152). Bu ayədə Uca Allah möminlərin Allaha və Onun göndərdiyi peyğəmbərlərinin hamısına iman gətirdiklərini bildirir. Möminlər onların arasında fərq qoymurlar. Əksinə, hamısının Allah tərəfindən göndərildikrinə yəqinliklə iman gətirirlər.

 

İmanın əsasları-21

 

Sünnədə də, Quranda olduğu kimi peyğəmbərlərə iman gətirməyin imanın əsaslarından olmasına dair kifayət qədər dəlillər vardır. Mələklərə iman fəslində qeyd etdiyimiz Cəbrail hədisində Peyğəmbər (s.a.s) Cəbrailin u iman barədə verdiyi suala cavab verərkən demişdir: “İman Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun elçilərinə, Axirət gününə və qədərə–onun xeyrinə və şərinə iman gətirməkdir.” Hədisdə peyğəmbərlərə iman gətirmək imanın digər əsasları ilə birgə qeyd olunur. Müsəlmanın buna etiqad edərək həyata keçirməsi vacibdir.

Digər bir hədisdə deyilir ki, Peyğəmbər (s.a.s) gecə namazında təhəccüd duası edərkən deyərdi: “Allahım! Həmd Sənədir. Sən göylərin və yerin nurusan. Həmd Sənədir. Sən göylərin və yerin Hamisisən. Həmd Sənədir. Sən göylərin, yerin və onlarda olanların Rəbbisən. Sən Haqsan. Verdiyin vəd haqdır. Dediyin söz haqdır. Sənə qovuşmaq haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır. Peyğəmbərlər haqdır. Qiyamət haqdır” ( "Səhih əl-Buxari", 7499).

Peyğəmbəri(s.a.s) imanın əsaslarını qeyd edərək duasının əvvəlində Allaha imanla, Cənnət və Cəhənnəmin, habelə Qiyamətin haqq olması ilə yanaşı peyğəmbərlərə də imanı qeyd etməsi peyğəmbərlərə və elçilərə iman gətirməyin nə qədər mühüm olduğunu və dində xüsusi bir yer tutduğunu göstərir.

Bundan aydın olur ki, peyğəmbərlərə iman gətirmək vacibdir, həmçinin o da aydın olur ki, onlara iman gətirmək bu dinin ən böyük dəyərlərindən və onun ən əzəmətli xislətlərindəndir və o da aydın olur ki, peyğəmbərlərin hamısını və ya onlardan birini inkar edən kəs imanın rüknlərindən olan bu əzəmətli rüknü inkar etməklə Allaha qarşı böyük küfr işlətmiş olur və kafir sayılır.

Peyğəmbərlərə iman gətirməyin faydaları 

Peyğəmbərlərə iman gətirmək mömin qəlbinə yaxşı təsir və ona fayda verir. Onlardan bəziləri aşağıdakılardır:

1. Bununla insan Allahın mərhəmətli olduğunu, Onun Öz qullarına qayğı göstərdiyini anlayır. Çünki Allah insanlara hidayət vermək və onları doğru yola yönəltmək üçün onlara elçilər göndərmişdir.

2. Bu böyük nemətin müqabilində insan Allaha şükür edir.

3. İnsan peyğəmbərləri sevir, onlara ehtiramla yanaşır və onları layiqli şəkildə tərifləyir. Ona görə ki, onlar Allahın göndərdiyi seçilmiş qullardır. Həm də ona görə ki, onlar Allahın risaləsini təbliğ etmiş, öz qövmlərinə nəsihət etmiş və onların əziyyətlərinə səbr etmişlər.

Nəbi və rəsul sözlərinin tərifi və onlar arasındakı fərq

Lüğəti mənada "nəbi" ərəbcə "nəbə"–yəni böyük faydası olan xə- bər sözündən götürülmüşdür. Uca Allah buyurur: “Onlar nə barədə bir-birindən soruşurlar? Böyük bir xəbər barəsində” (ən-Nəbə, 1-2). Peyğəmbər ona görə nəbi adlandırılıb ki, o öz Rəbbindən xəbərlər verir.

Bəziləri isə "nəbi" sözünün "nəbava" yəni hündür bir şey sözündən qaynaqlandığını bildirmişlər. Nəbi sözünə bu yöndən yanaşsaq, bunu hər bir peyğəmbərin digər insanlardan daha uca məqamda olduğunu deyə bilərik. Uca Allah buyurur: “Biz onu yüksək bir məqama ucaltdıq” (Məryəm, 57).

"Rəsul" sözünün lüğəti mənasına gəlincə, bu, ərəbcə "irsal" sözündən götürülmüşdür ki, bu da "göndərilmək" deməkdir. Uca Allah Səba hökmdarı barədə buyurur: “Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar” (ən-Nəml, 35).

Alimlər rəsul və nəbi sözlərinin istilahi mənalarında ixtilaf etmişlər. Onların içərisində ən məşhur rəylər aşağıdakılardır:

Nəbi o adama deyilir ki, Allah ona vəhy edərək müəyyən əməlləri yerinə yetirməyi buyurmuş, o da bunları möminlərə əmr etmişdir.

Rəsul isə o adama deyilir ki, Allah ona vəhy edərək onu Allahın əmrinə asi olanlara Allahın risaləsini çatdırması üçün göndərmişdir.

 

İmanın əsasları-21

 

Nəbi və rəsul arasındakı fərq 

Nəbi o kimsədir ki, Allah ona, möminlərə xitab etsin və Öz buyruqlarını onlara təbliğ etsin deyə, əmr və qadağaları barədə ona xəbər vermişdir. Allah onları kafirlərə xitab etməsi üçün göndərməmişdir.

Rəsul isə həm möminlərə, həm də kafirlərə göndərilmiş olur və Allahın risaləsini təbliğ edərək insanları yalnız Allaha ibadət etməyə çağırır. Onu da qeyd edək ki, yeni bir şəriət gətirmək rəsul olmaq üçün şərt deyil. Belə ki, Yusuf (ə) İbrahimin (ə) dini üzərində olmuşdur. Davud (ə) və Süleyman (ə) da–hər ikisi Tövrata tabe olmuşlar, lakin bununla belə onlar rəsul idilər. Uca Allah buyurur: “Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar” (Ğafir, 34). O, həmçinin buyurur: “Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik. Daha öncə bir qisim elçilər barəsində sənə söylədik,  digər  elçilər  barəsində  isə  sənə  heç nə söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı” (ən-Nisa, 163-164).

Bəzən nəbi olan kimsəyə rəsul da deyilir. Uca Allah buyurur: “Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə, şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar” (əl-Həcc, 52).

Bu ayədə Rəbbimiz rəsul və nəbi göndərdiyini buyurur. Belə ki, Uca Allah möminləri nəyəsə dəvət etməyə əmr etdikdə həmin şəxs Allah tərəfindən göndərilmiş olur. Lakin bu mütləq rəsulluq sayılmır. Mütləq rəsulluq peyğəmbərlərin bütün insanlara, o cümlədən möminlərə və kafirlərə göndərilmələrinə deyilir.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

2 yanvar 2015
GO BACK