əl-Əsr (Axşam çağı) surəsi
(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,
2. İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir?
3. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)
əl-Huməzə (Qeybətçi) surəsi
(Məkkədə nazil olmuşdur, 9 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1. (Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
3. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
4. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
5. Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
6. O, Allahın yanar odudur.
7. Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
8. O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
9. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!