Qadin.NET / Sübh namazına laqeyd yanaşmayın

Sübh namazına laqeyd yanaşmayın

 Sübh namazına laqeyd yanaşmayın

Namaz dinin dirəyi, ibadətlərin ən üstünüdür. Uca Allaha qarşı ən əhəmiyyətli ibadət vəzifəmiz gündə beş dəfə qıldığımız namazlarımızdır. Yetkinlik çağına gələn, ağıllı hər bir müsəlmana gündə beş vaxt namaz qılmaq fərzdir. 

     Namaz bizi Yaradan, Yaşadan, saysız-hesabsız nemətləri verən uca Allaha qarşı bir qulluq vəzifəmizdir. 

     Namaz qılanlar Allahın əmrini yerinə yetirmiş, qulluq borclarını ödəmiş və Allahın məmnuniyyətini qazanmış, dünya və axirət xoşbəxtliyinə qovuşmuş olurlar.  

Sübh namazına laqeyd yanaşmayın

Görəsən, bu zamanda sübh namazına qalxa bilmədiyi üçün ağlayan, peşman olan, tövbə və istiğfar edən, "Necə qalxa bilərəm" deyə çırpınan nə qədər mömin var? 

Beş vaxt namaz qılan möminlər içində həftədə, ayda və ya bir neçə ayda bir sübh namazı qaçıranların sayı olduqca çoxdur. İstəsəniz, başda öz nəfsinizdə, sonra ətrafınızda kiçik bir araşdırma aparın. Bu acı həqiqəti bütün çılpaqlığıyla görəcəksiniz. 

Halbuki, sübh namazı və bütün fərz namazlar başda Peyğəmbərimizin (s.ə.s.) və onun seçkin səhabələrinin üzərində titrədiyi möhtəşəm bir ibadətdir. Bir mömin sübh namazını qaçırdığına "ağlını qaçırmış kimi" dəli, divanə olmalı, dünyası qaralmalı, onda iştah olmamalı, axşama qədər özünü cəzalandırmalıdır. 

Sübh namazını qıla bilmədiyi gün yer yerindən oynamalıdır, ağlı başından getməli, tövbə və istiğfar üçün Allaha əl açmalı, yalvarmalı, üzr istəməlidir. 

Hamısından önəmlisi isə səhər namazını qaçırma işini qətiliklə "sıravi" görməməli, "ola bilər" deyə qəbul etməməli, nəfsinə, qəflətinə, yuxusuna üsyan etməlidir. "Harada səhv etdim? Hansı tədbiri almalıyam ki, bir daha bu kədərli əzaba düşməyim?" deyə həll yolları axtarmalı, tapmalı və dərhal tətbiq etməlidir. Çünki söz mövzusu olan uşaq oyuncağı deyil, adi bir hadisə deyil, üç günlük dünya həyatını maraqlandıran bir məsələ deyil. Sözünü etdiyimiz bizim, kainatın və hər şeyin Sahibi, Sultanı, Yaradıcısı olan Allahın hüzuruna girmək, Onun dərgahında səcdəyə bağlanmaq, canımız, cananımız, varlığımız, sevənimiz, sevgilimiz olan Zat-ı Zülcəlala ibadət etmə məsələsidir. Dünyada heç bir şey bundan daha mühüm, daha lazımlı, daha sevimli ola bilməz. Əgər burada bir əskiyimiz varsa, xəta bizdədir. Bir mömin həftədə bir, ayda bir səhər namazına dura bilmədiyini normal görə bilməz, qəbul etməz! 

Namazlarımızı vaxtında qıla bilmiriksə, bu gedişə dayan demək, diqqətsizliyimizə, laqeydliyimizə üsyan etmək, "Artıq yetər" demək məcburiyyətindəyik. 

Qulu olmaqla fəxr etdiyimiz Rəbbimiz bizdən belə bir laqeydlik istəmir. 

Sübh namazına laqeyd yanaşmayın

Ümməti olmaqla şərəfləndiyimiz Sevgili Peyğəmbərimiz (s.ə.s.) bizə məsuliyyətsizliyi öyrətməyib. O, bütün ömründə yalnız bir dəfə sübh namazını qılmayıb. O da döyüşdən döndükdən sonra həddindən artıq yorğun və yuxusuz olduğu üçün və növbətçinin yatması üzündən, bəlkə də ümmətinə belə vəziyyətlərdə necə davranması lazım olduğunu dərs vermək hikmətiylə olmuşdur.

Həqiqət bu ikən sübh namazına laqeyd qala bilmərik. 

Sübh namazı üçün necə bir vəziyyətdə olursaq-olaq, istər onu həftədə bir, istər ildə bir, hətta bir neçə ildə bir qaçırmış olsaq, özümüzü toplamalı və namazlarımıza qarşı diqqətli və məsuliyyətli olmalıyıq.

14 iyul 2014
GO BACK