əl-Leyl (Gecə) surəsi
(Məkkədə nazil olmuşdur, 21 ayədir)
Bismillahir rəhmanir rəhim!
- And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
- And olsun işıqlanmaqda olan gündüzə;
- And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
- Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).
- Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
- Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
- Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
- Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
- Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
- Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)
- (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
- Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir).
- Axirət də Bizim, dünya da Bizimdir!
- (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
- Ora ancaq azğın (kafir) daxil olar.
- O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
- Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).
- O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
- O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).
- O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
- And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!