Başımıza pis hadisə gələndə və ya hansısa yaxşı olmayan, pis mühitə düşəndə baş verənləri belə xatırlayırıq: “Cəhənnəm kimi idi”. Bir adamla mübahisə edəndə, ona təhqiramiz sözlər deyəndə, ona “Cəhənnəm ol” deyənlərimiz var. Eləcə də dünya həyatını düşünərkən daim Cənnətə düşmək istəyənlər var. Çox adam Cənnətin gözəl, Cəhənnəmin isə pis olduğunu bilir. Cəhənnəmin kafirlər üçün bir yer olduğunu deyirlər. Bəs müsəlman? Məgər müsəlman cəhənnəmə düşə bilməzmi? Təbii ki düşər! Kafirdən fərqi yalnız onda olar ki, müsəlman kəs əgər günahları çoxdursa, cəhənnəmdə o günahların qarşılığındakı əzabı bitən kimi Cənnətə girər. Amma kafir Cənnətin iyini belə sonsuzluq boyu duymaz.
Məişətimizdə Cəhənnəmlə bağlı işlətdiyimiz bu ifadələrin mənasını bilməyənlərimiz, məncə, yetərincə var. Eləcə də Cəhənnəmdən qaçmaq istəyənlər, Cənnətə düşmək istəyənlər sırasına aidik məncə. Bu yazını oxuyanların hər birinə şamil edirəm bunu. Eləcə də özümə. Yaxşı, madam ki, Cəhənnəmi bu dərəcədə şiddətlə arzulamırıqsa, onda oranın necə bir yer olduğunu bilirikmi? Oradakı odun şiddətini, Cəhənnəmin qapılarını, oranın genişliyini, oradakı işgəncə alətlərini, Cəhənnəmdəki dağları, vadiləri, Oranın yeyəcək və içəcəklərini təsəvvür edə bilərikmi? Təbii ki, edə bilərik! Bunun üçün Qurana və hədislərə baxmağımız kifayətdir. Bilənlərimiz bilir və bu onlar üçün bir təkrar olacaq. Təkrar isə bilik xəzinəsi açarının dişlərindən biridir. Ona görə də təkrarın bir zərəri yoxdur ki, faydası var. Bilməyənlərimiz isə qoy oxusun və bilsin.
İlk olaraq Cəhənnəmin qapılarından və Cəhənnəmdən Allaha sığınmaqdan başlamaq istəyirəm.
Bu mövzuda danışarkən hədislər və ayələri misal göstərməyim, məncə kifayət edəcək. Elə isə hazır olun, sizi Cəhənnəmə səyahətə aparıram! Kəmərlərinizi bərk bağlayın ki, geri sağ-salamat qayıda biləsiniz!!!
Misar Əbdul Əladan gələn hədisə görə: “Cənnət və Cəhənnəm Adəmoğlunun dediklərini eşidir. Əgər kimsə, “Allahım, məni oddan qoru!” deyə dua etsə, Cəhənnəm də “Allahım! Bu adamı qoru!” deyər. Cənnəti istədiyində sə Cənnət belə deyər “Allahım, Ona qovuşdur!” ”. (Hilyətül – Övliya, 5/88)
Abdurrahman b. Əbu Leyla atasından bu hədisi nəql etmişdir: Rəsulullah (s.a.s) bir nafilə namaz əsnasında cəhənnəmdən bəhs edən bir ayə oxudu. Sonra isə belə dedi: “Cəhənnəmdən Allaha sığının. Elcə də Cəhənnəmdəkilərdən...” (Təbəri, “Mücəmul-Kəbir” 6/92-92, Müslim, “Səhih” 8/160-161, Əbu Davud “Sünən” 4751, Əhməd b. Hənbəl “Müsnəd” 5/190)
Kuleyb b. Həzn əl-Cərmi, Rəsulullahdan (s.a.s) bu szləri nəql edir: “Cəhənnəm ondan qaçandan qafil olmaz. Cənnət də onu istəyəndən qafil olmaz. Var gücünüzlə Cənnəti istəyin. Var gücünüzlə Cəhənnəmdən qorunun”. (Təbərani “Mücəmul-Kəbir” 17/200, Tirmizi 4/715)
İndi isə bir az da Cəhənnəmin qapıları barədə məlumat əldə edək.
Asim b. Damra, Hz Əlidən bu hədisi nəql edir: “Cəhənnəmin qapıları bir-birinin üzərindədir.” ( İbn Kəsir “Təfsir” 2/551, Təbəri “Təfsir” 14/24)
Həccac İbn Cüveyrdən nəqlən bu hədisi bildirib: “Onun yeddi qapısı vardır...”(Hicr surəsi, 44-cü ayə) bu qapıların adları bunlardır:
1. Cəhənnəm
2. Ləza
3. Hutəmə
4. Sair
5. Səqər
6. Cəhim (Əbu Cəhl buradadır.)
7. Həviyə ” (İbn Kəsir, “Təfsir” 2- 551, Təbəri “Təfsir” 14-24, İbnül-Mübarək, “Əz-Zühd” 85)
Gəlin üstdəki hədisdə sözü gedən ayənin hamısına nəzər yetirək. Hicr surəsinin 39, 40, 41, 42, 43 və 44-cü ayələrini qeyd edirəm: “(İblis) dedi: "Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa". Allah dedi: "Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa". Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.”
Bu yeddi qapının hər birindən bir qrup insanlar keçəcəkdir. Bunlar da həmin adamların günahlarının dərəcələrindən asılı olacaqdır. Necədir? Keçmək istəyirikmi bu qapıdan? Əlimizin qaynar su ilə yanmağına dözə bilməyən bizlər, o Cəhənnəmin içini demirəm hələ, sadəcə qapılarına yaxınlaşa bilib onun alovuna dözə bilərikmi?
Səyahətimizi burada dayandırıb, hər birimizin düşünməyimiz üçün fasilə etməyi təklif edirəm. Çox uzaqlaşmayın. Səyahətimiz davam edəcək.