Qadin.NET / Həyat imtahanını dəyərləndirək

Həyat imtahanını dəyərləndirək

Həyat imtahanını dəyərləndirək

Hisslərin nəfsin əsiri olduğu dövrümüzdə səmimi bir könül ilə yerinə yetirilən İslami xidmətlər, insanların iman və təqva ilə yaşadığı dövrlərdəki bir çox xidmətlərdən daha fəzilətlidir. Çünki bir xeyrin mükafatı, onun yerinə yetirilməsində dözülən məşəqqətlər nisbətində böyükdür. Bu baxımdan yaşadığımız son zamanın bütün mənfiliklərinə baxmayaraq əldə edə biləcəyimiz kiçik bir müvəffəqiyyətin, çox böyük bir mükafatla qarşılaşacağı ehtimalını əsla nəzərdən qaçırmamalıyıq. Yaşadığımız bu həyatda İlahi bir imtahan olaraq, bəzən Allahın qəzəb, bəzən isə mərhəmət hissi ilə qarşılaşırıq. Əsl mərifət nəfsani arzularımızı yox edərək, bütün gücümüzü saf bir niyyətlə Allahın rizasına yönəltməkdir. Bu halın nəticəsində də qəzəb və mərhəmət hisslərindən peşman olmadan çıxa bilməliyik. 

Həyat imtahanını dəyərləndirək

Bir hədisdə belə buyrulur:

“Möminin halı doğurdan da qibtə edilməyə və heyran olunmağa dəyər. Çünki, hər halın özü onun üçün bir xeyir vəsiləsidir. Belə bir xüsusiyyət yalnız mömində vardır: 1. Mömin sevinəndə şükr edər – bu onun üçün xeyirlidir. 2. Başına bir bəla gələndə səbr edər – bu da onun üçün xeyirlidir.” (Müslim, Zühd 64)

Belə olduğu halda vaxtımızı cürbəcür etiraz, bəhanə və şikayətlə keçirmək yerinə, qəlb və iradəmizi Haqqa və xeyrə istiqamətləndirməklə öncə özümüzü kamilləşdirib keçirdiyimiz zamanı və şəraiti buna görə dəyərləndirməyə çalışmalıyıq.

Dünya vahiməli bir yuxu kimidir, zahirdə bal kimi şirin görünsə də, fəqət daxilində, sahibini ruhani əzab ilə bizar və narahat edər.

Həyat imtahanını dəyərləndirək

İnsan Allahdan uzaqlaşanda qiyaməti gözləmək lazım deyil. Bu onsuz da insanın qiyamətidir. İnsanın Allahdan uzaq yaşaya biləcəyini ümid edən məqam, elm və texnologiyadakı parlaq yüksəlişə baxmayaraq, insani planda bəlkə də, “bitmək” deyilən bir sıxıntı içindədir. Belə ki, hətta elm və texnologiya üçün bəşəri (dünyəvi) olanın digər tərəfində bir əxlaqa ehtiyac duyulur.

Bu günün şərtləri ilə hidayət yolunu axtaranlar üçün fəqirlərə, yetimlərə, imkansızlara mərhəmətli bir könül ilə yardım əlini uzatmaq, Allahın rizasını qazanmağın ən gözəl xüsusiyyətlərindəndir. Bu gün Peyğəmbərimizin (s.ə.s) və onun şəxsində pak səhabəsinin məhəbbət və eşqindən bir hissə alaraq qəlblərinə iman eşqini, kökslərinə Quran ruhaniyyətini, ruhlarına xidmət etmək sevincini, vicdanlarına gözəl əxlaqın saflığını yerləşdirib əbədi səadətin tükənməz mənəvi həzzi içində ömür sürən möminlər necə də xoşbəxtdirlər.

Allah hamımızı bu bəyan olunan xüsusiyyətlərə müvəffəq etsin! Amin!..

16 mart 2014
GO BACK