Qadin.NET / İmanın əsasları-7

İmanın əsasları-7

İmanın əsasları-7

Peyğəmbərin (s.a.s) tövhidin toxunulmazlığını qoruması

Peyğəmbər (s.a.s) ümmətinə ürəkdən qayğı göstərər və əlindən gələni edərdi ki, ümməti qüdrətli və sarsılmaz olub tövhiddən möhkəm

yapışsın və ona zidd olan, onu puç edən bütün vasitələrdən və səbəblərdən çəkinsin. Uca Allah buyurur: “Sizə özünüzdən elə bir Elçi

gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (ət-Tovbə, 128).

Peyğəmbər (s.a.s) dəfələrlə (ümmətinə) Allaha şərik qoşmağı qadağan etmiş, (onları) şirkdən çəkindirmiş və əzabla qorxutmuşdur. O,

bunu təkrar-təkrar yada salmış, həm xüsusi, həm də ümumi şəkildə həzər edərdi ki, təkAllahlığı–İbrahimlə (ə) göndərilmiş pak və hənif

dinini, onu alçaldacaq və hörmətdən salacaq hər bir sözdən və əməldən qorusun. Bu haqda Sünnədə çoxlu dəlillər vardır. Bunların sayəsində Peyğəmbər (s.a.s) (ümmətinə) hüccət qaldırmış, şübhələri dəf etmiş, üzrləri yox etmiş və özündən sonra aydın bir yol qoyub getmişdir. Növbəti fəsildə Peyğəmbərin (s.a.s) tövhidi necə qoruduğunu və şirkə və batilə aparan yolların qabağını necə aldığını qeyd edəcəyik.

Birinci məsələ: Ovsun.

Tərifi: Ovsun dedikdə şəfa tapmaq və sağalmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərdən (s.a.s) varid olmuş dualar vasitəsilə

oxuyub üfürmək nəzərdə tutulur.

Hökmü: Ovsun oxumaq caizdir və buna aşağıdakıları dəlil göstərmək olar:

Auf ibn Malik (r.a) demişdir: “Biz cahiliyyə dövründə ovsun oxuyardıq. (İslama gəldikdən sonra) Peyğəmbərdən (s.a.s): “Ya Rəsulullah,

bu haqda nə deyə bilərsən?”– deyə soruşduq. Dedi: “Ovsunlarınızı mənə göstərin görüm. Tərkibində şirk olmayan ovsunu oxumaqda

heç bir eyib yoxdur.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Muslim", 2200.)

Ənəs ibn Malik (r.a) demişdir: “Rəsulullah (s.a.s) gözdəymədən, zəhərlənmədən və bədəndə çıxan yaralardan qorunmaq üçün ovsun oxumağa icazə verdi.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Muslim", 2196.)

Cabir ibn Abdullah (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Qardaşına fayda verə bilən hər kəs bunu ondan əsirgəməsin.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Muslim", 2199.)

Aişə (r.a) demişdir: “Bizlərdən birimizin bir yeri ağrıyanda Rəsulullah (s.a.s) sağ əlini ağrıyan yerə sürtər və deyərdi: “Ey insanların Rəbbi, bu xəstəliyi aradan qaldır və şəfa ver. Axı Sənsən Şəfa verən! Sənin verdiyin şəfadan başqa bir şəfa yoxdur. Elə bir şəfa ki, bundan sonra heç bir xəstəlik qalmaz.” Hədisi Buxari və Muslim rəvayət etmişlər. ("Səhih Buxari", 5743; "Səhih Muslim", 2191.)

Şərtləri: Ovsun oxumağın düzgün və caiz olmasının üç şərti vardır:

1. Gərək ovsun oxuyan kəs oxuduğunun özü-özlüyündə faydalı olduğuna yox, yalnız Allahın şəfa verəcəyinə etiqad etsin. Ovsunun özünün faydalı olmasına etiqad etmək haram və şirk hesab olunur. Əksinə, etiqad etməlidir ki, ovsun sadəcə səbəbdir, və bu, yalnız Allahın izni ilə fayda verə bilər.

