Qadin.NET / İmanın əsasları-Giriş (1)

İmanın əsasları-Giriş (1)

Əziz Qadın.Netlilər, bu gün dünya elə bir hala gəlibdir ki, hər kəs öz bildiyi doğrusunu camaata çatdırmağa çalışır, amma əsl doğru bir kənarda qalaraq öz zamanını gözləyir. İslamı parçalamaq üçün o qədər bilgilər saxtalaşdırır ki, adamların çoxu müəmma içində qalır və kimə, nəyə inanacağını artıq bilmir. Ona görə də belə qərara gəldim ki, Dinimiz barədə təməl bilikləri sizinlə paylaşım. Unutmayın, hər birimizin əqidəsi İslam olmalı və Allahın qoyduğu, Muhamməd Peyğəmbərin (s.a.s) göstərdiyi yol ilə getməyə çalışmalıyır. Allah bizə bu yolu tapmağı və daim bu yolu izləməyi nəsib etsin. Bu gün sizlərlə İslamın əsasları barədə-iman və onun əsasları barədə məlumatlar paylaşacağam. Ümid edirəm ki, xəbərləri mütəmadi olaraq izləyəcək və birlikdə müəyyən məlumatlar mənimsəyəcəyik. Elə isə keçək əsas mövzuya.

 

İmanın əsasları-Giriş (1)

Quran və sünnə əsasında imanın əsasları

Bu dini bizim üçün kamil edən, bizə olan nemətini tamamlayan, bizim müsəlman ümmətimizi ən xeyirli ümmət edən və bizə öz içimizdən Allahın ayələrini bizə oxuyan, bizi günahlardan təmizləyən, Kitabı və hikməti bizə öyrədən bir elçi göndərən Allaha həmd olsun!

Allahın aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun! Sonrasına gəlincə, həqiqətən, cinlərin və insanların yaradılışında hikmət Tək Allaha ibadət etməkdir. Bu xüsusda Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım”

(əz-Zariyat, 56). Elə bu səbəbdən də əsas və mübarək mənbələrdən– Allahın Kitabı və Onun elçisinin (s.a.s) Sünnəsindən götürülmüş tövhid və düzgün əqidə həmin o ibadətin yerinə yetirilməsi üçün qayədir. Tövhid bu kainatın qurulmasına rəvac verən bünövrədir. Odur ki, tövhidin aradan qaldırılacağı təqdirdə bu kainatda fəsad, qarmaqarışıqlıq və hərc-mərclik meydana gələr. Bu xüsusda Uca Allah buyurur: “Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların

hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!” (əl-Ənbiya, 22).

Pak və müqəddəs Allah həmçinin buyurur: “Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz” (ət-Talaq, 12). Bu (mövzuya dair) başqa ayələr də mövcuddur.

İnsan ağlı bu əqidəni təfsilatı ilə dərk edə bilmədiyinə görə, Allah Öz elçilərini göndərmiş və Öz kitablarını nazil etmişdir ki, bunu insanlara müfəssəl şəkildə izah etsin və onlar da elmə və mötəbər dəlillərə əsaslanaraq, həmçinin açıq-aydın əsaslara və düzgün etiqada istinad edərək Allaha ibadət etsinlər. Odur ki, Allahın elçiləri bir birinin ardınca göndərilərək bu əqidəni (insanlara) təbliğ etmiş və onu (müfəssəl şəkildə) bəyan etmişlər. Pak və müqəddəs Allah bu xüsusda belə buyurur: “Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın” (Fatir, 24). Allah həmçinin buyurur: “Sonra bir-birinin ardınca elçilərimizi göndərdik” (əl-Muminun,

44). Bu o deməkdir ki, peyğəmbərlər bir-birinin ardınca göndərilmiş və nəhayət, bu ardıcıllıq onların ən hörmətlisi, ən fəzilətlisi və imamları sayılan Peyğəmbərimiz Muhəmməd (s.a.s) ilə tamamlanmışdır. O, Allahın risalətini təbliğ etmiş, öhdəsinə düşən vəzifəni yerinə yetirmiş, ümmətə öyüd-nəsihət vermiş, Allah yolunda səmimi-qəlbdən (canı və malı ilə) vuruşmuş və (insanları) gizlində və aşkarda Allaha dəvət etmişdir. O, boynuna düşən peyğəmbərlik yükünü layiqincə daşımış, Allah yolunda ən ağır əziyyətlərə məruz qalmış və bütün bunlara, digər ulul-əzm (Ulul-əzm peyğəmbərləri deyildikdə xüsusi əzmkar və səbirli olanlar nəzərdə tutulur. Bunlar Nuh, İbrahim, Musa, İsa və Muhəmməddir (s.a.s)) peyğəmbərlərin səbir etdiyi kimi, səbir etmişdir. O, (bəşəriyyəti) o vaxta qədər Allaha tərəf çağırmış və Onun doğru yoluna yönəltmişdir ki, nəhayət, Allah onun əli ilə bu dinə bu dinə zəfər qazandırmış və Öz nemətini tamamlamışdır. Məhz onun dəvəti sayəsində insanlar dəstə-dəstə Allahın dininə daxil olmuşlar. Allah Öz peyğəmbərinin əli ilə bu dini kamilləşdirməyincə və Öz nemətini tamamlamayınca Peyğəmbər (s.a.s) bu dünyadan köçməmişdir. Bu xüsusda pak və müqəddəs Allah bu ayəni nazil etmişdir: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (əl-Maidə, 3).

