Qadin.NET / Quran hekayələri - Nuhun gəmisi

Quran hekayələri - Nuhun gəmisi

Quran hekayələri - Nuhun gəmisi

Neçə illər idi ki, Nuhun qəbiləsi Allah əvəzinə bütlərə inanırdı. Onlar bütlərə müxtəlif adlar qoymuşdular. İşləri dara düşən kimi bütlərin yanına qaçar, bu taxta müqəvvalara əl açıb yalvarardılar.

Elə bir dövran gəlib çatmışdı ki, camaat doğru yoldan azmışdı. Zülm və zorakılıq, haqsızlıq və ədalətsizlik baş alıb getmişdi. İnsanları bütün bu bəlalardan qurtarmaq üçün Allah Nuhu peyğəmbər seçdi. Nuhun aydın nitqi, iti ağlı, güclü dözümü var idi.

Nuh camaatı Allaha inanmağa, kafirlikdən əl çəkməyə çağırdı. Lakin heç kim Nuhu eşitmək istəmədi. Nuh onları İlahi cəzası ilə qorxutdu. Camaat isə ona məhəl qoymadı. Nuha ilk iman gətirən öz həyat yoldaşı oldu.

Nuh ruhdan düşmədi. Bu dəfə o, qəbiləsini dilə tutmaq istədi. Nuh camaatı həvəsləndirmək üçün dedi:

- Əgər Allaha inansanız, böyük savab qazanarsınız.

Yolunu azmış camaat isə yenə də Nuhu saymadı. Onlar Nuhu incitməyə başladılar. Nuh yoldan ötərkən onu daşa basdılar. Hətta bir dəstə adam Nuhu əla salaraq dedi:

- Bizi qorxutduğun Allahına de ki, öz cəzasını göndərsin.

Nuh bu əzablara çox dözdü. Bu müddətdə oğlanları Sam, Ham və Yasəfdən başqa bir neçə yoxsul da onlara qoşuldu. Dördüncü oğlu Yam isə inadkarlıq edib ona iman gətirmədi.

Nuhun səbri tükənmiş, ümidi üzülmüşdü. O, üzünü göyə tutaraq dedi:

- Ya Rəbb, bunlar kafirdirlər, düzələn deyillər. Onlara öz cəzanı göstər.

Allahdan bu nida gəldi:

- Özün üçün gəmi düzəlt. O zülmkarlar isə su altında qalacaqlar.

Nuh dülgərlik sənətini yaxşı bacarırdı. O, şəhərin qırağına çəkilib gəmi düzəltməyə başlayır. Camaat dəstə-dəstə gələrək onun gəmisinə tamaşa edirdi. Bəziləri də Nuhu əla salaraq deyirdilər:

- Ay Nuh, axı sən özünü peyğəmbər sayırdın, nə oldu dülgərliyə başladın?

Bir başqaları da deyirdi:

- Ay Nuh, bəs gəmini niyə dənizdən uzaqda düzəldirsən? Onu sahilə necə aparacaqsan? Olmaya özünə öküz kirayə etmisən? Yoxsa küləyə əmr edəcəksən ki, gəmini dənizə sarı dartıb aparsın?

Nuh bütün bu sözlərə əhəmiyyət verməyib gecə-gündüz öz işindən qalmadı.

Tezliklə gəmi hazır oldu. Uca Tanrıdan Nuha nida gəldi ki, ailəni və sənə iman gətirmiş adamları gəmiyə mindir, heyvanların da hər növündən özünə  bir cüt götür. Nuh ilahi əmrini yerinə yetirdi. Onlar Allahın adını dillərinə gətirib gəmiyə mindilər.

Quran hekayələri - Nuhun gəmisi

Çox keçmədi ki, misli görünməmiş güclü bir tufan qopdu. Su gəminin başından aşdı. Külək gah yavaş, gah da şiddətlə əsərək gəmini irəli aparırdı. Göyləri qaranlıq bürüyürdü. Su bütün yer üzünü tuturdu. Kükrəyən qorxunc dalğalar kafirləri qoynuna alırdı. Köpüklənən ağ sular isə onlara kəfən toxuyurdu.

Nuh gəminin göyərtəsindən dənizə baxıb oğlu Yamı gördü. O, əl-qol ataraq ölümlə çarpışırdı.  Atalıq hissi Nuha güc gəldi. O qışqırdı:

- Əziz oğlum, imana gəl, gəmiyə min. Bizə qoşulsan, ölümdən qurtulmuş olacaqsan.

Yam atasının nəsihətini eşitməyib dedi:

- Sənin gəminə ehtiyacım yoxdur, qaçıb dağlara sığınacağam.

Nuh oğlunu dilə tutmaq istədi. Bu zaman dalğalar onları ayırdı, Yam görünməz oldu. Nuh yalvarışla üzünü göyə tutub dedi:

- Ya Rəbb, o boğulan mənim nəslimdəndir. Ona öz rəhmini göstər.

Nuha belə bir nida gəldi:

- Nuh sən yanılırsan. Yamın peyğəmbərlik nəsli itmişdir. O dinsizdir.

Nuh anladı ki, rəhm hissi ona güc gəlmişdi. Az qala doğru yoldan çıxacaqdı. Bu dəfə o bağışlanmasını istəyərək Allaha üz tutub dedi:

- Ya Rəbb, bu günahıma görə məni bağışla. Yoxsa mən də ziyankarlar cərgəsində olaram.

Bir müddətdən sonra İlahi intiqamı bitdi. Zülmkarlar öz cəzasına çatdılar. Allahın buyuruğu ilə göylər yağışını kəsdi.  Nuhun gəmisi gəlib Cudi dağının ətəyində dayandı. Nuha əmr gəldi ki, artıq gəmidən düşsün, yeni həyata başlasınlar.

Nuh əleyhissalam Uca Allaha iman gətirən adamları xilas etdiyinə görə Nəciyullah (Allahın nicat verəni) adını almışdır.

Quranda da Nuh əleyhissalamla bağlı bir çox ayələr vardır.

"Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram". Xalqının zadəganları dedilər: "Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində görürük!" O dedi: "Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayəsində sizin bilmədiklərinizi bilirəm.Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?" Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər."  (əl-Əraf, 59-64)

10 mart 2014
GO BACK