“Ayələrimiz barədə istehzalı söhbətlərə dalanlar-başqa bir söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan sənə unutdursa, xatırladıqdan sonra zülm edən dəstə ilə birlikdə oturma.” (Ənam, 68)
Allah Quranın bir çox ayəsində dini mövzuların, İlahi anlayışların və Quran ayələrinin Allaha şərik qoşanlar, inkarçılar və münafiqlər tərəfindən ələ salındığını, məsxərəyə qoyulduğunu vurğulayır. Allah Quranda bu insanlara əsla qoşulmamağı, onlarla birlikdə oturmamağı, hətta əks təqdirdə onlar kimi olacağımızı da bizə bildirir (Nisa, 140). Belə olduğu halda, sırf ön mühakimələrdən, yaxud cahillikdən dolayı Quranın yeddi ayəsi ilə diqqət çəkilmiş “İnşəAllah” və “MaşAllah” sözlərini lağa qoymaq, yaxud bu mövzularda zarafat etmək də insanın axirəti cəhətdən olduqca təhlükəlidir.
“İnşəAllah” və “MaşAllah” demək ibadətdir.
Öncəliklə qeyd edək ki, “İnşəAllah” və “MaşAllah” sözləri cəmiyyətin şüuraltındakından çox daha fərqli mənalar daşıyır. Cəmiyyətdə “İnşəAllah” sözü çox vaxt “kaş olaydı” mənasında işlədilir. Halbuki, bu hikmətli sözün mənası “əgər Allah istəsə”, “Allahın izni ilə” deməkdir. Dolayısıyla, “İnşəAllah” sözü yalnız olmasını istədiyimiz, planlaşdırdığımız işlərdə deyil, həm xeyirli, həm də şər olaraq gördüyümüz məsələlərdə işlənməlidir. Çünki pis kimi görünən hadisələr də yalnız və yalnız Allahın idarəsi daxilində baş verir:
“…Onlara bir yaxşılıq toxunsa “bu, Allahdandır” deyərlər. Bir pislik toxunsa “bu, sənin tərəfindəndir” deyərlər. De ki, “hamısı Allahdandır!”. Lakin nə olur bu insanlara ki, heç bir sözü anlamağa çalışmırlar?!”(Quran, 4:78)
Cəmiyyətdə “MaşAllah” sözünün də mənası təhrif edilmişdir. Belə ki, ətrafımızdakı insanlar bu sözü “göz dəyməsin”, “Allah nəzərdən qorusun” mənasında işlədirlər. Halbuki, bu hikmətli sözün əsl mənası “Allah belə istədi”, “Allah nə gözəl yaradıb” deməkdir.
Diqqət yetirdinizsə, hər iki söz hər şeyin Allahın idarəsi və nəzarətində olduğunu, hər şeyin Allah tərəfindən təyin edildiyini vurğulamaq, beləliklə də, nəfsi gizli şirk kimi olduqca böyük bir təhlükədən uzaqlaşdırmaq xüsusiyyəti daşıyır. İnsan əgər “mən filan işi mütləq edəcəyəm” desə və ya bir gözəlliyə baxıb Allahı unudaraq “necə də gözəldir” demiş olsa, bu zaman gizli şirk xəstəliyinə düçar olar. Lakin həmin insan bunları edərkən “İnşəAllah” və “MaşAllah” sözlərindən istifadə etsə, şirk kimi ən böyük günahdan uzaq qalmış olar. Necə ki, Allah Quranın Kəhf surəsində buna xüsusilə diqqət çəkir:
“Heç bir şey haqqında “mən sabah bunu mütləq edəcəyəm” demə. Ancaq “İnşəAllah!” (edəcəyəm de). Unutduğun zaman Rəbbini zikr et və de ki, “ümid var ki, Rəbbim məni bundan daha yaxın bir nailiyyətə yönəldib çatdırar” (Kəhf, 23-24)
“Bağına girdiyin zaman: “MaşAllah, Allahdan başqa qüvvət yoxdur” deməli deyildinmi?..” (Kəhf, 39)
Ayələrdən anlaşıldığı kimi, insanın eynilə namaz, oruc və ya zəkat kimi məsul olduğu ibadətlərdən biri də “İnşəAllah” və “MaşAllah” sözlərini zikr etməsidir. Unutmaq olmaz ki, “İnşəAllah” və “MaşAllah” sözləri eynilə “SubhanAllah”, “Əlhəmdulillah” və ya “Lə ilahə illəllah” kimi zikrdir. Bu zikrlərdən tarix boyunca Peyğəmbərlərimiz də istifadə etmişdir. Məsələn, Hz. İbrahim peyğəmbərin (ə.s) Allaha öz oğlunu qurban etməsi vaxtı gəldiyi zaman oğlu İsmailə (ə.s.) bunu gözəl bir üslubda xəbər vermiş, Hz. İsmail də atası Hz. İbrahimə belə cavab vermişdir: “...Dedi ki: “Atacan, əmr olunduğun şeyi et. İnşəAllah, məni səbr edənlərdən görəcəksən” (Saffat, 102)
Quranda Hz. Musa və Hz. Xızır arasında keçən bir dialoq zamanı da Musa peyğəmbər Hz. Xızırın ona təlim keçməsini xahiş etmiş və belə demişdir: “İnşəAllah, məni səbr edən görəcəksən. Heç bir işdə sənə qarşı gəlməyəcəyəm” (Kəhf, 69)
Quranın Qəsas surəsində Hz. Musanın comərdlik göstərdiyi qadınlar barədə bir qissədən danışılır və bu qadınların yaşlı atası Hz. Musa ilə söhbəti zamanı Allahı zikr edərək danışır:“...Sənin üçün çətinlik yaratmaq istəmirəm. Məni də, inşəAllah, salehlərdən görəcəksən” (Qəsas, 27)
Quranda Məkkənin böyük fəthi ilə bağlı verilmiş müjdə ayəsində də bu fəthin yalnız “Allahın izni ilə” gerçəkləşəcəyi xəbəri verilir: “And olsun ki, Allah elçisinin gördüyü yuxunun haqq olduğunu doğruladı. İnşəAllah, siz mütləq Məscidi-Harama əmin-amanlıqla, saçlarınızı qırxmış, qısaltmış olaraq qorxusuzca girəcəksiniz…” (Fəth, 27)
Diqqət yetirsək, burada Allahın vədindən, yəni ayədə də bildirildiyi kimi mütləq gerçəkləşəcək bir hadisədən söz açılır. Halbuki, gerçəkləşəcəyi qəti olmasına baxmayaraq, çox hikmətli bir şəkildə, ayədə “İnşəAllah” zikri də keçir. Bu da Müsəlmanların hər şeyin Allahın idarəsində olduğunu unutmamaları üçün bir xatırlatma vəsfi daşımaqdadır.