2. Gərək ovsunda şəriətə müxalif sözlər olmasın. Misal üçün, Allahdan başqasına dua etmək, yaxud cinlərdən mədəd diləmək və ya başqa bu kimi ovsunlar haram və şirk sayılır.

3. Gərək ovsunun sözləri aydın və anlaşılan olsun. Tilsim oxumaq və ya şarlatanlıq etmək qadağandır. Bir dəfə İmam Malikdən soruşurlar ki, ovsun oxumaq, yaxud oxutmaq olarmı? O belə cavab verir: “Əgər gözəl sözlərlədirsə, olar.” 

Qadağan olunmuş ovsun: Yuxarıdakı şərtləri özündə cəm etməyən bütün digər növ ovsunlar qadağan və haramdır. Yəni ovsunun özünün faydalı olduğunu etiqad edərək oxumaq, yaxud şirk, küfr və bidət sözlərindən ibarət olan ovsunları oxumaq, yaxud da

başa düşülməyən tilsimləri oxumaq haramdır.

İkinci məsələ: Həmail

Tərifi: Fayda gətirmək və ya pislikdən qorunmaq üçün boyundan asılan dua, sümük, muncuq və sairəyə deyilir. Ərəblər cahiliyyə dövründə övladlarını gözdəymədən qorumaq iddiası ilə onların boyunlarından həmail asardılar.

Hökmü: Haramdır.

Burada Allahdan başqasına bağlılıq olduğuna görə bu, şirkin bir növü sayılır. Çünki qoruyan yalnız Allahdır və pisliklərdən yalnız

Allah, bir də Onun ad və sifətləri vasitəsilə qorunmaq olar. İbn Məsud (r.a) demişdir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini

eşitmişəm: “Şübhəsiz ki, tilsimlər, həmaillər və tivələ (Tivələ–qadını ərinə sevdirmək üçün istifadə olunan sehr növü.) şirkdir.” Hədisi

Əbu Davud və Hakim rəvayət etmişdir. ("Sünən Əbu Davud", 3883; "Müstədrək əl-Hakim", 4/241. Hakim hədisi

səhih saymış, Zəhəbi də onunla razılaşmışdır.)

Abdullah ibn Ukeym (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) belə demişdir: “Kim (boynundan, paltarından və s.) bir şey assa, elə ona da həvalə edilər.” Hədisi Əhməd, Tirmizi və Hakim rəvayət etmişdir. ("Müsnəd Əhməd", 4/310; "Sünən ət-Tirmizi", 2072; "Müstədrək əl-Hakim", 4/241. Hakim hədisi səhih saymışdır.)

Uqbə ibn Amir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) belə demişdir: “(Boynundan) həmail asan kimsəyə Allah salamatlıq nəsib eləməsin, balıqqulağı asan kimsəyə də Allah rahatlıq verməsin!” Hədisi Əhməd və Hakim rəvayət etmişdir. ( "Müsnəd Əhməd", 4/154; "Müstədrək əl-Hakim", 4/240. Hakim hədisi səhih saymış, Zəhəbi də onunla razılaşmışdir.)

Uqbə ibn Amir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) belə demişdir: “Həmail asan kimsə Allaha şərik qoşmuş olur.” Hədisi Əhməd rəvayət etmişdir. ( "Müsnəd Əhməd", 4/156; "Müstədrək əl-Hakim", 4/244. Hakim hədisi sə- hih saymış, Abdurrəhman ibn Həsən isə demişdir ki, hədisin raviləri etibarlıdır.)

Bütün bu dəlillər cahiliyyə dövründə ərəblərin oxuduqları və içərisində şirk olan ovsunlara aiddir. Bunlarda Allahdan qeyrilərinə bağlılıq və şirk olduğuna görə qadağan edilmişdir. İçində Quran ayələri yazılmış həmaillərə gəlincə, bu xüsusda İslam alimləri ixtilaf etmişlər. Bəziləri bunu caiz hesab etmiş, digərləri isə haram saymış və: “Şəfa tapmaq məqsədilə boyundan Quran asmaq olmaz”– demişlər. Bu rəy aşağıdakı əsaslara görə daha doğru hesab edilir:

Birincisi, həmail asmağı qadağan edən dəlillər ümumidir (hər cür həmailə aiddir) və bunu xüsusiləşdirən (hansısa həmailin daşınmasına rüsxət verən) bir dəlil yoxdur.

