Qadin.NET / İmanın əsasları-13

İmanın əsasları-13

 

İmanın əsasları-13

 

Ad və sifətlərlə bağlı qaydalar

Birinci qayda

Allahın zatı barəsində deyilənlər Onun sifətləri barəsində də deyilməlidir. Bu o deməkdir ki, Uca Allahın nə zatında, nə sifətlərində, nə də fellərində tayı-bərabəri yoxdur. Əgər Allahın məxluqların zatına bənzəməyən həqiqi bir zatı varsa, deməli, Quran və sünnədə varid olan sifətlər barəsində də eyni fikirlər bildirilməlidir. Belə ki, Allahın sifətləri də həqiqi sifətlər olub digər sifətlərə bənzəmir. Odur ki, Allahın zatı barəsində deyilənlər Onun sifətləri barəsində də deyilməlidir. Bu gözəl qayda vasitəsilə Allahın zatını isbat edib Onun sifətlərini inkar edənlərlə münaqişə edilə bilər. Bütün İslam ümməti yekdilliklə Allahın zatını təsdiq etməkdədir.

Əgər biri desə ki, “Allahın bu sifətlərini təsdiq edə bilmərəm, çünki bu zaman Onu məxluqata oxşatmış olaram”, ona demək lazımdır

ki, “Sən həm Allahın, həm də məxluqların həqiqi zata malik olduqlarını təsdiq edirsən. Sənin dediyinlə götürsək, məgər bu bənzətmə deyilmi?” və əgər: “Mən yalnız Allahın başqa zatlara bənzəməyən zatının olduğunu təsdiq edirəm”– desə, demək lazımdır ki, “Bu sifətlərə də aiddir, Onun zatı, həqiqətən, məxluqatın zatına bənzəmədiyi kimi, sifətləri də məxluqatın sifətlərinə bənzəmir.” Birdən desə ki, “Mən keyfiyyətini dərk edə bilmədiyim bir sifəti nə cür isbat edə bilərəm”, soruşmaq lazımdır ki, “Bəs nə üçün sən keyfiyyətini bilmədiyin bir zatı isbat edirsən?”

İkinci qayda

Bəzi sifətlər barəsində nə deyilirsə, digər sifətlər barəsində də o deyilməlidir. Yəni isbat və ya inkar etmə baxımından bəzi sifətlər barəsində nə deyilirsə, digər sifətlər barəsində də o deyilməlidir. Bu qayda vasitəsilə bəzi sifətləri təsdiq edib digərlərini inkar edənlərlə münaqişə etmək olar. Əgər bir kimsə Həyat, Elm, Qüdrət, Eşitmək, Görmək və başqa bu kimi sifətləri təsdiq edib bütün bunları olduğu kimi qəbul edib, sonra da Məhəbbət, Razılıq, Qəzəb və başqa bu kimi sifətləri qəbul etməyib bunu məcaz adlandırarsa, ona belə deyilər: “Sənin həqiqi olaraq təsdiq etdiyin sifətlərlə digərləri arasında heç bir fərq yoxdur. Sifətlərin bəziləri barəsində nə deyilirsə, digərləri barəsində də o deyilməlidir. Allah üçün təsdiq etdiyin həyat, elm, qüdrət, eşitmə və görmə sifətlərini məxluqlar üçün təsdiq etdiyin həyat, elm, qüdrət, eşitmə və görmə sifətlərinə bənzətməməyi isbat edirsənsə, gərək eyni qaydada Onun Qəzəb, Razılıq və Məhəbbət kimi sifətlərini də isbat edəsən. Onları məxluqatın sifətlərinə oxşatmadığın kimi bunları da oxşatmayasan. Əks təqdirdə sənin yürütdüyün bu fikir ziddiyyət təşkil edəcək.

 

İmanın əsasları-13

 

 

Üçüncü qayda

Allahın ad və sifətləri barədə (dəlil-sübutsuz) müzakirə edilməməlidir.

Allahın ad və sifətlərində heç bir dəlil olmadığı təqdirdə susmaq gərəkdir. Bu halda ağla istinad etmək yolverilməzdir. Ona görə də

bu məsələdə Quran və Sünnədə deyilənlərlə kifayətlənib ayə və hədislərə nə isə artırmaq və nəsə əskiltmək olmaz. Belə ki, Allahın ad və sifətlərini ağılla dərk etmək qeyri-mümkün olduğu üçün dəlillərdə varid olanlarla kifayətlənmək gərəkdir. Uca Allah buyurur: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək–bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır” (əl-İsra, 36).

