İmam Hadi (ə) buyurub ki: "İndi ki gəzirsən, dolanırsan, kefin kökdü, o günü həmişə yadında saxla ... Yadında saxla ki, sən uzanmısan, ölümlə çarpışırsan, hamı da məəttəl qalıb baxır. "Qüdrət"lər gücdən düşüb, burda tanışlıq kömək eləmir. Dost, qardaş, övlad - hamısı aciz! Əllərindən heç nə gəlmir ki, sənə kömək etsin.
Ən qəti həqiqətlərdən biri ölümdür. Hamı bilir öləcək, Quran da dəfələrlə bunu bizə deyir... Quran deməsə də bilirik, Quran da vurğulayır, bildiyimiz şeyi yadımıza salır.
Buyurur: "O ölüm ki siz ondan qaçırsınız, hökmən onunla görüşəcəksinız. Hökmən bir yerdə sizin sorağınıza gələcək, bəzən heç gözləmədiyiniz məqamda... Ölümdən sonra sizi qeyb və aşkardan xəbərdar olan Allahın hüzuruna aparacaqlar. O Allah ki qeybi və aşkarı görür. Hər şey onun gözü önündədir, onun hüzurunda dayanacaqsınız".
Nə yaxşı olar ki, bu sadə həqiqətə biz iman gətirək. Biz inanaq ki, ölüm var, o qədər sadədir, amma o qədər də diqqət eləmirik. Və bunun faydası nə olar? Bunun faydası o olar ki, kefimiz yaxşı olan vaxtı ölüm yadımıza düşəndə tüğyan eləmərik, məğrur olmarıq. Ölüm xatirəsi insanın həddlərini müəyyən eləyir, insanı cızıqdan çıxmağa qoymur.
Ölüm haqda fikirləşmək həyatı şirinləşdirir, ölümü sevən adamlar həyatı çox şirin yaşayırlar. Düzdür, zahirən cümlə ziddiyyətlidir. Necə ola bilər insan ölümü sevsin, həyat şirin olsun? Amma ölümü sevən insanların həyatına baxın, çox müvəffəq insanlardır, ölümü xatırlayan insanlara baxın - necə məsuliyyətli insanlardır. Ölümü düşünmək insanın əlini həyatdan soyutmur, insanı məsuliyyətlə yaşamağa vadar eləyir. Ölümü düşünəndə dünyanın ən ağır qəmi insan üçün asan olur. İnsan ruhdan düşmür, bədbinləşmir. Ölümü düşünəndə insan həyata nikbin baxışla baxır, məyus olmur. Dünyanın hamısı ondan üz döndərsə, o özünü itirmir, narahat olmur. Ölümün barəsində düşünmək lazımdı. Biz bəzən bildiyimiz şeylər var ki, onlardan fayda götürə bilərik. Ölüm bizim bildiyimiz ən əsas həqiqətdir. Bu biliyimizdən necə faydalana bilərik? Onu yad eləməklə!
Ölüm insanı tüğyandan uzaqlaşdırır.
Bəhlul Danəndə gedirdi, qəbiristanda otururdu, qəbirlərə baxırdı, camaat onu məsxərə eləyirdi ki, bunun ağlı çaşıb görəsən, gəlib burda, qəbirlərin arasında oturub. Görəsən nə işlə məşğuldur?
Bir gün də gedib görür ki, neçə ilin sümükləri üzə çıxıb. Deyirlər, sümükləri götürüb oynadır. Xəlifənin Vəziri də öz dəstəsiylə gəlir qəbiristanın yanından keçir (Vəzir də özünəməxsus təm-təraqla yol gedir). Gözü Bəhlula sataşır, deyir:
- Ay Bəhlul, bu isti gündə camaat öz işində, gücündə, sən nə itirmisən burda? Nə axtarırsan?
İstəyir onu ələ salsın...
Bəhlul da baxıb deyir:
- Heç nə, sümüklərə baxıram. Nə qədər fikirləşirəm, görən bu vəzirin sümüyüdü, ya nökərin? Görürəm heç fərqi yoxdur. Sümüklərin bir fərqi yoxdu.
Axirətdə sümüyə baxıb demirlər, bu vəzirdir, ya nökərdir.
Sadə cümləylə, gözəl şəkildə ona nəsihət eləyir. Vəzir də daha heç nə demir, danışmağa söz tapmır, başını aşağı salır, yoluna davam eləyir.
Ona da sözünü çatdırır ki, yəni indi taxt-tacla gedirsən, özündən çox razısan, məğrursan, o günü yadında çıxarma ki, sümüyündən kimlərsə gəlib oynayacaq, tapdalayacaq, keçəcək.
Gəlin biz bir qədər maddi səs-küydən uzaqlaşaq, mənəvi dəyərlərə yönələk. Mənəvi dəyərlərə yönəlsək, həm dünyamız cənnət olar, həm axirətimiz abad olar.
Müəllif: Hacı Şahin Həsənli