Peyğəmbər (s.a.s) bu dini tamamilə–bütün əsasları və ikinci dərəcəli ayinləri ilə bəyan etmişdir. Bu xüsusda hicrət diyarının (Burada "hicrət diyarı" deyildikdə, Peyğəmbərimizin (s.a.s) və onun səhabələrinin hicrət etdiyi Mədinə şəhəri nəzərdə tutulur.) imamı Malik ibn Ənəs (r.a) demişdir: “Peyğəmbər (s.a.s) öz ümmətinə ayaqyolunda təmizlənməyi öyrətmiş, amma tövhidi öyrətməmişdir”– deyə

onun haqqında pis zənn etmək ağlasığmazdır.

Peyğəmbər (s.a.s) (bəşəriyyəti) tövhidə və səmimi qəlbdən Allaha ibadət etməyə, habelə şirkdən tamamilə–həm böyüyündən, həm də

kiçiyindən üz çevirməyə çağırmışdır. Elçilərin hamısının vəzifəsi də məhz bu olmuşdur. Belə ki, onların hamısı tövhidə dəvət xüsusunda

həmrəy olmuş və yekdilliklə buna dəvət etmişlər. Üstəlik, bu onların dəvətinin çıxış nöqtəsi, peyğəmbərlik missiyasının məğzi və onların

göndərilməsinin əsas məramı olmuşdur. Bu xüsusda Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!” (ən-Nəhl, 36). O, həmçinin buyurur: “Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək” (əl-Ənbiya, 25). O, həmçinin buyurur: “Səndən əvvəl göndərdiyimiz elçilərdən – onların davamçılarından soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (əz-Zuxruf, 45). O həmçinin buyurur: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi:–Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” (əş-Şura, 13).

İmam Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (r.a) rəvayət edilmiş hədisdə Peyğəmbər r demişdir: “Peyğəmbərlər

ata bir, ana ayrı övladlardır. Anaları ayrı olsa da, dinləri birdir”(“Səhih əl-Buxari”, 3443; “Səhih Muslim”, 2365.).

Peyğəmbərlərin dini və əqidəsi eyni, şəriət qayda-qanunları isə başqa-başqa olmuşdur. Bu haqda Uca Allah buyurur: “Sizlərdən hər

biriniz üçün bir şəriət və bir yol təyin etdik” (əl-Maidə, 48).

 

İmanın əsasları-Giriş (1)

 

Elə buna görə də hər bir müsəlman yəqin bilməli və hər bir möminə aydın olmalıdır ki, dini məsələlərdə mülahizə yürütmək və ağıla istinad edərək hökm vermək olmaz. Odur ki, yer üzündə olan hər bir müsəlman, peyğəmbərlərin və elçilərin etiqadı üzərində olmalı, onların iman gətirdikləri, üstəlik heç bir şəkk və tərəddüd etmədən dəvət etdikləri əsaslara iman gətirməlidir.

“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər:–Biz Onun elçiləri arasında fərq qoymuruq! Onlar dedilər:–Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285).

İman gətirmək, Allaha boyun əymək, təvazökar olmaq, itaətkarlıq göstərmək və qəbul etmək–məhz bunlar möminlərin gördüyü işlər

və onların tutduğu yoldur. Mömin bunları yerinə yetirdiyi təqdirdə ona salamatlıq nəsib olur və o, əmin-amanlıq içində yaşayır. Üstəlik

onun mənəviyyatı təmizlənir, qəlbi rahatlıq tapır və batil etiqadları üzündən yolunu azmış insanların düşdüyü azğınlıqdan–təzadlı

düşüncələrdən, ziddiyyətli fikirlərdən, şübhəli məsələlərdən, yanlış qərarlardan, hərc-mərclikdən və qərarsızlıqdan tamamilə uzaq olur.

Dəyişməz əsasları, tutarlı özülləri və möhkəm dayaqları olan düzgün İslam əqidəsi insanlara həm bu dünyada, həm də Axirətdə xoşbəxtlik, firavanlıq və uğur qazandıran yeganə əqidədir. Bu ona görədir ki, İslam əqidəsi açıq-aydın əlamətləri, mötəbər dəlilləri, tutarlı əsasları və sübutları olan, habelə qüsursuz fitrətə, sağlam düşüncəyə və saf qəlbə uyğun gələn bir əqidədir. Elə buna görə də bütün İslam aləminin bu saf əqidəni öyrənməyə böyük ehtiyacı vardır. Belə ki, bu aləmin xoşbəxtliyi məhz həmin əqidədən asılıdır və onsuz nicat tapmaq mümkün deyildir.

Müsəlman bu yığcam risalədə hər bir müsəlman üçün ən lazımlı sayılan İslam əqidəsinin əsaslarını və onun ən mühüm dayaqlarını,

habelə bu əqidənin ən bariz xüsusiyyətlərini və əlamətlərini tapa bilər. Üstəlik bunların hər birinin dəlil-sübutla əsaslandırıldığını da görə bilər. Bu məlumatlar Quran və Sünnə işığında imanın əsaslarını açıqlayır. Bunlar isə peyğəmbərlərdən miras qalmış, gün kimi aydın

olan, kiçikdən böyüyə qədər hər kəsin ən qısa müddətdə dərk edə biləcəyi əzəmətli əsaslardır. Hidayətə qovuşdurmaq isə təkcə Allaha

aiddir!

Pak və müqəddəs Allahdan diləyirik ki, bunun sayəsində cəmi müsəlmanlara xeyir nəsib etsin! Axırda yenə Uca Allahı tərif edib

deyirik: Həmd olsun aləmlərin Rəbbi Allaha!

Şanlı Quranın nəşri üzrə

kral Fəhd adına Kompleksin 

Baş Katibliyi

Xəbərimizin ardını mütləq izləyin.  wink

19 avqust 2014
GO BACK