Kitablara imanın məğzi
Kitablara iman gətirmək bir neçə tərəfdən olur. Quran və Sünnədən olan dəlillər bunlara etiqad etməyin və təsdiqləməyin vacib olmasına dəlalət edir. Bu da imanın əzəmətli rüknlərindən sayılan bu rüknü həyata keçirmək üçündür.
1. Bütün kitabların Allah tərəfindən nazil olmasına və Onun kəlamı olmasını təsdiq etmək. Uca Allah Özünə layiq tərzdə həqiqi kəlamla bunları demişdir. O buyurur: “Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi, daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir” (Ali İmran, 2-4).
Uca Allah bu ayədə buyurur ki, O, Tövratı, İncili və Quranı nazil etmişdir. Bu da onu göstərir ki, bu kitablar Onun kəlamıdır, başqasından deyil, ilk olaraq məhz Ondan gəlmişdir. Ayənin sonunda isə Allah buyurur ki, Onun ayələrinə iman gətirməyənlər şiddətli bir əzaba düçar olacaqlar.
Həmçinin Tövrat barəsində buyurur: “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır” (əl-Maidə, 44). Uca Allah Tövratı nazil etdiyini və onda hidayət və nur olduğunu bəyan edir. Yəhudilərdən bəhs edən başqa bir ayədə də Allah Tövratın Onun kəlamı olduğunu belə bildirir: “Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər” (əl- Bəqərə, 75). Əs-Suddi, İbn Zeyd və bir çox təfsirçilər demişlər ki, yə- hudilərin eşidib təhrif etdikləri Allah kəlamı Tövrat olmuşdur.
İncil barəsində isə Uca Allah buyurur: “Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları əsasında hökm versinlər” (əl-Maidə,47). Yəni Allahın Kəlamı sayılan əmr və qadağalara riayət etsinlər. Quran barəsində də buyurur: “Əlif. Ləm. Ra. Bu, Müdrik, hər
şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır” (Hud, 1). Digər bir ayədə Rəbbimiz elçisi Muhəmmədə (s.a.s) xitabən buyurur: “Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alırsan” (ən-Nəml, 6).
O, həmçinin buyurur: “De: “Müqəddəs Ruh Cəbrail onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir” (ən-Nəhl, 102). Həmçinin buyurur: “Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür” (ət-Tövbə, 6).
Onlara Allahın kəlamı olan və Peyğəmbərə (s.a.s) endirilən Quranı dinləmək əmr olunmuşdu. Çünki o, Allahın həqiqi Kəlamıdır.
2. Bütün kitabların Allaha ibadətə çağırdığına, onların bir hidayət, nur və xeyir olduğuna iman gətirmək lazımdır. Uca Allah buyurur: “Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”–desin. Əksinə, o deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!” (Ali İmran, 79). Uca Allah bildirir ki, Rəbbimiz kiməsə kitab, hikmət və peyğəmbərlik bəxş etdik- dən sonra onun özünü ilahiləşdirməsi yolverilməzdir. Çünki bütün kitablar tək olan Allaha ibadətə çağırır.
Uca Allah kitablarının haqq və hidayət olduğunu bildirir: “O, sənə Kitabı gerçək olaraq ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi–daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir” (Ali İmran, 3-4).
O, həmçinin buyurur: “İnsanlar tək bir ümmət idi. Allah onla-ra müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin” (əl-Bəqərə, 213).
O, həmçinin buyurur: “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır” (əl-Maidə, 44).
Başqa bir ayədə isə buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir” (əl-Bəqərə, 185). Bu kimi bir çox ayələr vardır ki, səmavi kitabların Uca Allah tərəfindən hidayət və nur olaraq nazil olunduğunu bildirir.
3. Bütün kitabların bir-birini təsdiq etdiyini və onların arasında heç bir ziddiyyətin olmadığına iman gətirmək lazımdır. Uca Allah buyurur: “Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik” (əl-Maidə, 48).
İncil barəsində isə belə buyurur: “Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik” (əl-Maidə, 46).