Məşhur İslam alimlərinin də mövqeyi belə olmuşdur. İmam Əhməd demişdir: “Allahı Özünün və Rəsulunun vəsf etdiyi sifətlərdən

başqa sifətlərlə vəsf etmək olmaz. Bu məsələdə Quran və sünnədən kənara çıxmaq olmaz.” Bəzi alimlər bildirmişlər ki, hər hansı bir şeyin vəsf olunması üçün üç yol vardır: Ya həmin şeyi görməklə, ya onun bənzərini görməklə, yaxud da onu tanıyan bir kəsin onu vəsf etməsilə.

Bizim, Allahın ad və sifətləri barəsindəki bilgilərimiz üçüncü növ, yəni Onu tanıyan bir kəsin Onu vəsf etməsi vasitəsilə olmuşdur. Qətiyyətlə deyə bilərik ki, Allahı Onun Özündən, sonra da Onun vəhy etdiyi rəsullarından yaxşı tanıyan ola bilməz. Biz də ad və sifətlər məsələsində vəhyə tabe olaraq bu dünyada Allahı görməsək də, Onun ad və sifətlərini təsdiq etməliyik və bilməliyik ki, O, məxluqata bənzəmir və Onun özünəməxsus ad və sifətləri vardır.

Dördüncü qayda

Allahın bütün adları ən gözəldir. Bu barədə Uca Allah buyurur: “Ən gözəl adlar Allahındır” (əl-Əraf, 180).

Bundan aydın olur ki, ən yaxşı və ən şərəfli adlar Allaha məxsusdur. O, hər mənada bütün nöqsanlardan uzaq olan kamillik sifətlərinə

malikdir. Misal olaraq əl-Həyyu (Yaşayan) adına nəzər salaq. Burada əbədi və əzəli olan kamil bir həyat, nə əvvəli, nə də sonu olan bir həyat nəzərdə tutulur. Əbədi Yaşayanın da Elm, Qüdrət, Eşitmə, Görmə və digər sifətlərə malik olması da labüddür.

Digər bir misal əl-Alim (Hər şeyi bilən) adıdır. Bu, Allahın adlarından biridir və özündə kamildir elmi əhatə edir. O elm ki, əzəlidir və unutqanlıq kimi naqislikləri özündə ehtiva etmir. Uca Allah buyurur: “Rəbbim nə xəta edir, nə də unudur!” (Ta ha, 52).

Bu, hər şeyi, o cümlədən də Özünün və yaratdıqlarının fellərini əhatə edən geniş bir elmdir. Uca Allah buyurur: “Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir“ (əl-Ğafir, 19).

Uca Allahın adlarının hər biri ayrıca zikr olunarsa, bu, özü-özlüyündə gözəldir, adların bəziləri digərləri ilə birlikdə zikr olunduqda isə bu kamillik üzərinə kamillikdir. Misal üçün, əl-Əziz əl-Həkim adlarının birlikdə qeyd olunmasıdır. Uca Allah Qurani Kərimdə bir çox yerlərdə bu iki adı yanaşı zikr edir. Bu iki adın hər biri özü-özlüyündə özünə xas olan mənanın kamil şəkildə olmasına dəlalət edir. Bu da onu göstərir ki, Allah həm qüdrətlidir, həm də hikmət sahibidir. Bu iki adın yanaşı gəlməsi Allahın adının başqa bir kamilliyə də dəlalət etməsini göstərir. Bu da o deməkdir ki, Allahın qüdrəti hikmətlə olur və Onun qüdrətində zülmə, haqsızlığa yer yoxdur. Amma bəzi məxluqlar müəyyən qüdrətə sahib olduqda zülmə və haqsızlığa yol verirlər. Həmçinin, bunu Hikmət barəsində də demək olar. Allahın hökmü və Hikməti qüdrətlə yanaşı gəldiyi üçün daha bir kamilliyə də dəlalət edir. Amma məxluqların hökmü və hikməti zəlillik də gətirir. Daha doğrusunu Allah bilir.

 

İmanın əsasları-13

 

 

Bu fəsilin sonunda müsəlmanın Allaha Rübubiyyətdə, Üluhiyyətdə, ad və sifətlərdə imandan əldə etdiyi faydalardan bəzilərini qeyd etmək istəyirik:

1. Bunların sayəsində insan həm dünya, həm də axirət səadətinə nail olur. Elə buna görə də qətiyyətlə deyə bilərik ki, dünya və

axirət səadətinə nail olmaq üçün Allaha iman olmalıdır. Müsəlmanın Rübubiyyət, Üluhiyyə və ad və sifətlərdə Allaha olan imanda nə qədər payı vardırsa, bir o qədər də səadətdən payı vardır.

2. Allaha, Onun ad və sifətlərinə olan iman Ondan qorxmaq, Ona boyun əymək və Ona itaət etmək üçün ən böyük vasitədir. Belə

ki, insan öz Rəbbini nə qədər çox tanısa, bir o qədər də Ona yaxın olar, Ondan daha çox qorxar, Ona daha çox ibadət edər və Ona qarşı günah işlətməkdən daha çox çəkinər.