İkincisi, daha böyük günaha aparan yolun qarşısını kəsmək üçün: belə ki, bu gün boynundan Quran ayəsi asan kimsə, sabah başqa həmailləri də asa bilər. 

Üçüncüsü, Quranı boynundan asan kimsə onunla ayaqyoluna getdikdə və orada təbii ehtiyacını rəf etdikdə, yuyunduqda və başqa bu kimi natəmiz işlərdə Allahın ayələrinə qarşı hörmətsizlik etmək məcburiyyətində qalacaq.

Dördüncüsü, şəriətə görə Quran oxumaq vasitəsilə şəfa diləmək yalnız müəyyən formada caizdir. Bu da, xəstəyə Quran oxumaqdır ki, bundan artığını da etmək olmaz. 

İmanın əsasları-7

Üçüncü məsələ: Həlqə, sap və buna bənzər şeylər taxmaq

Həlqə dedikdə dəmir, qızıl, gümüş və ya misdən olan dairə nəzərdə tutulur. Sap isə məlumdur–yundan da ola bilər, kətandan da. Cahiliyyə dövründə ərəblər gözdəymədən qorunmaq, xeyir əldə etmək və şərdən qorunmaq üçün bunları asardılar. Uca Allah buyurur: “De:–Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi? De:–Mənə

Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (əz-Zumər, 38); “De:–Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər” (əl-İsra, 56).

İmran ibn Husayn (r.a) demişdir: “(Bir dəfə) Peyğəmbər (s.a.s) bir kişinin qolunda misdən bir həlqə gördü və (ondan): “Bu nədir belə?”–deyə soruşdu. O dedi: “Taxıram ki, ağrılarımı azaltsın.” Peyğəmbər (s.a.s) buyurdu: “Çıxart onu, çünki o sənin ancaq zəifliyini artırır, onu at getsin, əgər o sənin üzərində olduğu halda ölsən, heç vaxt nicat tapmayacaqsan.” Hədisi Əhməd rəvayət etmişdir. ( "Müsnəd Əhməd", 4/445.)

Bir dəfə Hüzeyfə ibn Yəmən (r.a) bir kişinin qızdırmadan qorunmaq üçün əlinə bağladığı bir ipi qırdı və bu ayəni oxudu: “Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (Yusuf, 106). 

Həlqə, sap və s. taxmağın hökmü haramdır. Əgər bunu edən kəs bunların öz gücü ilə təsir etdiyini etiqad edərsə, həmin şəxs Rübubiyyət tövhidində böyük şirk etmiş olur. Çünki bu zaman o Allahdan başqa idarə edənin olduğuna etiqad etmiş olur. Allah ona

qoşduqları şəriklərdən ucadır və uludur. Yox, əgər etiqad etsə ki, təsir edən yalnız Allahdır, lakin bu həlqə, sap və s. sadəcə bir səbəbdir, bu zaman həmin şəxs kiçik şirkə yol vermiş olur. Çünki o səbəb olmayan bir şeyi səbəb hesab edərək qəlbini qeyrisinə yönəltmiş olur. İnsanın qəlbi həmin şeyə bağlandıqda ondan şəri dəf edərək xeyir gətirməsini umacaqdır ki, bu da nəticədə böyük şirkə yol verməsinə gətirib çıxaracaqdır.

Dördüncü məsələ: Daşlardan, ağaclardan və başqa bu kimi digər şeylərdən bərəkət diləmək

Təbərrük etmək bərəkət diləmək deməkdir. Bərəkət diləmək isə iki cür ola bilər:

1. Şəriətin buyurduğu məlum bir şeylə, məsələn, Quranla təbərrük etmək. Uca Allah buyurur: “Bu, Bizim nazil etdiyimiz mübarək

bir Kitabdır” (əl-Ənam, 92, 155). Quranın bərəkəti ondadır ki, bu Kitab insanlara doğru yol göstərir, qəlblərə şəfa verir, nəfsləri islah edir, əxlaqı gözəlləşdirir və s.