“İnşəAllah” zikrinə Peyğəmbərimiz (s.a.v.) də hədisi-şəriflərində tez-tez diqqət çəkmişdir: “Bir kəsin bütün işlərində “İnşəAllah” deməsi onun imanının kamilliyindəndir” (Tabərani)
“İnsanlar üçün “İnşəAllah” deməkdən daha fəzilətli itaətkarlıq yoxdur” (Hədisi-Şərif)
Beləliklə, görürük ki, “İnşəAllah” və “MaşAllah” sözləri İslam dinində xüsusi yer tutur. İslam aləmində bu sözlər əsrlər ərzində qismən unudulmuş və ya təhrif edilmiş olmasına baxmayaraq, İslamın mütləq və dəyişilməz mənbəsi olan Quranda bu zikrlər əsrlər boyunca öz təravətini qoruyub saxlamışdır və müsəlmanlar eynilə digər zikrlər kimi şirki məhv edən bu zikrləri də ibadət olaraq həyata keçirməlidirlər.
“İstehzalı söhbətlərə dalanlar” və ya “zülm edən dəstə”
Başda da qeyd etdiyimiz kimi, Allah Ənam surəsində müqəddəs anlayışları ələ salan insanlara “zülm edənlər” tərifi vermiş və bir çox digər ayəsində də bu istehzaçı insanları Cəhənnəm əzabı ilə təhdid etmişdir. Qurana baxdığımız zaman bu insanların heç də dindən uzaq insanlar olmadığını görürük, hətta tam əksinə, bunlar elə dinin içində olan şəxslərdir. Bəli, bunlar elə insanlardır ki, öz dinləri barədə zarafatlar edir, özlərinin “inandıqları” dəyərləri ələ salırlar. Allah Ənam surəsi, 70-ci ayədə onları “öz dinlərini oyun-oyuncaq və əyləncə sayanlar” olaraq təsvir etmiş və “həlaka uğrayanlar”-ın da onlar olduğunu söyləmişdir. Allah digər bir ayəsində yenə bu xüsusiyyətə sahib insanlara diqqət çəkir və belə buyurur: “O kəslər ki, dinlərini bir əyləncə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Onlar bu günlərilə qarşılaşacaqlarını unutduqları və Bizim ayələrimizə əhəmiyyət verməyib saymadıqları kimi Biz də bu gün onları unudacağıq” (Quran, 7:51)
Son günlərdə insanlar sanki sözləşiblərmiş kimi “İnşəAllah” və “MaşAllah” zikrlərini eşitdikləri zaman dərhal gülüşüb zarafatlaşmağa başlayır və öz kiçik ağıllarında bu çirkin əxlaqa “səbəb”-lər də tapırlar. Halbuki, Allahın bütün zikrləri və bütün isimləri müqəddəsdir və insanların bu müqəddəs sözləri ələ salmaq üçün heç bir “bəhanə” törətməyə haqları yoxdur. Maraqlıdır ki, heç bir gülməli cəhəti olmayan bu saxta zarafatları edənlər isə özlərini son dərəcə ağıllı və dindar sanırlar. İnsan unutmamalıdır ki, dilindən hər nə söz çıxarsa, dərhal onu qeyd edən mələklər vardır (Quran, 50:17) və dinlə bağlı söylədiyi hər bir istehzalı söz Axirətdə onu çox böyük məsuliyyət altına sala bilər. Elə buna görə də, Allah bu əxlaq pozuntusunu “zülm” adlandırmış və insanın bununla öz-özünə zülm etdiyini bizə çatdırmışdır. Əsl müsəlmanın borcu isə budur ki, Allahın “İnşəAllah” və “MaşAllah” kimi gözəl zikrlərinə bağlansın, belə məsxərələrə əsla yol verməsin və bu cür “zarafatlar” edilən mühitləri tərk etsin. Allah Quranda belə əmr edir:
“...Allahın ayələrinin inkar edildiyini və ələ salındığını eşitdiyiniz zaman onlar başqa bir sözə dalıb keçənə qədər onlarla oturmayın, yoxsa siz də onlar kimi olarsınız. Doğrusu, Allah münafiqlərin və inkar edənlərin hamısını cəhənnəmdə toplayacaqdır” (Quran, 4:140)
Rafet Əlizadə