Xalq arasında üç aylar olaraq bilinən aylar ilə Qurani-Kərimdə keçən haram aylar arasında fərq vardır. Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb aylarında döyüş etmək qadağan olduğu üçün bu aylar haram aylar = əl-ƏŞHURUL-HURUM olaraq adlandırılmışdır. Cahiliyyə dövründə ərəblər arasında vətəndaş müharibələri əskik olmazdı. Yalnız haram aylarda müharibə aparılmazdı. Bu aylarda şeir müsabiqələri keçirilir; yəhudilər, xristianlar və bütpərəstlər dinlərini yayarlardı. Ramazan ayı isə haram aylardan deyil. Quranda haram aylardan Tövbə surəsində bəhs edilir:
"Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir."(Tövbə, 9/36)
Məhərrəm ilə başlayıb Zilhiccə ilə bitən hicri qəməri ilin ayları bunlardır: Məhərrəm, Səfər, Rəbiül əvvəl, Rəbiül axır, Cəmaziləvvəl, Cəmzailaxır, Rəcəb, Şaban, Ramazan, Şəvval, Zilqiddə, Zilhiccə.