2. Və ya şəriətin buyurmadığı qaydada-daşlar, ağaclar, qəbirlər, məqbərələr, xüsusi yerlər və sairə ilə təbərrük etməkdir ki, bunların hamısı şirk sayılır.

Əbu Vaqid əl-Leysi (r.a) demişdir: “Biz Peyğəmbərlə (s.a.s) birlikdə Huneyn deyilən yerə getdik. Həmin vaxt biz hələ islamda təzə idik.

Müşriklərin orada başına toplanıb silahlarını üzərindən asdıqları zatul-Anvat adlı sidr (Sidr tikanlı ağac növüdür.) ağacı var idi. Biz onun yanından keçərkən Peyğəmbərə (s.a.s) dedik: “Ya Rəsulullah, onların zatul-Anvat ağacı olduğu kimi, bizim üçün də belə bir ağac seç.” Peyğəmbər (s.a.s) buyurdu:

“Allahu Əkbər! Bu, əvvəlkilərin yoludur. Allaha and olsun ki, siz İsrail oğullarının Musaya dediyi kimi dediniz: “Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız” (əl-Əraf, 138). Heç şübhəsiz ki, siz özünüzdən əvvəlkilərin yolunu tutub gedəcəksiniz.” Hədisi Tirmizi səhih olaraq rəvayət etmişdir. ("Sünən ət-Tirmizi", 2180.)

Bu hədisdən bəlli olur ki, ağaclardan, qəbirlərdən, daşlardan və sairədən bərəkət ummaq, habelə, onların ətrafında toplaşmaq və qurban kəsmək şirkdir. Elə buna görə hədisdə onların dediyi İsrail oğullarının “Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud

düzəlt” dediyinə bənzədilir. Bunlar müşriklər kimi sidr ağacı ilə təbərrük etmək istəyirdilər. İsrail oğulları da həmçinin müşriklərin ilahı

kimi bir ilah istəmişdilər. Bu tələblərin hər ikisi tövhidə ziddir. Çünki ağacdan bərəkət diləmək şirkin bir növüdür, Allahdan qeyrisini ilah

seçmək isə açıq-aydın şirk hesab olunur.

Peyğəmbərin (s.a.s): “Siz özünüzdən əvvəlkilərin yolunu tutub gedəcəksiniz” sözlərinə gəlincə, bu Peyğəmbərin (s.a.s) öz ümmətinin başına gələcək bir şeyi əvvəlcədən xəbər verməsidir və o, həm xəbərdarlıq, həm də qadağan etmişdir.

Beşinci məsələ: Qəbirlərlə bağlı bəzi əməllərin qadağan olması barədə

İnsanlar cahiliyyətdən yeni çıxdıqları üçün, habelə tövhidin qorunması naminə İslamın ilk dönəmində qəbirləri ziyarət etmək qəti qadağan olunmuşdu. İman insanların qəlbinə yeridikdə və hər tərəfə yayıldıqda, tövhidin dəlilləri aydın olduqda və şirkin şübhələri aradan qalxdıqda, şəriət müəyyən qaydalar, hədəflər və məqsədlər çərçivəsində qəbirləri ziyarət etməyə icazə verdi.

Bureydə ibn Husayb (r.a) rəvayət etmişdir ki, Peyğəmbər (s.a.s) belə demişdir: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə onları ziyarət edin.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Müslim", 977.) Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Qəbirləri ziyarət edin, çünki onlar sizə ölümü xatırladır.” ("Səhih Müslim", 975.) Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə onları ziyarət edin, çünki bunda ibrət vardır.” ("Müsnəd Əhməd", 3/38; "Müstədrək əl-Hakim", 1/531.)

Ənəs ibn Malik (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə onları ziyarət edin, çünki bu qəlbləri yumşaldır, gözləri yaşardır və axirəti yada salır. Lakin orada artıq-əskik söz danışmayın.” ("Müstədrək əl-Hakim", 1/532.)

