(Məkkədə nazil olmuşdur, 182 ayədir)
Bismillahir rəhmanir-rəhim!
1. And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);
2. (Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə)
3. Və Quran oxuyanlara!
4. Həqiqətən, sizin Allahınız birdir!
5. O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.
6. Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).
7. (Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.
8. Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.
9. (Səmadan) kənar edilərlər. Onları daimi bir əzab gözləyir!
10. Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir məşəl) təqib edər.
11. İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.
12. Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəccüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.
13. Onlara (Quranla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.
14. Bir möcüzə gördükdə isə ona istehza edərlər.
15. Və belə deyərlər: Bu ancaq açıq-aşkar bir sehrdir.
16. Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
17. Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!
18. (Ya Peyğəmbər!) De: Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).
19. O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.
20. Və deyəcəklər: Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!
21. (Mələklər isə onlara belə deyəcəklər): Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, möminlə kafiri) ayırd etmə günüdür!
22. (Allah mələklərə belə buyuracaqdır: ) Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini -
23. Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!
24. Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!
25. (Mələklər istehza ilə onlara deyəcəklər: ) Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?
26. Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar!
27. Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa başlayacaq.
28. (Tabe olanlar öz başçılarına) deyəcəklər: Siz bizim yanımıza (özünüzün haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız).
29. (Başçıları) deyəcəklər: Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız.
30. Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idi.
31. Buna görə də Rəbbimizin sözü (əzab vədəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq!
32. Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!
33. O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar.
34. Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik.
35. Onlara: Allahdan başqa heç bir Tanrı yoxdur! deyildiyi zaman təkəbbür göstərirdilər.
36. Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?! deyirdilər.
37. Xeyr, o, haqla (Quranla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi.
38. Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız!
39. Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
40. Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir).
41. Məhz onlar üçün məlum bir ruzi vardır.
42. (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar
43. Nəim cənnətlərində.
44. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.
45. Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır.
46. Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin).
47. Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.
48. Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır.
49. Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).
50. Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar.
51. Onlardan biri belə deyəcək: Mənim bir yoldaşım var idi.
52. O deyirdi: Sən, doğrudan da, inanmırsan ki,
53. Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?
54. (Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: Siz (indi onun nə halda olduğunu) bilirsinizmi? (Onlar: Xeyr, - deyə cavab verəcəklər).
55. O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək
56. Və (ona üz tutub) deyəcəkdir: Allaha and olsun ki, sən az qala məni (yoldan çıxardıb) məhv edəcəkdin!
57. Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!
58. Biz artıq ölməyəcəyik, elə deyilmi?
59. (Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzab da görməyəcəyik!
60. Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur)!
61. Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!
62. (Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?
63. Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik.
64. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar.
65. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir).
66. Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.
67. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.
68. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!
69. Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər.
70. Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.
71. Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) əksəriyyəti (haqq yoldan) azmışdı.
72. And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik.
73. (Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə oldu!
74. Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi).
75. Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!
76. Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq.
77. Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik.
78. Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
79. (Onu belə yad edirlər: ) Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!
80. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
81. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
82. Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq.
83. Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi.
84. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.
85. Həmin vaxt o, atasına və tayfasına belə demişdi: Siz nəyə ibadət edirsiniz?
86. Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?
87. Aləmlərin Rəbbi barəsində zənniniz nədir? (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!)
88. (İbrahim) ulduzlara bir nəzər saldı.
89. Və (ətrafındakıları özündən uzaqlaşdırmaq məqsədilə) dedi: Mən xəstəyəm!
90. (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər.