Qadin.NET / Allahın sevdiyi əməl - əl tutmaq...

Allahın sevdiyi əməl - əl tutmaq...

Müqəddəs dinimiz təkcə ayrı-ayrı fərdlərin deyil, ümumilikdə cəmiyyətin islah olunmasına, onun düz yolu seçib saflaşmasına xüsusi önəm verir. Cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan yetimlərə, kimsəsizlərə, kasıblara, ahıllara, əlillərə və digər sosial quruplara yardım etməyin vacibliyini vurğulayan dinimiz, bütün insanları bu xeyir əməldə həmrəyliyə səsləyir.

Cəmiyyətdəki fərdlərin maddi-mənəvi durumu eyni deyil. Bu müxtəlifliyin təbii nəticəsi olaraq, cəmiyyətdə hər zaman himayəyə, qayğıya, dəstəyə və xüsusi nəvazişə möhtac insanlar var.

İmkansızlıqdan əziyyət çəkən, yoxsulluq üzündən xoşbəxtliyini və rahatlığını itirmiş, yaxud yaşlılıq və əlillik kimi səbəblərdən işləməyə gücü olmayan miskin insanlara cəmiyyətdə yardım edilməli, qayğı göstərilməlidir.

Allahın sevdiyi əməl - əl tutmaq...

Fiziki qüsurluları cəmiyyətdən təcrid etmək İslam prinsipinə ziddir. Hər kəs imkan daxilində onlara kömək etməli və diqqət göstərməlidir.

İslamın əlillərə münasibətinin ən bariz nümunəsini Qurani-Kərimdə görürük: "Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur"

Hikmət sahibləri "Hər kəs əkdiyini biçər, əməllərinin qarşılığını görər" demişlər. Yaxşılıq edən yaxşılıq, pislik edən də pislik tapar. Ədalətin qanunu budur. Artıq yaxşılıq istəyən yaxşılıq etsin, pislik istəyən pislik.

Cənab-i Haqq ədalətlidir, qullarına zülm etməz, kim bu dünyada yaxşılıq adında bir iş görsə, xeyri özünə olar. Kim bu dünyada pislik etsə, zərəri, günahı yenə özünə olar.

Allahın sevdiyi əməl - əl tutmaq...

"Hər kim yaxşı bir iş görsə, öz lehinə etmış olar. Kim də bir pislik etmiş olsa öz əleyhinə etmiş olar. Rəbbim qullarına zülm edəcək deyildir".

Rəsul-i Əkrəm də S.A.V də bu barədə belə buyurmuşdur:

"Yaxşılıq itməz, günahlar da unudulmaz. Hakim olan Allah ölməz. O halda bildiyini et. Necə davransan elə də rəftar görərsən".

Ey müsəlmanlar, gəlin yardıma ehtiyacı olanlara əl tutaq. Atdığımız hər addımı əvvəl Allahımız və Peyğəmbərimiz, dinimiz, axirətimiz, dünyamız, ailəmiz üçün, sonra da özümüz üçün ataq. Allahın verdiyi nemətləri Allah yolunda xərcləyək.

Yoxsula, kimsəsizə, əlillərə, nəvazişlə yaxınlaşaq. Yardıma möhtac insanlara yardım etmək hər birimizin borcudur, onlara daim əl uzadaq.

19 dekabr 2013
GO BACK