Quran-i Kərim
Kəlmə olaraq Quran – qiraət etmək, oxumaq, cəm etmək, bir araya gətirmək deməkdir. Kərim – Allahın bizə məlum olan 99 adından biridir. Səxavətli, kəramətli deməkdir. Ayə – açıq əlamət, dəlil, işarə, ibrət deməkdir. İlk nazil olan ayə əl-Ələq surəsini ilk 5 ayəsidir. Surə – yüksək rütbə, şərəf deməkdir.
Quran-i Kərimin tərifi: Uca Allahın Cəbrail -Allahın ona salamı olsun! - vasitəsi ilə qulu və peyğəmbəri olan Muhəmmmədə - Allahın ona salavatı və salamı olsun! - 23-il ərzində nazil etdiyi vəhylərin məcmusudur.
Quran insanlara haqqı başa salan, yaxşı işləri əmr edib pis işlərdən çəkindirən dirilər üçün göndərilmiş kitabdır. Quran elmin xəzinəsi, nicat yolunu göstərən qaydalarla zəngin olan bir kitabdır. Uca Allah bu kitabı vəsf edərək buyurur:
"... Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır" (əl-Bəqərə surəsi, 1-2)
Digər bir ayədə buyurur:
"Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (Allah) Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün (bu Kitabı) dopdoğru şəkildə (nazil etdi)". (əl-Kəhf surəsi, 1-2)
Bu elə bir kitabdır ki, haqqı batildən ayırar, qəlblərə şəfa verər, insanlardan bəzilərini ucaldar və bəzilərini zəlil edər.
Quran oxumaq qəlbin dərmanıdır. Uca Allah buyurur:
“Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik”. (əl-İsra surəsi, 82)
Başqa bir ayədə buyurur:
“Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir”. (əl-İsra surəsi, 57)
Qurani Kərim aləmlərin Rəbbinin kəlamı, onun kitabı, səmavi kitabların sonuncusu və sağlam ipidir. Allah onu Abdullahın oğlu Məhəmmədə insanları zülmətdən nura çıxartmaq, doğru yola yonəltmək üçün endirmişdi. Həmçinin Muhamməd - Allahın ona salavatı və salamı olsun! - bütün insanlara və bütün cinlərə onlara endirilmişi açıqlasın deyə göndərilmişdir.
"Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və bəlkə onlar da düşünüb dərk edərlər". (ən-Nəhl 44)
"Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik". (ən-Nəhl 89)
Qurani Kərim Peyğəmbərə - Allahın ona salavatı və salamı olsun! - bir başa endirilməmişdir. İyirmi üç il ərzində hisə-hissə endirilmişdi.
"Biz Quranı haqq olaraq nazil etdik, o da haqq olaraq (həç bir dəyişikliyə uğramadan) nazil oldu. İnsanlara aramla, yavaş-yavaş oxuyasan deyə, biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik". (əl-İsra 106)
Quran-i Kərim ayələri üç qismə bölünür:
1. Xəbərlər (yəni hekayələr);
2. Hökmlər (şəriət qaydaları);
3. Əqidə (Tövhid).
Hər bir müsəlmanın üzərində Allahın haqqıdır ki, Qurani Kərimi öyrənsin, öyrəndikdən sonra başqalarına öyrətsin və ona səmimi qəlbdən sarılsın.
"Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun ki, bəlkə sizə rəhm olunsun". (əl-Ənam 155)
"Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız". (əl-Əraf 3)
Peyğəmbər - Allahın ona salavatı və salamı olsun! - buyurdu: "Allahın kitabını götürün və ona səmimi qəlbdən sarılın"an - radıyallahu anhu – deyir ki, Peyğəmbər -Allahın ona salavatı və salamı olsun!- buyurdu: "Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir"
Quran-i Kərimə səmimi qəlbdən sarılmaq nə deməkdir? Kitabı əzbərləmək, oxumaq, gecə-gündüz namazlarda oxumaq, ayələri üzərində düşünmək, halalı halal, haramı haram qəbul etmək, əmrlərinə bağlanmaq, qadağalarından uzaq durmaq, verdiyi nəsihətlərdən ibrət almaq, buyurduqlarına əməl etmək, mütəşabih buyurduqlarına təslimiyyət göstərmək, onun hüdudlarını aşmamaq, bu kitaba nəsihətçi olmaq buyurduqlarını səmimiyətlə yerinə yetirmək və ona dəvət etməkdir. Buna görə də müsəlman Quran-i Kərimin hərf və mənaları ilə Allahın kəlamı olduğuna, ondan gəlib ona dönəcəyinə, Allah tərəfindən endirilmiş olub, məxluq olmadığına, Allahın kəlamı olduğuna iman edir. Bu kitab sonsuz hikmət sahibi (HAKİM) hər şeydən xəbərdar (XABİR) olan Allah tərəfindən endirilmişdir.
