Qadin.NET / "Qurani Kərim" Əl- Bəqərə 2

"Qurani Kərim" Əl- Bəqərə 2

Allahı harada yad etsəniz O, sizinlədir. Allahı sevməyin nişanəsi Onu yad etməyi sevməkdir. Camaatı yad etmək xəstəlik, Allahı yad etmək şəfadır.

 Peyğəmbər(s) buyurmuşdur: Ümmətim arasında bir kişi görürəm ki, şeytanlar onu əhatə etmişdir. O Allahı yad etməklə şeytanlardan nicat tapır.

"Qurani Kərim" Əl- Bəqərə 2
Ardı:

 

 

47. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.

48. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir.

49. Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi.

50. O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq.

51. O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.

52. Sonra bunun ardınca Biz sizi bağışladıq ki, bəlkə şükür edəsiniz.

53. O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə doğru yolla gedəsiniz.

54. O zaman Musa öz qövmünə dedi: "Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir". O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.

55. O zaman siz: "Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!"– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu.

56. Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz.

57. Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik və: "Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!"– dedik. Onlar Bizə deyil, ancaq özlərinə zülm etdilər.

58. O zaman Biz dedik: "Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: "Bizi bağışla!"– deyin ki, sizin günahlarınızı bağışlayaq". Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq.

59. Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.

60. O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: "Əsanla daşa vur!"– dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. Onlara dedik: "Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!"

61. Onda siz dediniz: "Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!". O dedi: "Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!" Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.

62. Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

63. Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: "Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!"

64. Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız.

65. Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: "Mənfur meymunlar olun!"– dedik.

66. Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.

67. Bir zaman Musa öz xalqına dedi: "Allah sizə bir inək kəsmənizi əmr edir!" Onlar: "Sən bizi ələ salırsan?"– dedilər. Musa: "Cahil olmaqdan Allaha sığınıram!"– dedi.

68. Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!"

69. Onlar dedilər: "Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. Ona baxanları sevindirir".

70. Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq".

71. Musa dedi: "Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda heç bir ləkə-qüsur yoxdur". Onlar: "İndi sən əsl həqiqəti bildirdin!"– dedilər və onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər.

72. O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar.

73. Biz dedik: "İnəyin bir parçasını ona (ölüyə) vurun!" Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.

74. Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.

75. Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.

76. Onlar möminlərlə rastlaşanda: "Biz iman gətirdik!"– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: "Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?"– deyirlər.

77. Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?

78. Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar.

79. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah tərəfindəndir!"– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!

80. Onlar dedilər: "Od bizə ancaq bir neçə gün toxunacaq!" De: "Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?"

81. Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar!

82. İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!

83.Bir zaman Biz İsrail oğulları ilə: "Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!"– deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib döndünüz.

84. O zaman Biz sizinlə: "Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!"– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz.

85. Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir.

86. Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir.

87. Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi?

88. Onlar dedilər: "Qəlblərimiz qapalıdır!" Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.

89. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər Allah kafirlərə lənət etsin!

90. Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır.

91. Onlara: "Allahın nazil etdiyinə inanın!"– deyildikdə, onlar: "Biz özümüzə nazil edilənə inanırıq"– deyib onun ardınca gələni inkar edirlər. Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: "Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?"

92. Musa sizə açıq-aydın dəlillər gətirmişdi. O getdikdən sonra siz buzovu ilahiləşdirib özünüzə zülm etdiniz.

93. O zaman Biz sizinlə əhd bağlayıb dağı başınızın üstünə qaldırdıq: "Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!"– deyə əmr etdik. Onlar: "Eşitdik və asi olduq!"– dedilər. Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi. De: "Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!"

94. De: "Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!"

95. Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır.

96. Sən onların həyatına bütün insanlardan, hətta müşriklərdən də daha həris olduqlarını görəcəksən. Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. Allah onların nə etdiklərini görür.

97. De: "Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir".

98. Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.

99. Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər.

100. Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır.

101. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər.

102. Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: "Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!

103. Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər!

 (Ardı var)

2 fevral 2011
GO BACK