Qadin.NET / Su ilə dirilişin sirri

Su ilə dirilişin sirri

 

Su ilə dirilişin sirri

 

Nisa 43... Əgər xəstə ya səfərdə ikən, sizdən biri ayaqyolundan gəlmiş, ya qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız (və ya sudan istifadə etməməyə üzürlü səbəb olsa), pak torpaq axtarın və (iki əlinizi ona vurduqdan sonra) üzünüzə və əllərinizə sürtün. Doğrudan da Allah əfv edən və çox bağışlayandır.
Dəstəmazla əldə edilən qazanclar
Müsəlmana yaraşan, heç bir sorğu-sual və şübhə etmədən Allah və Rəsulunun "et" dediyini edərək, "etmə" dediklərindən qaçınaraq bir həyat sürməkdir. Qeybə iman deyilən imanın ləzzətinə çatmanın yolu da budur. Hər ibadətdə olduğu kimi dəstəmaz ibadətində də qazanılan savablarla yanaşı bir çox sirr və hikmətlər mövcuddur. Gəlin dəstəmazla nələr qazandıqlarımızı anlamaq üçün bir az da sağlamlıq və psixoloji qismindən bəhs etməyə çalışaq. 
Dinimizin gündə beş vaxt namaz üçün şərt olaraq qoyulan dəstəmaz və cünubdan təmizlənmək üçün əmr etdiyi qüsul başdan-başa nə böyük bir nemət və nə böyük bir möcüzədir. Günümüzün texniki imkanları çatacaq qədər təsbit edilə bilən bədən üzərindəki faydaları, dəstəmazı hər insan üçün imtina edilməz olduğunu sübut edir. Dəstəmaz özü bir ibadət olmaqla yanaşı, həm də dəstəmazlı olaraq ediləcək ibadətlərə hazırlıqdır. Xüsusilə də namazdan əvvəl edilən dəstəmaz hazırlığı uca Yaradanın hüzurunda dayanmanın bədəni və ruhi hazırlıq mərhələsidir. 
Hz. İmam Rza (ə.s.) bu barədə belə buyurmuşdur: "Bu səbəbdən dəstəmaz almaqla (namaza) başlama əmri verilmişdir ki, qul, mütləq böyüklük sahibi Uca Allahın hüzurunda dayanıb münacat etdiyi əsnada təmiz olsun və çirklilik və pislikdən pak olduğu bir halda Onun əmrini yerinə yetirsin. Əlavə olaraq, dəstəmaz almaq, insandan tənbəllik, halsızlıq və keyliyi aradan qaldırar və insana, Haqqın hüzurunda dayanmaq üçün lazımlı ürək təmizliyini təmin edər." (əl-Vesail, c. 1, s. 257). 
Dəstəmaz, maddi-mənəvi təmizliyə və dirilişə də səbəb olmaqla bu sayədə ruh və bədəndə sanki Allahdan gələcək ilahi köməklərə zəmin hazırlayır. Uca Allah suyun dirildici xüsusiyyətini bu ayəti kərimə ilə izah edir: "Biz hər şeyi, su vasitəsilə diri etdik" (Ənbiya, 30). Madam ki su ilə hər şeyi diriltməkdədir, o zaman dəstəmazla mütləq əzalarımız maddi, ruhumuz da mənən diriləcək. 
Bundan başqa dəstəmazlı olan kəslər yaşadıqları mənəvi var olma və ilahi yardımlar sayəsində qorunarlar. Dəstəmazlı olanların, dəstəmazlı olmağı bir imtiyaz olaraq qəbul edib, günah işləməkdən daha uzaq dayanmağa çalışdıqları yaşanan bir faktdır. Bu səbəbdən dəstəmaz müəyyən mənada düşüncə planında avto idarə sisteminin meydana gəlməsinə də kömək edir.
