əl-Maun (Zəkat) surəsi
(Məkkədə nazil olmuşdur, 7 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?
2. O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);
3. Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
4. Vay halına o namaz qılanların ki,
5. Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
6. Onlar (namazlarında) riyakarlıq edər,
7. Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).
əl-Kovsər (Kövsər) surəsi
(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!
2. Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)