Qadin.NET / İmanın əsasları-8

İmanın əsasları-8

 

İmanın əsasları-8

 

(Ardı)

Peyğəmbərin (s.a.s) tövhidin toxunulmazlığını qoruması

Altıncı məsələ: Təvəssül

Tərifi: "Təvəssül" vəsilə sözündən əmələ gəlmişdir–insanın öz muradına çatması üçün səy göstərməsinə deyilir.

Şəriətdə isə Allahın buyurduqlarını yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Onun razılığını və Cənnəti qazanmağa deyilir.

Qurani Kərimdə vəsilə sözünün mənası: Qurani Kərimdə iki yerdə vəsilə sözü işlənmişdir:

1. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız” (əl-Maidə, 35).

2. Uca Allah buyurur: “Onların yalvardıqları məbudların özləri də Rəbbinə–hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir” (əl-İsra, 57).

Hər iki ayədə vəsilə sözünün mənası Allahı razı salacaq əməlləri yerinə yetirməklə Ona yaxınlaşmaq deməkdir. Hafiz İbn Kəsir birinci ayənin təfsirində İbn Abbasın (r.a) belə dediyini rəvayət etmişdir: “Vəsilə yaxınlaşmaq deməkdir.” Bunun bənzəri Mücahid, Əbu

Vail, Həsən əl-Bəsri, Abdullah ibn Kəsir, əs-Suddi, İbn Zeyd və başqalarından da nəql olunmuşdur. ("Təfsir ibn Kəsir", 2/50.)

İkinci ayəyə gəlincə, möhtərəm səhabə Abdullah ibn Məsud (r.a) onun nazil olması və mənası barədə demişdir: “Bu ayə bir dəstə cinə

ibadət edən bir dəstə ərəb barəsində nazil olmuşdur. Həmin şəxslər özləri də hiss etmədən cinlər İslamı qəbul etmişdilər.” ( "Səhih Muslim", 3030; "Səhih əl-Buxari", 4714.)

Bundan aydın olur ki, vəsilə deyildikdə, saleh əməllər və şanlı ibadətlər vasitəsilə Allaha yaxınlaşmaq nəzərdə tutulur. Uca Allahın:

“Onların yalvardıqları məbudların özləri də Rəbbinə–hansı daha yaxın olacaq deyə, vəsilə axtarırlar.” Yəni onların özləri də Allaha yaxınlaşmaq və Onun razılığını qazanmaq üçün, onları Allaha yaxınlaşdıracaq əməlləri vasitə götürürlər.

Təvəssülün növləri: Təvəssül iki qisimdir: icazə verilən və qadağan olunan təvəssül.

1. İcazə verilən təvəssül: Burada Quran və Sünnədə əsası olan və şəriətin icazə verdiyi formada təvəssül etmək nəzərdə tutulur. Quran və Sünnədə göstərilən təvəssül formaları caiz, qeyriləri isə qadağan olunmuş hesab olunur. İcazə verilən təvəssül də üç növdür:

Birincisi, Allahın gözəl adları və əzəmətli sifətləri ilə təvəssül etmək. Müsəlman kəs dua etdikdə deyir: “Allahım, Səndən bağışlanmağımı diləyirəm! Axı Sən Mərhəmətlisən, Rəhmlisən!” və ya deyir: “Allahım! Səndən hər şeyi əhatə edən mərhəmətinlə məni bağışlamanı diləyirəm!” Təvəssülün bu növünə dəlil Uca Allahın bu ayəsidir: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsilə dua edin” (əl-Əraf, 180).

İkincisi, insanın, hər hansı bir yaxşı əməl vasitəsilə təvəssül etməsidir. Belə olduqda, məsələn, adam deyir: “Allahım, Sənə olan imanıma görə, Sənə olan sevgimə görə, Sənin elçinə etdiyim itaətə görə məni bağışla!”, yaxud deyir: “Allahım, Sənin peyğəmbərin Muhəmmədə (s.a.s) olan sevgimə, bir də ona olan imanıma görə mənim işimi avand et.” Ya da ki, insanın nə vaxtsa etdiyi bir yaxşı əməli xatırlatmaqla təvəssül etməsidir. Buna dəlil olaraq üç nəfərin mağarada qalması hədisini qeyd edəcəyik. Bu növ təvəssülə dəlil Uca Allahın bu ayələridir: “O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər” (Ali-İmran, 16); “Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali-İmran, 53).