Allahın kitabları arasında heç bir ziddiyyətin olmamasına iman gətirmək və onların nöqsanlardan xali olduğuna etiqad etmək vacibdir. Bu, Allahın Kitablarını adi kitablardan, Allahın Kəlamını məxluqatın kəlamından fərqləndirən başlıca cəhətdir. İnsanların yazdıqlarında isə bir çox nöqsanlar, qüsurlar və ziddiyyətlər vardır. Uca Allah Quranı vəsf edərək buyurur: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar” (ən-Nisa, 82).
4. Allahın xüsusi olaraq adlarını çəkdiyi, habelə rəsulunun r xəbər verdiyi kitablara iman gətirib onları təsdiq etmək gərəkdir. Bu kitablara aşağıdakılar aiddir:
a) Tövrat: Bu, Allahın Musaya (ə) nazil etdiyi kitabdır. Uca Allah buyurur: “Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar” (əl-Qəsəs, 43). Buxari və Muslimin şəfaətçilik barədə Ənəs ibn Malikdən (r.a) rəvayət etdikləri uzun hədisdə Peyğəmbər (s.a.s) demişdir: “... sonra onlar İbrahimin yanına gələcəklər. O deyəcək: Sizə lazım olan adam mən deyiləm. Etdiyi xətasını xatırladıqdan sonra deyəcək: Musanın yanına gedin, Allah ona Tövratı vermiş və onunla bilavasitə danışdırmışdır.”("Səhih əl-Buxari", 7410; "Səhih Muslim", 193.)
Uca Allah Tövratı lövhələrə yazaraq Musaya vermişdir. O, buyurur: “Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq” (əl-Əraf, 145). İbn Abbas demişdir: Burada Tövratın lövhələri nəzərdə tutulur.
Əbu Hureyradan (r.a) Adəmlə (ə) Musanın (ə) söhbəti barədə rəvayət olunmuş hədisdə Peyğəmbər (s.a.s) demişdir: “... Adəm ona dedi: “Ey Musa, Uca Allah Öz kəlamı ilə səni ucaltmış, Tövratı isə Öz Əli ilə yazmışdır...” Hədisi Buxari və Muslim rəvayət etmişdir.( "Səhih əl-Buxari", 6614; "Səhih Muslim", 2652.)
Tövrat Uca Allahın İsrail oğullarına nazil etdiyi ən möhtəşəm Kitabdır. Orada Allahın Musaya nazil etdiyi şəriət qanunlarının və əhkamlarının əsasları öz əksini tapmışdır. Musadan sonra İsrail oğullarına göndərilmiş peyğəmbərlər də ona riayət etmişlər. Uca Allah buyurur: “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar hamısı buna şahid oldular” (əl-Maidə, 44). Uca Allah Öz kitabında yəhudilərin Tövratı təhrif edərək dəyişdirmələrini bildirmişdir və bu barədə növbəti fəsildə söhbət açacağıq.
b) İncil: Bu, Allahın İsaya nazil etdiyi kitabdır. Uca Allah buyurur: “Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik” (əl-Maidə, 46).
Qeyd etdiyimiz ayədən bəlli olur ki, Uca Allah İncili Tövratı təsdiq edən bir kitab olaraq göndərmişdir. Bəzi alimlər demişlər: “İncil ilə Tövrat arasında çox az məsələlərdə onların ixtilaf etdikləri fərq vardır.” Uca Allah (Məryəm oğlu) Məsihin İsrail oğullarına dedikləri barədə buyurur: “Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim” (Ali İmran, 50).
Uca Allah Öz Kitabında bildirir ki, Tövratda və İncildə peyğəmbərimiz Muhəmmədin (s.a.s) göndəriləcəyi barədə müjdə vardır. O, buyurur: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin–yazıb-oxumaq bilməyən peyğəmbə- rin, ardınca gedərlər” (əl-Əraf, 157).
İncil də Tövrat kimi təhrif olunaraq dəyişdirilmişdir. Bu barədə də Allahın izni ilə növbəti fəsildə söhbət açacağıq.
c) Zəbur: Bu, Allahın Davuda nazil etdiyi kitabdır. O buyurur: “Davuda da Zəburu verdik” (ən-Nisa, 163). Qətadə bu ayənin təfsirində demişdir: “Biz Uca Allahın Davuda öyrətdiyi Allaha həmd və tərif barədə olan, içərisində halal və haram, habelə fərzlər və qanunlar olmayan bir duası haqqında danışardıq.”
d) İbrahimin və Musanın səhifələri: Bu haqda Quranda iki yerdə zikr olunmuşdur. Birincisi Nəcm surəsindədir. Uca Allah buyurur: “Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi? Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi? Heç bir günahkar başqasının günah yükünü daşımaz. İnsan can atdığı şeyə nail olar” (ən-Nəcm, 36-39).