Dəstəmaz və qüsl çoxumuza çətin gəlir. Ancaq qul, özünə çətin gələni etdikcə qulluğunu isbatlayar. Nəfs beləcə keylikdən qurtularaq hüzur-u İlahiyə hazır hala gələr. Bu ilk "silkələnmə" Allahın çox bəyəndiyi üçün nağd bir sağlıq neməti lütf edir. Belə ki Rəhman, dəstəmazı əmr edən ayəsinin sonunda belə buyurur: "Dəstəmaz alin ki, sizə verdiyim neməti tamamlayım." 
Su ilə dirilişin sirri
Dəstəmazda yuyunulan ya da məsh edilən əzalara baxılsa, nələri görürük… 
1) Tibbi qaynaqlar, insan dərisnin, ağız və burnunun, mikrob və bakteriyalar üçün ən məhsuldar yerlər olduğunu bildirir. Hər şeyə edilən təmas sayəsində çirklənən əllərin təmizlənməsi;
- Yeyib-içdiyimiz şeylərlə çirklənən ağızın mikroblardan təmizlənməsi;
- Daha təmiz bir nəfəs ala bilmək üçün burnun təmizlənməsi;
- Duyğu orqanımız olan qulaqların təmizlənməsi;
- Ayaqların yuyulması;
- İnsan vucudunda açıq olan yerlərdə yəni dəstəmaz orqanlarında 1 sm² də 1-5 milyon arasında davamlı çoxalan mikrob var. Bunları su ilə yumaq, bədəni mikroblardan təmizləmək deməkdir. Edilən təcrübələr nəticəsində görülmüşdür ki, dəstəmazla bu orqanlar gündə 3 dəfə yuyunduğu zaman, bədən, mövcud mikrobların 95%-indən, 5 dəfə yuyunmasıyla da hamısından təmizlənmiş olur.
Dəstəmaz alarkən dəstəmaz üzvlərini ovaraq yumaq, Hz. Peyğəmbərin (s.ə.v)-in əmri və tövsiyəsidir:
- Tibbən məlumdur ki, ürəyə ən uzaq olan əl və ayaqlarda qan dövranı daha zəifdir. Dəstəmazla əl və ayaqların ovularak yuyunması qan dövranını gücləndirir. Təzyiqi salıb, sıxıntını aradan qaldırır. (dr. Əhməd Şövqü, London Kraliyyət Tibb Mərkəzi Üzvü )
- İnsanın xarici səthində olan bəzi nöqtələr daxili orqan və sistemləriylə əlaqə halındadır. Bu nöqtələrin çoxu, əl ayaq, üz və qulaqda var. Bu nöqtələri ovmak, daxili orqanların işində tarazlığı təmin edir və sağlamlığını qoruyur. Alternativ tibb olan akapunktur, hacamat (qan aldırma ) və masaj ilə müalicə bu əsasa bağlı olaraq ortaya çıxmışdır.
Əl və ayaqların ovularak yuyulması, bədəndə "endorfin" deyilən və morfin maddəsinin ifrazını təmin edir. Bunun nəticəsində də insan rahatlayır, hirsi dayanır və stressdən azad olur. 
Uluslar Quran və Hədisdə Elmi möcüzələr Komissiyasının təsbitlərinə görə də :
- Ayaqları topuqlara qədər ovaraq yumaq bu bölgədən keçən enerji kanallarındakı axını tarazlaşdıraraq, qaraciyər, böyrək, sidik kisəsi, mədə və mədəaltı vəzin enerjisini artırır. Barmaq aralarını ovaraq yumanın baş ağrısının bir çox növünə faydalı olduğu təsbit edilmişdir;
- Qulaqları tam olaraq məsh etmək (sığallamaq) isə bədəndəki bütün enerji sistemini aktiv hala gətirir.
Ürəyə fayda və sakitlik verdiyi bilinən qolların dirsəklərə qədər yuyulması, beynin rahatlaması və başın nəmli bir mühitə qovuşması üçün başın məsh edilməsi də dəstəmazın faydalarındandır.