Həmçinin dəlil olaraq mağara hədisini də misal göstərmək olar. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki; “Mən Peyğəmbərin (s.a.s) belə

dediyini eşitdim: “Sizdən əvvəl yaşamış ümmətlərdən üç nəfər səfərə çıxdı və yolda yağışdan daldalanmaq üçün bir mağaraya çəkildilər. Onlar mağaraya daxil olduqdan sonra dağdan böyük bir qaya parçası yuvarlanıb yerə düşdü və mağaranın ağzını qapadı. Onlar bir-birlərinə dedilər: “Sizi bu qaya parçasından ancaq etdiyiniz yaxşı əməllərinizin vasitəsilə Allaha dua etməyiniz qurtara bilər. Onlardan birisi dedi: “Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər axşam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmətçilərimə süd verməzdim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıtdıqda ata-anam artıq yatmışdı; mən onlar üçün süd sağıb gətirdım, lakin gəlib onları yatmış gördüm. Mən onlara süd içirtməmiş ailəmə və xidmətçilərimə süd vermək istəmədim. Odur ki, sübh açılanadək əlimdə süd dolu bardaq onların yuxudan oyanmasını gözlədim. Nəhayət, onlar yuxudan oyanıb südlərini içdilər. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu qaya parçasına görə düşdüyümüz çətinlikdən qurtar!” Bundan sonra mağaranın keçidi bir balaca açıldı, lakin onlar bayıra çıxa bilmədilər”. Peyğəmbər (s.a.s) buyurdu: “Digəri dedi: “Ey Allahım! Mənim hamıdan çox sevdiyim bir əmim qızı var idi. Mən onun könlünü ələ almaq istədim, lakin o mənə könül vermədi. Aradan illər keçdi. Nəhayət, quraqlıq ilində o mənim yanıma gəldi və mən ona mənimlə yaxınlıq etmək şərtilə yüz iyirmi dinar təklif etdim. O da buna razılıq verdi. Mən onu ağuşuma aldıqda o dedi: “Haqsız yerə bakirəliyimi pozmağa sənə halallıq vermirəm”. Mən onu ələ almaqla günah qazanacağımdan qorxdum, onu buraxıb getdim, ona verdiyim qızılı da ona bağışladım. Halbuki, o mənim üçün ən əziz insan idi. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Bundan sonra qaya parçası yerindən bir az da tərpəndi, lakin onlar mağaradan çıxa bilmədilər.” Peyğəmbər (s.a.s) buyurdu: “Üçüncüsü dedi: “Ey Allahım! Bir dəfə mən bir dəstə işçi tutdum və onların hamısının zəhmət haqqını verdim. Yalnız biri öz zəhmət haqqını almadan çıxıb getdi. Mən onun zəhmət haqqını işə qoydum və onun malları artdı. Xeyli vaxt keçdikdən sonra həmin adam gəlib dedi: “Ey Allahın qulu, mənim zəhmət haqqımı ver!” Mən ona dedim: “Gördüyün bu dəvələr, inəklər, qoyunlar və kölələr sənin zəhmət haqqındır.” O dedi: “Ey Allahın qulu, mənə istehza etmə!” Mən dedim: “Mən sənə istehza etmirəm.” Bundan sonra adam malların hamısını sürüb apardı və onlardan heç bir şey saxlamadı. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz çətinlikdən qurtar!” Beləliklə, qaya parçası tamamilə aralandı və onlar oradan çıxıb getdilər.” Hədisi Buxari rəvayət etmişdir. ("Səhih əl-Buxari", 3465.)

Üçüncüsü, dualarının qəbul olacağı güman olunan əməlisaleh bir şəxsin duası ilə təvəssül etmək. Məsələn, biri əməlisaleh, təqvalı

bir şəxsin yanına gedib ondan düşdüyü çətinlikdən qurtulması və işinin asanlaşması üçün dua etməsini istəyir.