Bureydə (r.a) demişdir: “Allahın Rəsulu (s.a.s) bizlərə qəbirləri ziyarət etməyə gedərkən bu sözləri deməyi öyrədərdi: “Ey bu diyarın mömin və müsəlman sakinləri! Sizlərə salam olsun! İnşəAllah biz də sizlərə qovuşacağıq. Allahdan həm özümüzə, həm də sizlərə salamatlıq diləyirəm.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Müslim", 975.)

Bu mənada varid olan bütün hədislər qadağan olunduqdan sonra qəbirləri iki məqsədlə ziyarət etməyin lazım olduğunu bildirir:

Birincisi, dünyaya könül bağlamamaq, axirəti, ölümü və çürüməyi xatırlamaq, habelə, qəbirdəkilərdən ibrət almaq üçündür. Bu da

insanın imanını artırır, onun yəqinliyini və Allaha olan bağlılığını daha da möhkəmləndirir, üstəlik onu Allahdan üz çevirməkdən və qafil

olmaqdan qoruyur.

İkincisi, ölülər üçün dua etmək, Allahdan onlar üçün rəhmət, bağışlanma və əfv diləməklə ölülərə yaxşılıq etmək. Qeyd etdiyimiz dəlillər məhz bunları əmr edir. Kim bundan başqa bir şeyi iddia edərsə, ondan bunu əsaslandırması və dəlil-sübut gətirməsi tələb olunar.

Peyğəmbərimizin (s.a.s) sünnəsi tövhidi qorumaq üçün qəbirlərlə bağlı bir sıra məsələləri qadağan etmişdir ki, hər bir müsəlman zəlalətə düşməsin və batilə yol verməsin deyə bunları öyrənməlidir. Bu qadağalara aşağıdakılar aiddir:

1. Ziyarət əsnasında artıq-əskik sözlər danışmaqdan çəkinmək: Az öncə qeyd etdiyimiz hədisdə Peyğəmbər (s.a.s) demişdir: “Artıq-əksik sözlər danışmayın.” Burada artıq-əksik sözlər deyildikdə şəriətin qadağan etdiyi sözlər nəzərdə tutulur ki, bunların da önündə

qəbirlərə dua edib onlardan istəməklə Allaha şərik qoşmaq, onlardan mədəd və yardım diləmək gəlir. Bunlar açıq-aşkar şirk və küfrdür.

Bir çox hədislərdə Peyğəmbər (s.a.s) bunları qadağan etmiş, bu yaramazlıqları edənləri isə lənətləmişdir. Muslimin "Səhih" əsərində Cundəb ibn Abdullahın (r.a) belə dediyi rəvayət olunur: “Peyğəmbərin (s.a.s) vəfatından beş gün əvvəl onun belə dediyini eşitdim: “Bilin ki, sizdən əvvəlkilər peyğəmbərlərinin və aralarındakı əməlisaleh insanların qəbirlərini məbəd etmişlər. Nəbadə qəbirləri məscidlərə çevirəsiniz! Mən sizə bunu qadağan edirəm.” ("Səhih Müslim", 532.) Demək, ölülərə dua etmək, onlardan nə isə istəmək, habelə, hər

hansı bir ibadəti onlara yönəltmək böyük şirkdir. Qəbirlərin ətrafına toplanıb onların yanında Allahdan onların dualarını qəbul etməsini

diləmək, habelə, içərisində qəbir olan məsciddə namaz qılmaq isə dində inkar edilən bidət və yeniliklərdir.

Buxari və Muslimin "Səhih" əsərlərində Aişədən (r.a) rəvayət edilir ki, Peyğəmbər (s.a.s) ölümündən qabaq belə demişdir: “Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər.” ( "Səhih əl-Buxari", 1330; "Səhih Müslim", 531.)

