əl-Fil (Fil) surəsi
(Məkkədə nazil olmuşdur, 5 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1 (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
2 Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
3 Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
4 (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
5 (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!
əl-Qüreyş (Qüreyş) surəsi
(Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1 (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,
2 Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.
3 Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!
4 O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.