Bu növ təvəssülün caiz olmasına dəlil səhabələrin Peyğəmbərin (s.a.s) yanına gələrək onlar üçün ümumi və xüsusi şəkildə dua etməsini istəmələridir. Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) cümə günü xütbə verərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə (s.a.s) üzbəüz durub dedi: “Ya Rəsulullah, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin.” Peyğəmbər (s.a.s) əllərini göyə qaldırıb dedi: “Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!” Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Vallahi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər (s.a.s) xütbə verərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə (s.a.s) üzbəüz durub dedi: “Ya Rəsulullah, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın. Peyğəmbər (s.a.s) əllərini göyə qaldırıb dedi: “Allahım, yağışı üstümüzə deyil,

ətrafımıza yağdır. Allahım, onu təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə yağdır!” Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq.” Şureyk dedi: “Mən Ənəsdən: “(Bir həftədən) sonra gələn adam birinci dəfə gələn həmin adam idimi?”– deyə soruşdum. Ənəs: “Bilmirəm”– dedi.” ( "Səhih əl-Buxari", 1013; "Səhih Muslim", 897.)

Peyğəmbər (s.a.s) ümmətindən yetmiş min nəfərin sorğu-suala çəkilmədən və əzaba düçar olmadan Cənnətə girəcəyini bildirərkən demişdir: “Bunlar özlərinə ovsun oxunmasını tələb etməyən, hər hansı bir hadisəni uğursuzluq əlaməti saymayan, müalicə məqsədilə bədəninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir.” Bu vaxt Ukkaşə ibn Mihsən ayağa qalxıb dedi: “Ya Rəsulullah, Allah dua et ki, məni onlardan etsin!” Peyğəmbər (s.a.s): “Sən onlardansan”– dedi.” ("Səhih əl-Buxari", 5705; "Səhih Muslim", 218.)

Həmçinin, Uveys əl-Qərani barəsində olan hədis də buna dəlildir. Həmin hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Ondan sizlər üçün bağışlanma diləməsini istəyin.” ("Mişkat əl-Məsabih", 6257;)

 

İmanın əsasları-8

 

 

Bu növ təvəssül yalnız diri olan kimsədən istənilə bilər, ölülərə gəlincə isə, onlardan bunu diləmək olmaz. Çünki o, hər hansı bir əməli etmək təqdirində deyildir.

2. Qadağan olunmuş təvəssül: Burada təvəssülün şəriətdə buyrulmayan əməllərlə edilən növü nəzərdə tutulur. Bu növ təvəssül metodlarının biri digərindən daha təhlükəlidir. Onlardan bəzilərini qeyd edirik:

Birincisi, Allaha, ölülər və mövcud olmayan şəxslər vasitəsilə dua edib, onlardan kömək istəmək, yardım diləmək, sıxıntıları aradan qaldırmaq və sairədir ki, bu da böyük şirk olub adamı İslam ümmətindən çıxarır.

İkincisi, Allaha, qəbirlərin və məqbərələrin yanında dua edib onlara ibadət etmək, onların üstünü tikib ucaltmaq, üzərinə lampa qoymaq, örtük salmaq və s. ilə olan təvəssüldür ki, bu da tövhidin kamilliyinə zidd olan kiçik şirkdir. Bu isə böyük şirkə aparan bir yoldur.

Üçüncüsü, Allaha, peyğəmbərlərin və əməlisaleh insanların Allah yanında olan hörmətləri, yüksək məqamları və dərəcələri vasitəsilə

təvəssül etməkdir ki, bu da haram sayılır, daha dəqiq desək, bu, sonradan meydana çıxmış bidətlərdəndir. Çünki bu növ təvəssülü Allah

nə buyurmuş, nə də buna izn vermişdir. Uca Allah buyurur: “Allahmı sizə icazə vermişdir?” (Yunus, 59). Bir də ki, əməlisaleh şəxslərin

