Qadin.NET / Müxtəlif din və mədəniyyətlərdə Cəhənnəm təsəvvürləri

Müxtəlif din və mədəniyyətlərdə Cəhənnəm təsəvvürləri

Müxtəlif din və mədəniyyətlərdə Cəhənnəm təsəvvürləri

Demək olar ki, hər mədəniyyət və din yeraltı dünya, yaxud Cəhənnəmin mövcudluğunu özünəməxsus şəkildə təsvir edir. Bu təsvirlərin ən maraqlı cəhəti günahkarlar və onların günahlarına görə alacaqları cəzalarla bağlıdır. Hər bir təsvir öz unikallığı ilə seçilsə də, bütün mədəniyyət və dinlər üçün ümumi elementlər də mövcuddur.

Niflheym - Alman-skandinav mifologiyasında Cəhənnəm təsviridir. Bura atəş, od-alov məskəni deyil. Helin idarə etdiyi bu yer buzlar və dumandan təşkil olunmuşdur. "Cəsədlər Sahili"nin yaxınlığında yerləşən Niflheymdə ölülərlə qidalanan Nidhoqq adlı nəhəng ilan yaşayır. Alman-skandinav mifologiyasına görə, doqquz dünyadan biri olan Niflheym dünyaların ən qaranlığı və dərinidir. Mifologiyada deyilir ki, Yer kürəsi buzlar ölkəsi Niflheymin və odlar ölkəsi Muspelheymin birləşməsi nəticəsində meydana gəlib. Bura günahkarların səltənətidir. Həmçinin, kainatı üzərində saxlayan Dünya ağacı - "İqqdrazil"in lövbəri rolunu oynayır. Niflheymə düşən ruhlar Helin carçısı Hermodr sayəsində daim ağrı hiss edir.

Tuonela - fin xalqı Xristianlığa qədər hesab edirdi ki, ölənlərin ruhları Tuoni çayının sahilinə yetişir və oradan da əcəlin xidmətçisi Tutti vasitəsiylə Tuonelaya aparılırdı. Digər yeraltı dünyalardan fərqli olaraq, Tuonela Yerdəki həyatın olduqca zülmətli davamı idi. Bu dünyaya yola düşənlər orada yaşaya bilmək üçün özü ilə nəsə aparmalı idi. Hətta ölmüş qohum-tanışına baş çəkmək istəyən ziyarətçiləri qəbul etməyə icazə verilirdi. Ancaq belə səyahət təhlükəli və çox vaxt  ölümcül sayılırdı. Səfər zamanı çoxlu zəhərli ilanla dolu olan Tuoni çayı xüsusilə təhlükəli idi. Tuonellada heç bir real cəza tətbiq olunmurdu. Sadəcə fani həyat əbədi həyatla əvəzlənirdi.

Müxtəlif din və mədəniyyətlərdə Cəhənnəm təsəvvürləri

Yalanlar evi - Zərdüştlük dininə görə, ölümdən sonra ruhu ilk qarşılayan şey Çinvad adlı körpü olur. Tükdən nazik, ülgücdən iti olan bu körpü dirilərlə ölülər dünyasını bir-birindən ayırır. Körpünü dördgözlü iki it qoruyur. Ruhlar burada həyatdakı əməllərinə görə qiymətləndirilir. Əgər pis əməllər yaxşı əməllərdən daha çoxdursa, Vizareş adlı şeytan pis ruhu Zərdüşlükdə "Yalanlar evi" adlanan Cəhənnəmə aparır. "Yalanlar evi" iyrənc xarabalıq kimi təsvir edilir. Burada insanlara korlanmış qidalara və əməllərinə görə işgəncələr verirlər. "Yalan evi"ndə çoxlu şeytanlar mövcuddur. Onların hərəsinin öz vəzifəsi var. Məsələn: Apaoşa susuzluq və quraqlıq şeytanıdır, Zairika adlı şeytan isə zəhər hazırlayır.

Duate - qədim Misirə aid qəbir daşlarındakı mətnlərində ölülər tanrısı Osirisin idarə etdiyi Duat adlı axirət həyatından bəhs olunur. Kitabələrdə həmçinin Duata gedən yolu göstərən xəritə də həkk olunub. Burada Yer kürəsinə bənzəyən, ancaq özündə odlu göl və dəmir divarlar kimi mistik elementləri daşıyan səltənət təsvirləri vardır. Duata gedən yolda  ruhlar yarıinsan-yarıheyvan formalı məxluqlar tərəfindən qorunan darvazalardan keçir. Darvazadan keçdikdən sonra ölənin ürəyi lələklə müqayisədə tərəzidə çəkilir. Əgər ürək lələkdən ağırdırsa, dərhal Ammust adlı şeytan tərəfindən yeyilir. Sonra günahkarların ruhları Duat məhkəməsində mühakimə olunur. Onların çoxu tərsinə - ayaqları yuxarıda gəzir, ya da onları ilanlar sancır və ya şeytanlar udur.
Müxtəlif din və mədəniyyətlərdə Cəhənnəm təsəvvürləri
Gehenna - başlanğıcda Yerusəlim yaxınlığındakı bir dərənin adı olan "Gehenna", Yəhudilik və Xiristianlıqda Qiyamət gününün simvolu sayılır və İslam dinindəki Cəhənnəmlə eyni mənaya gəlir. Şahidlərin dediyinə görə, həmin dərədə bir vaxtlar zibil və ölü heyvanlar yandırılırdı. Bu səbəbdən, günahkarların öz günahlarına görə yandırıldığı Cəhənnəmə "Gehenna" adı verildi.
Mifologiyada  "Gehenna" daim alovun yandığı və yağışların yağdığı tənha və dərin bir yer kimi təsvir edilir. Burada havadan zəhərli kükürdlü qaz qoxusu gəlir, çaylarda isə əridilmiş metallar üzür.
14 dekabr 2013
GO BACK