Qadin.NET / Qurani-Kərimin Əl-Muzəmmil surəsi

Qurani-Kərimin Əl-Muzəmmil surəsi

Qurani-Kərimin Əl-Muzəmmil surəsi

əl-Muzzəmmil (Örtünüb bürünən) surəsi 
(Məkkədə nazil olmuşdur, 20 ayədir) 
Bismillahir rəhmanir-rəhim! 

 

  1. Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
  2. Gecəni az bir hissəsi istisna olmaqla  qalxıb namaz qıl!
  3. (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
  4. Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!
  5. Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik.
    Qurani-Kərimin Əl-Muzəmmil surəsi
  6. Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir!
  7. Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur).
  8. Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.
    Qurani-Kərimin Əl-Muzəmmil surəsi
  9. O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa heç bir tanrı yoxdur. (Özünə) ancaq Onu vəkil et!
  10. (Ya Peyğəmbər!) Onların (Məkkə müşriklərinin) sənə deyəcəklərinə (batil söz və iftiralarına) səbr et. Onlardan gözəl tərzdə ayrıl!
  11. (Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət ver! (Tezliklə cəzalarına yetişərlər).
  12. Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm;
  13. Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!
  14. O gün (qiyamət qopandan) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.
  15. Həqiqətən, Biz - Firona peyğəmbər göndərdiyimiz kimi  sizə də (qiyamət günü Allahın hüzurunda) şahidlik edəcək peyğəmbər göndərdik.
    Qurani-Kərimin Əl-Muzəmmil surəsi
  16. Firon o peyğəmbərə (Musaya) asi oldu və Biz də onu şiddətli əzabla yaxaladıq (həm özünün, həm də onunla birlikdə olanları suda boğduq).
  17. Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən (qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?!
  18. (O gün) göy parçalanaraq, (Allahın) vədi yerinə yetəcəkdir.
  19. Həqiqətən, bu (ayələr insanlara) öyüd-nəsihətdir. Hər kəs istəsə, Rəbbinə tərəf bir yol tutar! (İbadət və itaətlə Allaha yaxınlaşar!)
  20. (Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (sizə rüsxət verdi). Qurandan sizə müyəssər olanı oxuyun. (Allah) bilir ki, içərinizdə xəstələr də olacaq, bəziləri Allahın lütfündən ruzi axtarmaq üçün (ticarət məqsədilə) yer üzünü gəzib dolaşacaq, digərləri isə Allah yolunda vuruşacaqdır (cihada gedəcəkdir). Elə isə ondan (Qurandan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin. Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
24 iyul 2014
GO BACK