Qadin.NET / Quran hekayələri - Əshabi Kəhf

Quran hekayələri - Əshabi Kəhf

 

Quran hekayələri - Əshabi Kəhf

Qədim Efesus şəhərində bütpərəstlərin dini bayramı idi. Camaat adətləri üzrə dəstə-dəstə şəhərdən kənardakı gəzinti yerlərinə axışırdı. Hamının üzündən fərəh və sevinc yağırdı. Cavan bir oğlan isə dərin fikrə getmişdi. O, ayaqlarını sürüyə-sürüyə gedir, qəsdən dəstədən geriyə qalırdı. Artıq ürəyində qəti qərara gəlmişdi ki, bütpərəstliklə birdəfəlik üzülüşsün. Ona görə də bu gün bayram mərasimindən yayınmaq istəyirdi. Oğlan camaatın aralandığını görüb kənardakı bir ağacanın kölgəsinə tərəf getdi. Çox keçmədi ki, bir cavan oğlan da onun yanına gəldi. Bir azdan daha bir neçə cavan o iki gəncə qoşuldu. Onlar yeddi nəfər oldular.

Bu cavanlar həmfikir idilər. Onları bir arzu, bir niyyət birləşdirirdi: bütpərəstlikdən əl çəkib, bir olan Allaha iman gətirmək. Cavanlar bilirdilər ki, qatı bütpərəst zülmkar Dəqyanus şah bu məsələdən xəbər tutsa, dərilərinə saman təpər. Hələ ki dinlərini qəlblərində gizli saxlamaq qərarına gəldilər.

Onlar imkan tapdıqca bir yerə yığılır, dərdləşir, sonra da Uca Allaha dua edirdilər.

Aradan bir müddət keçdi. Bir gecə onlar yenə bir yerə yığışmışdılar. Cavanlardan biri qorxa-qorxa dedi:

- Dostlar, dünən mən bir xəbər eşitdim. Əgər eşitdiyim düz çıxsa, onda bizi təhlükə gözləyir: Şah sirrimizdən xəbər tutub. O, qəzəblənərək bildirib ki, əgər dinimizdən dönməsək, bizə işgəncə verəcəklər.

İkinci bir cavan dedi:

- Mən də bu xəbəri eşitmişdim, amma əhəmiyyət verməmişdim. Mənim fikrim belədir: Heç bir əzab-əziyyətdən qorxmayıb öz əqidəmizdə möhkəm olmalıyıq. Bu dəyərsiz bütlərə ibadət etmək heç yaraşarmı bizə? Biz ki, onların puçluğunu bilirik.

Onlar gəncin fikrini təsdiqləyib, dağılışdılar. Ancaq uzağa gedə bilmədilər, çünki onları izləyirdilər. Şahın cəsusları cavanları tutub saraya gətirdi. Şah cavanları süzüb qəzəblə dedi:

- Gizlində işlər görürdünüz! Elə bilirdiniz ki, xəbər tutmayacağam?! Bir bunlara bax, bizim dinimiz xoşlarına gəlmir. Bəxtiniz gətirib ki, adlı-sanlı nəsildənsiniz. Sizə sabaha qədər vaxt verirəm. Öz dininizə qayıtmasanız, boynunuzu vurduracağam!

Uca Allah cavanlara dayaq olub güc və iradələrini artırdı. Onlar dedilər:

- Biz bu dini ağlımızın hökmü ilə qəbul etmişik. Allah birdir və biz onun əvəzinə başqa bir tanrıya ibadət etmək fikrində deyilik. Bu, bizim qəti qərarımızdır. Əmr sahibisən, nə istəsən, edə bilərsən.

Şah yenə də onlara səhərə qədər möhlət verdi. Gənclər fikirli halda saraydan çıxdılar. Onlardan biri dedi ki, gəlin dağa gedək, oradakı mağarada yaşayaq. Allah Kərimdir, bəlkə elə üzümüzə bir işıq yolu açılacaq.

Dan yeri ağarmamış onlar şəhərdən çıxdılar. Yolda onlara bir it də qoşuldu. Uzun yol getdikdən sonra gəlib mağaraya çatdılar. Mağaranın yanında meyvə və bulaq vardı. Cavanlar meyvədən yeyib, sudan içdilər. Çox keçmədi ki, şirin yuxuya getdilər.

