Qadin.NET / Peyğəmbərin (s.a.s) ümməti üzərindəki hüquqları

Peyğəmbərin (s.a.s) ümməti üzərindəki hüquqları

Peyğəmbərin (s.a.s) ümməti üzərindəki hüquqları

Peyğəmbərimizin (s.a.s) öz ümməti üzərində bir çox hüquqları vardır. Yəqin ki, bunları çoxlarınız bilirsiniz. Düşünürəm ki, yenə də xatırlamaq və bizlər üçün də Peyğəmbərimizin (s.a.s) haqlarını yerinə yetirmək lazımdır.

1. Onun peyğəmbərliyinə mütləq olaraq, qəti şəkildə iman gətirmək və onun şəriətinin bütün digər şəriətləri aradan qaldırmasına etiqad etmək. Buna görə də onun dediklərini təsdiq etmək, onun qadağan etdiyi şeylərdən çəkinmək və Allaha yalnız onun buyurduğu şəkildə ibadət etmək lazımdır. Uca Allah buyurur: “Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin!”  (ət-Təğabun,8) Həmçinin buyurur: “Elə isə Allah və Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi  kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin ki, doğru yolu tapa biləsiniz" (əl-Əraf,158). O, həmçinin buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə ondan çəkinin. (əl-Həşr, 7).

2. Peyğəmbəri (s.a.s) (Allahdan başqa) hər şeydən, hamıdan, hətta özündən belə çox sevmək. Uca Allah buyurur: De: Əgər atalarınız, oğullarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan və Onun Rəsulundan və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri(əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz”  (ət-Tövbə, 24).

Peyğəmbərin (s.a.s) ümməti üzərindəki hüquqları

3. Peyğəmbərə (s.a.s) ehtiram göstərmək və hörmətlə yanaşmaq. Bu da hər bir müsəlmanın üzərinə düşən, vacib buyurulan Peyğəmbərin(s.a.s) haqlarındandır. Uca Allah buyurur: “Biz belə etdik ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız”  (əl-Fəth, 9). Həmçinin buyurur: “Ona iman gətirən, Onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır. (əl-Əraf,157) Həmçinin buyurur: “Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın”  (ən-Nur, 63)

4. Peyğəmbərin (s.a.s) öz vəzifəsini yerinə yetirməsinə, əmanəti ümmətə çatdırmasına, habelə ümmətinə nəsihət etməsinə iman gətirmək. Elə bir xeyirli əməl yoxdur ki, O, ümmətinə onu göstərməsin. Həmçinin elə bir zərərli şey yoxdur ki, onu ümmətinə xəbər verib onlardan çəkindirməsin. Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”  (əl-Maidə, 3) Əbu Dərdə (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allaha and olsun ki, sizlərə gecəsi gündüzdən fərqlənməyən ağappaq (aydın) bir yol qoyub gedirəm.”

Peyğəmbərin (s.a.s) ümməti üzərindəki hüquqları

5. Allahın buyurduğu kimi Peyğəmbərə (s.a.s) salavat və salam oxumaq, üstəlik bunu tez-tez təkrarlamaq gərəkdir. Uca Allah buyurur: “Həqiqətən də, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib onu kamil ədəb-ərkanla salamlayın”  (əl-Əhzab, 56) Abdullah ibn Amr ibn As Peyğəmbərin(s.a.s) belə dediyini rəvayət etmişdir: “Hər kim mənə bir salavat oxuyarsa, Allah ona bunun sayəsində onunu yetirər”. Hz.Əli (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Paxıl o kimsədir ki, yanında mənim adım çəkildikdə mənə salavat gətirmir.”

6. Peyğəmbərimizin (s.a.s) hüquqlarından biri də, onun Əhli-Beytini, zövcələrini, səhabələrini sevmək və dost tutmaq. Müsəlman olan kəs onların haqqını tapdamamalı, onları söyməməli və onlara tənə vurmamalıdır. Uca Allah bu ümmətə səhabələri dost tutmağı, qəlblərində onlara qarşı kin-küdurətə yol verməməyi əmr etmişdir. Uca Allah mühacir və ənsarları qeyd etdikdən sonra belə buyurur: “Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də Sən Şəfqətlisən, Rəhmlisən” (əl-Həşr, 10) Peyğəmbərimizin Əhli-Beytini sevmək onun ən önəmli haqlarından biridir. Müslimin “Səhih” əsərində Zeyd ibn Ərqamdan rəvayət etmişdir ki, bir dəfə Rəsulullah(s.a.s) insanlara nəsihət edib demişdir: “Ey insanlar, bilin ki, mən də bir insanam, tezliklə Allahın elçisi gələcək və mən onun çağırışını qəbul edəcəyəm. Mən sizə iki dəyərli şey qoyub gedirəm, onlardan birincisi içərisində hidayət və nur olan Kitabdır. Allahın kitabını tutub ondan möhkəm yapışın.” İnsanlara Allahın Kitabına möhkəm sarılmağa çağırdıqdan sonra dedi: “İkincisi isə Əhli-Beytim! Odur ki, Allah xatirinə əhli-beytimlə gözəl rəftar edin! Allah xatirinə əhli-beytimlə gözəl rəftar edin. Allah xatirinə əhli-beytimlə gözəl rəftar edin!”- dedi. Beləcə, Peyğəmbər əhli-beytə ehtiram göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Çünki onlar Peyğəmbərin yaxınlarıdır, habelə fəzilətli, şərəfli, hörmətli insanlar hesab olunurlar.

İnşaAllah bizlər də Peyğəmbərimizin (s.a.s) layiqli ümməti olarıq. Allah hər birimizi əməli-saleh bəndələrindən qərar versin inşaAllah.

8 mart 2014
GO BACK