hörmətləri yalnız onların özlərinə fayda verir. Uca Allah buyurur: “İnsan yalnız can atdığı şeyə nail olar” (ən-Nəcm, 39). Odur ki, Peyğəmbərin (s.a.s) və onun səhabələrinin dönəmində bu növ təvəssül olmamışdır. Bir çox elm əhlindən bunun qadağan və haram olmasına dair rəvayətlər nəql olunmuşdur. Əbu Hənifə – Allah ona rəhmət eləsin! – demişdir: “Dua edən kəs belə sözlər deməməlidir: “Səndən filankəsin xatirinə, yaxud Sənin övliyalarının və peyğəmbərlərinin hörmətinə, yaxud Beytul Həramın və ya Məşərül həramın xatirinə diləyirəm.”

Təvəssüllə bağlı şübhələr və onlara cavab: Əhli Sünnə vəl-Cəmaəyə (Peyğəmbərin (s.a.s) sünnəsinə) müxalif olanlar özlərinin yanlış mövqeyini əsaslandırmaq və avam adamları özlərinə tərəf çəkmək üçün təvəssül məsələsində şübhəli sitatlar və etiraz doğuran fikirlər gətirirlər. Onların şübhələrini iki qismə bölmək olar:

Birinci: Bəzən onlar zəif və uydurma hədislərə əsaslanır ki, bunların zəif və əsassız olduğunu sübuta yetirmək mümkündür. Onların bəzilərini qeyd edirik:

1. “Mənim hörmətimlə təvəssül edin, şübhəsiz ki, Allah yanında mənim hörmətim böyükdür” və ya “Allahdan bir şey dilədikdə, mənim hörmətim vasitəsilə diləyin, şübhəsiz ki, Allah yanında mənim hörmətim böyükdür.” Bu batil hədisdir, elm əhlindən heç kəs onu rəvayət etməmişdir və hədis kitablarından heç birində keçmir.

2. “İşləriniz dolaşığa düşdükdə, qəbirdəkilərdən istifadə edin”, yaxud “Qəbirdəkilər vasitəsilə yardım diləyin.” Alimlərin yekdil rəyinə görə, bu hədis uydurma və Peyğəmbərə (s.a.s) iftiradır.

3. “Bir kimsə daş barəsində belə yaxşı zənn etsə, həmin daş ona fayda verər” Bu hədis bəzi müşriklər tərəfindən uydurulmuş batil və

İslama zidd bir hədisdir.

4. “Adəm xətaya yol verdikdən sonra belə demişdir: “Ey Rəb- bim Muhəmmədin xatirinə Səndən məni bağışlamağını diləyirəm.” Allah dedi: “Ey Adəm, Mən Muhəmmədi yaratmadığım halda sən onu haradan tanıyırsan?” O dedi: “Ey Rəbbim, Sən məni iki Əlinlə yaradıb mənə Öz ruhundan üfürdüyün zaman mən başımı qaldırıb ərşin dayaqlarının altında: “Lə iləhə illəllah, Muhəmmədən rəsulullah” sözlərini gördüm və bildim ki, Sən Öz İsminlə yanaşı yalnız ən sevimli məxluqunun adını qoyarsan.” Allah dedi: “Mən səni bağışladım, əgər Muhəmməd olmasaydı, səni yaratmazdım.” (əl-Əlbani, "Silsilət əl-əhadis ad-daifə vəl-məuduə" (1/88/25)) Bu hədis də

batil və əsassızdır. Buna bənzər digər bir hədis isə budur: “Əgər sən olmasaydın, kainatı yaratmazdım.”

Bu kimi yalan və qondarma rəvayətlərə müsəlman nəinki əsaslanmamalı, heç onlara tərəf nəzər belə salmamalıdır.

İkincisi: Bir sıra səhih hədislər vardır ki, həmin şəxslər onları düz başa düşmür, onların əsl mənasını təhrif edirlər. Həmin hədislərdən bəziləri bunlardır:

1. Səhih bir hədisdə deyilir: “Quraqlıq olduğu zaman Ömər ibn Xəttab, Abbas ibn Abdulmüttəlibin vasitəsilə Allahdan yağmur diləyib deyərdi: “Allahım, əvvəllər biz Peyğəmbərimiz (s.a.s) vasitəsilə Səndən yağmur diləyərdik, Sən də bizə yağış göndərərdin. İndi isə biz Peyğəmbərimizin (s.a.s) əmisi vasitəsilə Sənə təvəssül edirik. Bizə yağmur endir.” Bundan sonra yağış yağardı.” ( "Səhih əl-Buxari", 1010.)