Quran hekayələri - Əshabi Kəhf

Aylar, illər ötdü,  o cavanlar isə beləcə dərin yuxuda qaldılar. Əgər mağaranın ağzından baxan olsaydı görərdi ki, cavanlar hərdən özləri də bilmədən bir tərəflərindən o biri tərəfi üstə çevrilirlər.

Mağara sakinlərinin yuxuya getməsinin üç yüz doqquzuncu ili idi. Cavanlar birdən gözlərini açıb, bərk acdıqlarını hiss etdilər. Elə bildilər ki, bir az bundan qabaq yuxuya gediblər.

Cavanlardan biri dedi:

- Yaman bərk acmışam, deyəsən çox yatmışıq.

Başqa biri isə dedi:

- Biz yatanda sübh tezdən idi. İndi isə gün hələ batmamışdır. Yəqin ki, xeyli yatmışıq.

Üçüncüsü isə dedi:

- İndi bunun nə əhəmiyyəti var? Yaxşısı budur, bizlərdən birimiz şəhərə gedib yemək alsın. Ancaq kim getsə ehtiyatlı olsun. Şah yerimizi bilməsin.

Cavanlardan biri yemək dalınca şəhərə getdi. Şəhərdə gördükləri onu dəhşətə gətirdi. Bir neçə saatın içində Efesus necə də dəyişilmişdi. Xarabalıqların yerində uca tikililər vardı. Şah sarayı isə xarabalığa dönmüşdü. Camaatın sifəti də qəribə görünürdü. Qabağına heç tanış çıxmırdı. Cavan çaşbaş qalıb o yana, bu yana baxmağa başladı.

Oğlanın bu hərəkəti küçədən keçənlərin diqqətini cəlb etdi. Onlardan biri soruşdu:

- Nə o tərəf, bu tərəfə baxırsan? Yoxsa şəhərimizdə qəribsən?

Oğlan dedi:

- Yox qərib deyiləm. Bir az yemək almaq istəyirəm, ancaq ərzaq dükanlarını yerində görmürəm.

Kişi cavan oğlanı təəccüblə süzüb ərzaq dükanına apardı. Cavan əlini cibinə salıb bir neçə dəmir pul çıxarıb dükançıya verdi. Dükançı bu qəribə pula diqqətlə baxıb elə bildi ki, oğlan xəzinə tapıb. O, səs salıb camaatı dükana yığdı. Cavan isə qorxuya düşdü. Dükandan çıxmaq istədi. Zənn etdi ki, Dəqyanusun adamları gəlib onu da, dostlarını tutacaq. Nəhayət, camaat gəncin başına gələnləri öyrəndi. Onlar dedilər:

- Qorxma, Dəqyanus üç yüz ildir ki, ölübdür. İndiki padşahımız isə bütpərəst deyil, sənin kimi Allah bəndəsidir. İndi de görək, o biri yoldaşların hardadır?

Oğlan onların söhbətinə qulaq asır, ancaq eşitdikləri ağlına sığmırdı. Oğlan elə bilirdi ki, onu qara basır. Bir azdan özünə gəlib ehtiyatla dedi:

- Qoyun, mən gedim mağaraya, yoldaşlarıma başımıza gələni xəbər verim. Axı onlar mənim yolumu gözləyirlər. Yəqin ki, indi bərk nigarandırlar.

Gənc gedib əhvalatı yoldaşlarına danışır. Dostları da olanları öyrəndikdən sonra əllərini göyə qaldırdılar, Uca Allahdan xahiş etdilər ki, onların dünyasını dəyişdirib Özünə yaxın olan yerə aparsın. Bir göz qırpımında o pak əqidəli gənclər cansız bədənlərə döndülər.

Şəhər camaatı bu hadisəni görüb dedilər:

- Allahın bu macəranı bizə çatdırmaqda məqsədi Qiyamət gününü yada salmaqdır.

Efesus camaatı o yeddi gənci elə həmin mağaranın önündə hörmətlə dəfn etdilər. Deyilənlərə görə sonralar bu  camaat orada məscid də tikdilər.

Quran hekayələri - Əshabi Kəhf

Qurandan ayələr:

“Bir zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!"– demişdilər. Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə addadığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar. De: "Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz! De:Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!" (ər-Kəhf,10-29)

15 mart 2014
GO BACK