2. Qəbirlərin yanında qurban kəsmək: Əgər bu əməl, qəbirdəkilər onların istəklərini yerinə yetirsin deyə onlara yaxınlaşmaq üçün edilirsə, bu böyük şirk sayılır. Yox əgər başqa məqsədlə edilirsə, onda bu, ən təhlükəli bidətlərdən–şirkə aparan ən böyük vasitələrdən hesab edilir. Peyğəmbər (s.a.s) demişdir: “İslamda (cahiliyyə dövründə olduğu kimi) qurban kəsmək yoxdur.” Abdur-Rəzzaq demişdir: “O zaman müşriklər qəbirlərin yanında inək və ya qoyun kəsərdilər.” ("Sünən Əbu Davud", 3222.)

3, 4, 5, 6, 7. Qəbirin içərisindən çıxan torpaqdan əlavə torpaq qoymaqla onu hündür etmək, onu gipslə suvamaq, üzərində yazı

yazmaq, üzərində tikili ucaltmaq və üzərində oturmaq barədə: Bütün bu sadalananlar həmin o bidətlərdir ki, yəhudilər və xaçpərəstlər bunların vasitəsilə azğınlığa düşmüşlər. Bunlar şirkə aparıb çıxaran ən böyük vasitələrdən sayılır. Cabir (r.a) demişdir: “Peyğəmbər (s.a.s) qəbrləri gipslə suvamağı, onların üzərində oturmağı, üzərilərində tikili bina etməyi, yer səviyyəsindən hündür etməyi və üzərində yazı yazmağı qadağan etmişdir.” Hədisi Muslim, Əbu Davud və Hakim rəvayət etmişdir. ( "Səhih Müslim", 970; "Sünən Əbu Davud", 3225; "Müstədrək əl-Hakim", 1/525.)

8. Qəbirlərə tərəf və ya onların yanında namaz qılmaq: Əbu Mərsəd əl-Ğənəvi (r.a) demişdir: “Mən Peyğəmbərin (s.a.s) belə

dediyini eşitmişəm: “Qəbirlərə tərəf namaz qılmayın və onların üzərində oturmayın.” Hədisi Muslim rəvayət etmişdir. ( "Səhih Müslim", 972.)

Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Məzarlıq və hamam istisna olmaqla, bütün yer üzü səcdəgahdır.” Hədisi Əbu Davud və Tirmizi rəvayət etmişlər. ( "Sünən Əbu Davud", 492; "Sünən ət-Tirmizi", 317. Hakim hədisi səhih

saymış, Zəhəbi də onunla razılaşmışdır.)

9. Qəbirlərin üzərində məscid tikmək barədə: Bu əməl də yəhudi və xaçpərəstlərin gətirdikləri bidətlərdəndir. Əvvəldə qeyd etmişdik ki, Aişənin (r.a) rəvayət etdiyi hədisdə deyilir: “Allah yəhudi və nəsranilərə lənət etsin, onlar öz peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirdilər.”

10. Qəbirləri ziyarət etməyi adət halına salmaq: Bu da, o bidətlərə aiddir ki, özündə böyük zərər olduğuna görə barəsində açıq-aydın qadağalar varid olmuşdur. Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: "Mənim qəbrimi ziyarətgaha çevirməyin, evlərinizi də qəbirstanlığa döndərməyin, harada olsanız, mənə salavat deyin və bilin ki, sizin salavatınız mənə çatdırılır". Hədisi Əbu Davud və Əhməd rəvayət etmişlər. ("Sünən Əbu Davud", 2042; "Müsnəd Əhməd", 2/367.)

11. Ziyarətgahları ziyarət etmək məqsədilə səfərə çıxmaq: Bu da qadağan edilmiş əməllərdəndir. Çünki bu əməl şirkə aparan vasitələrdəndir. Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: (bu) – Məscidül-Həram, Peyğəmbərin (s.a.s) məscidi və Məscidül-Əqsadır.” Hədisi Buxari və Muslim rəvayət etmişlər. ("Səhih əl-Buxari", 1189; "Səhih Müslim", 1397.)

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

Xəbərimizin bu hissəsinin ardını növbəti xəbərdə inşəallah oxuyarsınız.

13 sentyabr 2014
GO BACK