Müxaliflər bu hədisi başqa cür yozaraq bildirirlər ki, burada Ömər Abbasın hörməti vasitəsilə Allahdan diləyirdi. Hədisdəki: “Allahım, əvvəllər biz Peyğəmbərimiz (s.a.s) vasitəsilə Səndən yağmur diləyərdik“–sözünü Peyğəmbərin (s.a.s) hörməti vasitəsilə mənasına yozurlar, “indi isə biz peyğəmbərimizin əmisi vasitəsilə Səndən yağış istəyirik"–yəni əmisinin hörməti vasitəsilə. Şəkk yoxdur ki, bu səhvdir, hədisin mənasına nə yaxından, nə də uzaqdan uyğun gəlməyən bir açıqlamadır. Belə ki, səhabələr əsla Peyğəmbərin (s.a.s) hörməti vasitəsilə Allaha təvəssül etməzdilər. Onlar sadəcə Peyğəmbərin (s.a.s) həyatda olduğu müddətcə ancaq duası vasitəsilə Allaha təvəssül edərdilər. Bu hədisdə də Ömər Peyğəmbərin (s.a.s) əmisi ilə təvəssül dedikdə, onun hörmətini deyil, duasını nəzərdə tutmuşdu. Əgər hörmət vasitəsilə təvəssül etmək deyilən şey onlara məlum olsaydı, o zaman Ömər nə üçün Peyğəmbəri (s.a.s) qoyub, onun əmisi ilə təvəssül edirdi?! Yaxud səhabələr ona irad tutardılar ki, biz bəşəriyyətin ən xeyirlisi olan peyğəmbərini qoyub niyə Abbasın vasitəsilə təvəssül etməliyik?! Buna isə heç kəs etiraz etməmişdi. Bu da onu göstərir ki, onlar hörmət xatirinə deyil, dua vasitəsi ilə təvəssül edirdilər.

Beləliklə aydın olur ki, hörmət vasitəsilə təvəssül etməyə caizdir deyənlər üçün bu hədisdə heç bir dəlil-sübut yoxdur.

2. Osman ibn Huneyf rəvayət etmişdir ki, bir dəfə gözü kor bir kişi Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Allaha dua et məni sağaltsın.” Peyğəmbər (s.a.s) buyurdu: “İstəyirsən sənin üçün dua edim, ya da istəyirsən səbr et, bu sənin üçü daha xeyirlidir.” O dedi: “Yox dua et.” Peyğəmbər (s.a.s) ona gözəl bir tərzdə dəstəmaz alıb bu duanı deməyi buyurdu: “Allahım, mən rəhmət olaraq göndərilmiş peyğəmbərin Muhəmməd (s.a.s) vasitəsilə Səndən diləyirəm, mən bu ehtiyacımın ödənilməsi üçün Allaha dua etdim, Allahım onu mənə şəfaətçi buyur.” Hədisi Tirmizi, Əhməd rəvayət etmiş, Beyhəqi isə səhih hədisdir demişdir. ( "Sünən ət-Tirmizi", 3578; "Müsnəd Əhməd", 4/138.)

Müxaliflər bu hədisdən belə bir nəticə çıxarmışlar ki, Peyğəmbərin (s.a.s), yaxud əməlisaleh insanların hörməti xatirinə təvəssül etmək