3. İnsan bunların sayəsində qəlbində bir rahatlıq və sükunət, dünya və axirətdə əmin-amanlıq və hidayət tapmış olur. Uca Allah

buyurur: "Bunlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq

tapır" (ər-Rəd, 28).

4. Axirət savabına nail olmaqdan ötrü Allaha iman olmalıdır. Bunun sayəsində insan axirət savabına çatır, genişliyi göylər və yer qədər

olan Cənnətə daxil olaraq orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, hətta heç kimin ağlına belə gəlmədiyi nemətlərə çatmış olur,

Cəhənnəmdən və onun şiddətli əzabından qurtulur. Bunlardan daha əzəmətlisi isə odur ki, insan Rəbbinin razılığını qazanır, Rəbbinin ona heç vaxt qəzəbi tutmur və nəticə etibarı ilə o, Qiyamət günü bütün fitnələrdən uzaq olaraq Uca Allahın üzünü görməkdən ləzzət alır.

5. Allaha iman gətirmək insanın əməllərini düzəldir və məqbul edir. Bu olmadıqda əməllər çox olsa belə, qəbul olunmur. Uca Allah

buyurur: "İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar" (əl-Maidə, 5). Həmçinin buyurur:"Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar" (əl-İsra, 19).

6. Allaha düzgün formada iman gətirmək insanı elmlə və əməllə haqqa tabe olmağa yönəldir. Bununla da insan faydalı moizələri,

ibrətamiz və təsirli əhvalatları dinləyir, fitrəti salamat olur, niyyəti gözəl olur, yaxşı işlərə və xeyirli əməllərə can atır, pis işlərdən və haramlardan çəkinir, yüksək əxlaqi keyfiyyətlərə və ədəb-ərkana nail olmuş olur.

 

İmanın əsasları-13

 

 

7. Allaha iman möminlər üçün hər bir insanın başına gələ biləcək şər, hüzn, qorxu, itaət, günah və bu kimi başqa işlərdə bir sığınacaq

rolunu oynayır. Onlar yaxşı hallarında Allaha imana tərəf yönələrək, Ona həmd edib, şəninə təriflər deyir və nemətlərini sevdiyi şeylərə

sərf edirlər. Xoşagəlməz və kədərli hallarda da Allaha imana müraciət edərək imanlarından və böyük mükafata nail olmalarında təsəlli

tapırlar. Qorxu və kədər hallarında da Allaha imana müraciət edərək onlar qəlblərində bir rahatlıq tapır, imanları artır, Allaha etimadları

güclənir. İtaət etdikləri və saleh əməllərə müvəffəq olduqları zaman da onlar Allaha imana müraciət edərək Allahın onlara bəxş etdiyi nemətlərlə tanış olur, onları daha da kamilləşdirməyə səy göstərir, Allahın onları sabit etməyini və müvəffəq etməsini diləyirlər. Günah işlətdikdə isə yenə Allaha imana müraciət edərək dərhal tövbə etməyə və həmin günahdan yaxa qurtarmağa tələsirlər. Beləliklə də, möminlər hər bir halda Allaha imana müraciət etmiş olurlar.

8. Allahın ad və sifətlərini tanımaq möminlərin qəlblərində Ona qarşı sevginin yaranmasına gətirib çıxarır. Belə ki, Onun ad və sifətləri

hər cəhətdən kamildir. İnsanların qəlbi isə kamilliyi hər zaman sevir. İnsanın qəlbində Allah sevgisi qərar tutduqda isə əzaları da yaxşı əməllər etməyə müvəffəq olur. Nəticə etibarı ilə də Allahın insanları xəlq etməsindəki hikmət – Ona ibadət yerinə yetmiş olur.

9. Allahın ad və sifətləri haqqında bilgilərə malik olmaq insanda Allahın təkliyinə, bütün işləri idarə etməsinə və bu işdə Onun heç bir şərikinin olmamasına bir yəqinlik yaradır. Bu da insana həm dünyada, həm də axirətdə gərəkli olan təvəkkülün mövcudluğunu labüd edir. Kim Allaha təvəkkül etsə, Allah ona yetər.

10. Allahın gözəl adlarını sadalamaqla və onları öyrənməklə insan bir çox məlumatlara yiyələnmiş olur. Belə ki, bütün məlumatlar

ya Onun işlərini, ya da məxluqatlarını əhatə edir. Elm ya Allahın yaratdıqları barədə, ya da qoyduğu qanunlar barədə olur. Hər iki

amil – yaratma və işləri səhmana salma Allahın gözəl adları ilə sıx bağlılıq təşkil edir. Kim Allahın adlarını bəndəyə yaraşan şəkildə qavrasa, bütün elmlərə yiyələnmiş olar.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

18 oktyabr 2014
GO BACK