İkincisi isə əl-Əla surəsindədir: “Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; Axirət isə daha xeyirli və daha sürəklidir. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir–İbrahimin və Musanın səhifələrində” (əl-Əla, 14-19).
Uca Allah Musa ilə İbrahimə endirdiyi bu səhifələrədə varid olan bəzi məsələlərdən xəbər vermişdir. Həqiqi elm yalnız Allaha məxsusdur.
h) Qurani-Kərim: Bu, Allahın peyğəmbərimiz Muhəmmədə (s.a.s) nazil etdiyi, digər kitabları təsdiq edən və onlar barədə şahidlik edən bir kitabdır. Quran nazil edilmiş kitabların sonuncusu, ən kamili və ən şərəflisidir. O, özündən əvvəlki kitabların hamısnı nəsx edərək hökmlərini qüvvədən salmışdır. Bundan əlavə Quran bütün cinlərə və insanlara göndərilmişdir. Uca Allah buyurur: “Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik” (əl-Maidə, 48). Həmçinin Quran özündən qabaq nazil olmuş kitabları təsdiqləyən bir kitabdır: “De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam” (ən-Ənam, 19). Həmçinin buyurur: “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır!” (əl-Furqan, 1).
Quranın bir çox adları vardır ki, onlardan ən məşhurları bunlardır: Quran, Furqan, Kitab, Tənzil və Zikr.
Bu kitablara aid varid olmuş dəlillərdə olduğu kimi onların adlarına, kimlər barədə nazil olunmalarına, Allahın və Onun rəsulunun (s.a.s) bu kitablar və onlara tabe olanlar barədə verdiyi xəbərlərə iman gətirmək vacibdir.
5. Etiqad etmək lazımdır ki, Qurani Kərim bütün digər kitabları nəsx edərək onların hökmünü qüvvədən salmışdır. Heç bir insan və ya bir cin Quran nazil olunduqdan sonra digər kitablardakı hökmə riayət edə bilməz. Allahın Kitabında və Peyğəmbərinin (s.a.s) sünnəsində buna bir çox dəlillər vardır. Uca Allah buyurur: “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır!” (əl-Furqan, 1). Həmçinin buyurur: “Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (əl-Maidə, 15-16).
Başqa bir ayədə isə Uca Allah Öz peyğəmbərinə (s.a.s) kitab əhlinə Quranla hökm verməyi əmr edərək buyurur: “Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma” (əl-Maidə, 48). O, həmçinin buyurur: “Onların aralarında Allahın sənə nazil etdiyi Kitabla hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar” (əl-Maidə, 49).
Sünnədə isə Cabir ibn Abdullah (r.a) rəvayət etmişdir ki, bir dəfə Ömər ibn Xəttab kitab əhlindən əldə etdiyi bir kitabla Peyğəmbərin (s.a.s) yanına gəlib ona oxuduqda Peyğəmbər (s.a.s) hirslənərək belə dedi: “Bunamı heyrətlənirsən, ey Xəttabın oğlu? Canım Əlində olan Allaha and olsun ki, mən sizə təmiz, açıq-aydın olan bir Kitabla gəlmişəm. Nəbadə onlardan nə isə soruşasınız və onlar sizə haqq olan bir şeyi söyləsinlər siz də onu yalan hesab edəsiniz, yaxud onlar batil bir şeyi sizə desinlər, siz də buna inanasınız. Canım Əlində olan Allaha and olsun ki, Musa diri olsaydı, yalnız mənə tabe olardı.” Hədisi Əhməd, əl-Bəzzar, əl-Beyhəqi və başqaları rəvayət etmişlər ( "Müsnəd Əhməd", 3/387; "Kəşf əl-Əstar", 134 və s).
Ümumilikdə, Allahın kitablarına bu minvalla iman gətirmək lazımdır. Quranla bağlı etiqad olunması gərəkən məsələlərin təfsilatına gəlincə bu barədə inşaAllah növbəti fəsildə danışacağıq.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"