olar. Halbuki, bu hədisdə buna dəlil yoxdur. Burada kor bir kişi Peyğəmbərdən (s.a.s) onun üçün Allaha dua etməsini istəyir. Peyğəmbər (s.a.s) də: “İstəyirsən sənin üçün dua edim, ya da istəyirsən səbir et”– deyə buyurur. O isə deyir ki: “Dua et.” Bu da sübut edir ki, təvəssül Peyğəmbərin (s.a.s) hörməti və ya özü ilə deyil, duası vasitəsilə olmuşdur. Elm əhli buna əsaslanaraq bu hədisi Peyğəmbərin (s.a.s) möcüzəsinə və duasının müstəcəb olmasına dəlil gətirmişlər. Belə ki, Peyğəmbərin (s.a.s) duası sayəsində Allah o kişinin gözlərini açdı. Elə bu səbəbdən də Beyhəqi bu hədisi “Dəlail ən-Nubuvvə (peyğəmbərliyin dəlilləri)” əsərində qeyd etmişdir. (Beyhəqi, "Peyğəmbərliyə dəlillər", 6/167.)

İndiki zamanda Peyğəmbər (s.a.s) dünyasını dəyişmiş olduğundan heç kəs üçün dua edə bilmədiyinə görə bunu etmək qeyri-mümkündür. Peyğəmbər (s.a.s) demişdir: “İnsan öldükdən sonra, üç əməl istisna olmaqla, onun bütün əməlləri kəsilir: davamlı sədəqə, faydalı elm və ona dua edən əməlisaleh övlad.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Muslim", 1631.)

Duanın özü də, ölüm gəldikdə kəsilən saleh əməllərdən sayılır. Hər bir halda bunların bütün iddiaları ya səhih olmadığı, ya da

onların düzgün anlamadıqlarına görə əsassızdır.

 

İmanın əsasları-8

 

 

Yeddinci məsələ: Həddi aşmaq

Tərifi: Həddi aşmaq deyildikdə bir şeyi layiq olduğundan artıq tərifləmək və ya pisləmək nəzərdə tutulur. Şəriətdə isə bu istər əqidədə, istərsə də ibadətdə olsun, Allahın insanlar üçün qoyduğu hüdudları aşmağa deyilir.

Hökmü: haramdır. Bir çox dəlillər bunu qadağan edir, ondan çəkindirir və bunu edənin aqibətinin yaxşı olmayacağını bildirir. Uca Allah buyurur: “Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin” (ən-Nisa, 171). Uca Allah həmçinin buyurur: “De:–Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın” (əl-Maidə, 77).

İbn Abbas (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Həddinizi aşmaqdan çəkinin! Şübhəsiz, sizdən öncəkiləri həlak edən dinlərində həddi aşmaları olmuşdur.” Hədisi Əhməd və Hakim rəvayət etmişdir. Hakim hədisi səhih hesab etmiş, Zəhəbi də Hakimin bu rəyini dəstəkləmişdir. ("Müsnəd Əhməd", 1/347; "Müstədrək əl-Hakim", 1/638.)

İbn Məsud (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “İfrata varanlar həlak oldular.” O bunu üç dəfə təkrar etdi.” Hədisi

Muslim rəvayət etmişdir. ( "Səhih Muslim", 2670.)

Ömər ibn Xəttab (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Nəsranilər Məryəm oğlunu şişirtdikləri tək siz də məni şişirtməyin, mən sadəcə Allahın qulu və elçisiyəm.” Hədisi Buxari rəvayət etmişdir. ( "Səhih əl-Buxari", 3445.)

Bu hədisin mənası odur ki, xaçpərəstlər İsanı ilahiləşdirdikləri kimi, siz də məni həddindən ziyadə tərifləməyin. Mən Allahın quluyam, odur ki, məni, Rəbbimin məni vəsf etdiyi kimi vəsf edin–Allahın qulu və elçisi deyin. Əfsuslar olsun ki, insanlar zəlalətə düşərək Peyğəmbər (s.a.s) barəsində həddi aşıblar. Nəsranilər İsanı şişirtdikləri kimi bəzi müsəlmanlar da Peyğəmbəri (s.a.s) şişirdərək ondan günahlarının bağışlanmasını, sızıntılarının aradan qaldırılmasını, xəstəliklərinə şəfa verməsini və başqa bu kimi, heç bir şəriki olmayan Tək Allaha xas olan digər əməlləri diləyirlər. Bütün bunlar sözsüz ki, dində həddi aşmaq sayılır.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

14 sentyabr 2014
GO BACK