Həccin səhihliyinin şərtləri
Həcc vəzifəsinin səhih olaraq yerinə gətirilə bilməsi üçün dörd şərt vardır:
1) Müsəlman olmaq. Bu, Həccin fərziyyətinin şərti olduğu kimi, səhih olmasının da şərtidir. Bir qeyri-müsəlman Həccə getdikdən sonra müsəlman olsa belə, əvvəldən etmiş olduğu Həcci səhih olmaz.
2 ) Xüsusi yerlərdə olub vəzifəni yerinə yetirmiş olmaq. Bu yerlər Ərafat ilə Kəbədir. Ona görə Ərafatda vəqfə etmədikcə və Kəbəni təvaf etmədikcə Həcc səhih olmaz.
3) Müəyyən bir vaxt olmaq. Bu vaxt Ərafatdakı vəqfə zamanıdır ki, Ərəfə gününün zaval vaxtından Qurban Bayramı fəcrinin doğuşuna qədər davam edir. Ziyarət təvafının vaxtı isə həyatın sonuna qədərdir. Lakin bu təvafın vacib olan vaxtı nahr (qurban kəsilən) günləri, Qurban Bayramının ilk üç günüdür.
Bununla birlikdə ifrad, təməttu, qıran həccinin vəzifələrini yerinə yetirmək üçün yenə müəyyən bir vaxt vardır. Bu da Şəvval və Zilqədə ayları ilə Zilhiccə ayının ilk on günüdür. Bu aylara Həcc ayları, Həcc mövsümü deyilir.
Bu aylar içində ən son Həcc vaxtı Ərəfə günü ilə Qurban günüdür. Ərəfə günü zavaldan sonra Ərafatda az və ya çox olub bayramın ilk günündə ziyarət təvafını edən kəs Həcc fərzini yerinə yetirmiş olar.
Bir qisim alimlərə görə isə Ərafatda vəqfə zamanı Zilhiccə ayının doqquzuncu günü zaval vaxtından sonra onuncu günün fəcrinə qədərdir. Bu zaman içində bir an belə olsa, vəqfə kifayətdir.
4) Həcc niyyəti ilə Ehram etmiş olmaq. Ehram - Həcci və ya Ümrəni və ya hər ikisini yerinə yetirmək üçün mübah olan şeylərdən bir qismini müvəqqəti olaraq özünə haram qılmaqdır, bunları etməkdən çəkinməkdir. Bu ehram Həccə və ya Ümrəyə və ya hər ikisinə niyyət etmək və "təlbiyə" yetirməklə meydana gəlir.
Təlbiyə, bu sözləri söyləməkdir :
"Ləbbəykallahümmə Ləbbəyk. Ləbbəykə la şərikə ləkə Ləbbəyk. İnnəlhamdə vənni'mətə ləkə vəl- mülk. Lə şərikə lək".
Mənası: "Allahım! Mən Sənin əmrinə boyun əyirəm və hazıram. Sənin şərikin yoxdur. Sənin ortağın yoxdur. Şübhəsiz ki, həmd də, nemət də sənə məxsusdur, mülk də... Sənin şərikin yoxdur".
Ehram edənə "Muhrim" deyilir. Muhrim olmayana da "Halal" deyilir. İhlal da ehramdan çıxmaq mənasını verir.
Ehram Beytullah üçün bir təzim əlamətidir. Belə ki, xaricdən bir iş və ticarət üçün gələn bir müsəlman Həcc və Ümrə niyyətində olmasa da, yenə ehramsız olaraq Hərəm bölgəsinə girə bilməz. Bu haramdır, hörmətə ziddir .
Ehrama girən şəxs tikişli paltarlarını çıxararaq fitə geyinər. Üzərinə də bir çiyin dəsmalı salar. Başını və ayaqlarını açıq saxlayar. Təmizlənər, yuyunar və ya dəstəmaz alar. İki rükət namaz qılar. Yüksək bir səslə "Ləbbəykallahümmə Ləbbəyk ...." deyə təlbiyədə olar. Xanımı ilə cinsi əlaqədə olmaz, oxşayıb öpməz. Gözəl qoxu sayılan müşk, ənbər kimi şeylərdən istifadə etməz. Bunları yatağına da çəkməz. Ov heyvanlarını ovlamaz. Hərəm bölgəsindəki yaşıl otları və yaşıl ağacları kəsib qoparmaz. Saçlarını kəsməz və qısaltmaz, təraş etməz. Həcc və ya Ümrə işlərini tamamlayana qədər bu qadağalara əməl edər.
Qoxusundan xoşlanılan hər şey gözəl qoxu sayılar.
Ehrama girən qadınlar paltarlarını çıxarmazlar, başlarını və ayaqlarını açıq saxlamazlar. Təlbiyə gətirərkən səslərini yüksəltməzlər.
Ehrama girənlərin çadır altına girmələri, çətir tutmaları, üzük taxmaları, bellərinə kəmər bağlamaları, qolları içinə salıb geyinmədən arxalarına palto kimi bir şey atmaları haram deyil.
Yalnız fərz Həcc üçün və ya təməttü ilə qıran Həcci üçün Şəvval ayının birinci günündən Zilhiccənin doqquzuna qədər hər hansı bir gündə ehrama girə bildiyi kimi, bundan əvvəl də daxil ola bilər. Çünki Ehram Həccin şərtidir. Şərt isə məşrutun vaxtından daha önə keçə bilər, bu, caizdir. Dəstəmaz almağın (təharət) namaz vaxtından önə keçməsi kimi... Ancaq ehrama daha əvvəl başlanılması zamanın uzanması baxımından təhlükəli olacağı üçün məkruhdur. Çünki ehram səbəbiylə qadağan olan şeylərdən qorunmaq uzun zaman üçün asan deyil.