Qadin.NET / Orucluq pis bir şeydirmi?

Orucluq pis bir şeydirmi?

Orucluq pis bir şeydirmi?
Adətən bir çox insanlar arasında bu məsələ müzakirə olunur. Bəziləri bunu bir adət-ənənə, müsəlmaçılığın simvollarından biri kimi, bəzisi vacib buyurulmuş şəri göstərici kimi qəbul edirlər. Bəzi insanlar orucluğun fəsadlarını, bəziləri isə, əksinə, fayda və fəlsəfi çalarlarını axtarırlar. Bəzilərinin isə ümumiyyətlə vecinə deyil.
Orucluqda fəlsəfə, məntiq, hikmət axtarmaq bəzən insanı elementar və bəsit baxış bucağından məhrum edir. İnsafən hökm verək, orucluğun nəyi pisdir? Gəlin gözümüzdən qaçan ən sadə şeylərə nəzər salaq:
- Orucluq insanlar arasında soyuqluq əlaqələrini qırır. Bir-birinin üzünə həsrət qalmış insanlar bu ay iftar süfrələri təşkil edir və görüşürlər. İnsanlar arasında sosiolaji əlaqələr güclənir.
- Orucluq itib getmiş iradəni möhkəmləndirir. Belə ki, adi gündə heç bir vəchlə siqareti tərk etməyən kəslər bir ay müddətində siqaretdən imtina edirlər. Orucu batil edən şeylərdən könüllü surətdə uzaq dururlar. Orucluq insana özünü göstərir ki, sən iradəlisən. Əgər istəsən özünə hakim ola bilərsən.
- Orucluq insanın nitqini ələ alır. Oruc tutan adam az danışır ki, enerjisi itməsin.
- Oruc insan il ərzində unutduğu dininə tərəf qayıdış edir. Çalışır ki, dinin göstəricilərinə əməl etsin ki, orucu düzgün hesab edilsin.
- Orucluqda hətta əldən möhkəm insanlar belə xeyirxahlıq işləri görməyə çalışırlar. Süfrələr açır, ehsanlar edir, xəstəxana, uşaq və qocalar evini yada salırlar.
- Oruc tutan insan azan vaxtına, namazın ilkin vaxtda qılınmasına diqqət edir, daha məsuliyyətli olur. İl boyu sübh namazlarına laqeyid olsa da, Ramazanda demək olar ki, bütün sübhləri oyaq halda qarşılayır.
- Oruc tutan şəxs ruh və bədənini saf saxlamaqla hissiyyatını daha da gücləndirir. Hər şeyə cəld reaksiya göstərir. Ətrafda olub-bitənləri daha tez sezir.
Orucluq pis bir şeydirmi?
- Oruc tutan şəxs il boyu tərk etdiyi məscidə tərəf qayıdış edir, cəm şəkildə ibadət etməyə çalışır. Kütləvi şəkildə dualar edilir, bəşəriyyətin düşmənləri xatırladılır.
Mən bu gözdən qaçan bəsit , amma dərin keyfiyyətləri uzada bilərəm, əziz dostlar. Mənim, sənin, onun oruc tutmaqdan acığı gələ bilər. Deyə bilərik ki, orucluq bizim əl-qolumuzu bağlayır. Bu bizi sıxa bilər. Amma obyektiv baxsaq görərik ki, əksinə, bu bizi inkişaf etdirəcək bir proqramdır. Biz bu ay özümü inkişaf etdirə bilərik. Bəs niyə istifadə etmirik? Bizdən olsa il boyu yatarıq. Amma İlahi buyruq bizi ayıltmağa çalışır.
Orucluq barədə zəruri qeyd
Yəqin ki, orucluq haqqında bir çox maarifləndirici məlumatlar, fiqhi hökmlər oxuyacaqsız. Bunlardan ən bəsitini deməyi özümə vəzifə hesab edirəm.
Oruc, Fiqhin ibadətlər bölümünün tərkib hissəsidir. İbadətlər bölümünün ən başlıca cəhəti niyyətin şərt olmasıdır. Yəni bir insan niyyət etmədən (niyyətin dildə deyilməsi şərt deyil. Şərt insanın nə etdiyini bilməsidir) ibadət bölümündə yer alan əməllərdən birini etsə ibadəti batildir.
Niyyətin əsas şərtlərindən bəzisini qeyd edirəm: Onun vacib olub-olmaması müəyyən olmalıdır; əda və ya qəza olması müəyyənləşdirilməlidir; niyyətin tamamlanması üçün Qürbətən iləllah məfhumu şərtdir. Qürbətən iləllah (illəllah yox iləllah) "Allaha yaxınlaşmaq üçün" anlamını daşıyır.
Orucluq pis bir şeydirmi?
Orucun niyyətini iki cür etmək olar: 1. Bir aylıq oruc tutmaq niyyəti 2. Hər gün üçün tutulan orucun niyyəti.
Nəticə etibarı ilə hər bir oruc tutan şəxs iki niyyətdən birini etməlidir:
1. Allaha yaxınlaşmaq üçün (onun əmrini yerinə yetirərək) Ramazan ayının bir aylıq vacib orucunu tuturam.
2. Allaha yaxınlaşmaq üçün (onun əmrini yerinə yetirərək) Ramazan ayının birinci (ikinci, üçüncü və s.) gününün vacib orucunu tuturam.
Oruc niyə tutulur? - Allah vacib buyurduğu üçün.
Bunu haradan bilirsən və niyə məhz Ramazan ayında? - Quranda belə buyurulub.
Quranın harasında belə buyurulub? - "Bəqərə" surəsi, 183-cü ayə.
Oruc tutmaq üçün nə etmək lazımdır? Sübh azanından, şam azanına kimi orucu batil edən maddi (həm də mənəvi) şeylərdən çəkinmək lazımdır.
Batil edən şeylər nədir? - Bunun üçün əməli risalələrə müraciət edin.
Ramazan ayının gəlişi ilə sizləri təbrik edirəm. Allah bu ayda edilən dua və xeyir əməlləri qəbul etsin. Amin.
Fərid Abdullah.
29 iyun 2014
GO BACK