ət-Tur (Dağ) surəsi
(Məkkədə nazil olmuşdur, 49 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;
- And olsun yazılmış kitaba (Tövrata, Qurana, yaxud bütün ilahi kitablara) -
- Açıq dəri üzərində (olan kitaba);
- And olsun (mələklərin ibadət etdiyi) Beytülməmura;
- And olsun yüksək tavana (uca göyə)
- Və dolub daşan (alovlanan) dənizə ki,
- Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!
- Onu heç kəs dəf edə bilməz!
- O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),
- Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.
- O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
- O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.
- O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.
- (Onlara belə deyiləcəkdir: ) Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!
- (Vəhyə, Qurana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz?
- Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəclər!
- Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və nemətlər içində olacaqlar.
- Rəbbinin onlara əta etdiyi nemətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.
- (Onlara belə deyiləcəkdir: ) (Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için;
- Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda! Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.
- İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!
- Onları istədikləri meyvə və ətlə (bol-bol) təmin edəcəyik.
- Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.
- Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.
- Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.
- Və (söhbət əsnasında) belə deyəcəklər: Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.
- Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.
- Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!
- Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin neməti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!
- Yoxsa onlar (sənin barəndə): (O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik! deyirlər.
- De: Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözləyənlərdənəm!
- Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.
- Yoxsa onlar: Onu (Quranı) özündən uydurdun! - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.
- Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Quran) kimi bir kəlam gətirsinlər!
- Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!
- Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!
- Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!
- Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!
- Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!
- Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!
- Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)
- Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!
- Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!
- Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: Bulud topasıdır! deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).
- Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!
- O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.
- Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!
- (Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!
- Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!)