Quran məxluq deyil, Allahın kəlamıdır!
Quran hərfləri və mənaları etibarı ilə Allahın kəlamıdır. Allah Qurani Kərimi söz ilə söyləmiş, Cəbrail – əleyhissəlam – onu Allahdan eşitmiş və onu vəhy yolu ilə Peyğəmbərə – Allahın ona salavatı və salamı olsun! - endirmiş, möminlər də ona iman gətirmişlər. Qurani Kərim hər nə qədər əllərlə yazılırsa yazılsın, dillərlə oxunursa oxunsun, qəlblərdə əzbərlənirsə əzbərlənsin, qulaqlarda dinlənilirsə dinlənsin, gözlər onu görsə də bu hallar onu Rahmən olan Allahın kəlamı olmasından çıxarmaz. Əllər, mürəkkəb, qələmlər, vərəqlər yaradılmışdır, lakin yazdıqları Quran məxluq deyildir. Dillər, səslər yaradılmışdır, lakin oxuduqları Quran məxluq deyildir. Qəlblər, hafizələr yaradılmışdır, lakin əzbərlənən, hafizələrdə olan Quran məxluq deyildir. Eşidən qulaqlar yaradılmışdır, lakin bu qulaqların duyduqları Quran məxluq deyildir.
"Çox qiymətli Qurandır. O, (Allah dərgahında) qorunub-saxlanılan bir kitabdır". (əl-Vaqiə 77-78)
"Xeyr, bu Quran elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir". (əl-Ənkəbut 49)
"Onun sözlərini heç kəs dəyişdirə bilməz". (əl-Kəhf 27)
"Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin". (ət-Tövbə 6)
"(Kafir) “Bu yalnız bəşər sözüdür”. Biz onu (Cəhənnəmin təbəqələrindən biri olan) Səqərə atacağıq". (əl-Muddəssir 25-26)
Allah – subhənəhu və təalə – Qurana bəşər sözüdür deyənləri Cəhənnəm əzabı ilə qorxutmuşdur. Möminlər, Quranın bəşər sözü kimi yaradılmamış olduğuna qətiyyətlə iman edirlər. Onun sözü əlbəttə ki, insanların sözünə bənzəməz. Nəcə ki, Allahın zatı qulların zatlarına bənzəmədiyi kimi, sifətləri də qulların sifətlərinə bənzəməz. Məsələn: Bir kimsə Quran oxuyarkən "Əlhəmdulillahi Rabbil Aləmin" – deyərsə, ondan eşidilən bu söz Allahın kəlamıdır. O kimsənin sözü deyildir. Onu oxuyan şəxs isə Allahın səsi ilə deyil öz səsi ilə oxumuş olur. O, özü yaradılmış olduğu üçün, səsi də yaradılmışdır (məxluqdur).
Quran və ya Quranın bir hissəsi məxluqdur deyən bir kimsə, insanı İslamdan bütünlüklə çıxardan ən böyük küfr etməklə kafir olur. Çünki Quran Allahın kəlamıdır, ondan gəlmiş və ona da dönəcəkdir.
"Siz kitabın bir hissəsinə inanır, digər həssəsini isə inkar edirsiniz". (əl-Bəqərə 85)
Allah istədiyi təqdirdə, istədiyi zaman, istədiyi şəkildə, istədiyi kimsələrlə onların başa düşdükləri şəkildə bir kəlam ilə danışır.
"Əgər Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər ona əlavə olunsaydı yenə də Rəbbinin sözləri tükənməzdən əvvəl onlar tükənərdi". (əl-Kəhf 109)
"Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur". (əl-Ənam 115)
Mütəşabih – dəqiq mənasını bilmək mümkün olmayan Quran ayələri.
Əbu Ruqayyə Təmim b. Əus əd-Dari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər -Allahın ona salavatı və salamı olsun!- buyurdu: «Din nəsihətdir». Kimə? (Ya Rəsulallah!) deyə soruşduq. «Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara». Müslim.