2) Profilaktikada ağız sağlamlığına çox əhəmiyyət verilir. 1 kub millimetr tüpürcəkdə 100 milyona yaxın mikrob olduğu bildirilir. Dişlər arasındakı qida artıqlarıyla bəslənən və çoxalan bu mikroblar ağız və dişlərə mənfi təsir göstərir. Gündə beş dəfə və hər dəfə 3 dəfə su ilə yumanın və misvak ilə təmizləmənin ağızı böyük nisbətdə bu mikrob və zəhərlərdən qurtardığı təsbit edilmişdir. Dəstəmazın sünnələrindən olan ağızı yuyarkən mübaliğə etmək (qar-qara) isə ağız içindəki turşunun yumşalmasını təmin edir.
Göründüyü kimi dəstəmazla yuyunan nahiyələrdə hər birində başdan başa bir təmizlik və enerji alış-verişi təmin edilir. 
Buradan bu nəticə çıxartmaq mümkündür: Uca Allahın "et" ya da "etmə" dediklərində həm dünya, həm də axirət qazancı əldə etdiyimizə inanaraq, İlahi əmr və qadağalara qarşı münasibətimizi təyin etməli, buna görə bir həyat tərzi seçməliyik. 
Gəlin dəstəmaz və qüslun üç böyük, ən önəmli faydasıyla tanış olaq.
Statik elektrik tarazlığı:
Sağlam bir bədənin təməl quruluşu, statik elektrik tarazlığıyla çox yaxından əlaqəlidir. Havanın elektrikindən, plastik geyim əşyalarına və mebellərə qədər bir çox faktor, bədəndəki statik elektrik tarazlığını pozaraq ciddi problemlərə gətirib çıxarar. Avtomobildən enincə və ya bir kreslodan qalxınca, sanki canlı bir kondensator kimi elektronlarla çox yüklənirsiz. Bu vəziyyət sizdə əsəbilikdən tutmuş, üzünüzün qırışmasına qədər bir çox narahatlığa və bunlarla yanaşı bir çox psixosomatik xəstəliklərə gətirib çıxarır. Bu saydıqlarımızın tək çarəsi isə, dəstəmaz və qüsldür. Bu vasitələrlə çox elektronlarını atan bir çox insanın bir körpə üzü kimi təzə və nurlu bir çöhrəyə sahib olduğunu, bu gün heç bir kimsə inkar edə bilmir. Suyun tapılmadığı hallarda torpaqla edilən təyəmmüm də dəstəmazın sağlamlıq baxımından təmin etmiş olduğu faydaları təmin etməyə kifayətdir. Bu gün dəstəmazın möcüzəvi təsirlərindən xəbərsiz olanlar, bədənlərindəki elektrostatik tarazlıq pozğunluqlarını aradan qaldırmaq üçün akupunktur yoluyla özlərini "dəlik-deşik" edirlər. 
Ümumi qan dövranı:
Qan dövranı ürəkdən toxumalara, toxumalardan da ürəyə iki istiqamətli bir qan axını sistemidir. Bu axın, xüsusilə toxumalarda tükdən incə borular (kapilyarlar) vasitəsiylə cərəyan edir. Elə bu incə damar sistemi, daxili səthində "yandırılmayan" qida artıqları və müxtəlif səbəblərlə daralır, nəticədə və toxumalar qidalana bilmir. Halbuki sağlam bir bədəndə, bu damarların rezin kimi elastik və daralmamış olması lazımdır. Bəs dəstəmaz bunu necə təmin edəcək? Dəstəmaz və ya qüsl əsnasında dərimizə dəyən fərqli istilikdəki su, kapilyar damarların tonusunu artıraraq açılıb bağlanmasını və əgər varsa, tıxanmağa başlayan damarların açılmasını təmin edir. Bədən toxumalarında yığılan artıq maddələr ümumi dövrana keçər və beləcə bədənə böyük bir gümrahlıq gəlir. Artıq maddə yığıntıları, bədənin ən çox əl, ayaq və üz dövranında meydana gəlir. Bilindiyi kimi dəstəmazda, bu nöqtələr su ilə təmas edilir. 
Limfa dövranı: 
İnsan bədəninin təməl qorunma sistemi, ağ qan dövranı dediyimiz limfa dövranı ilə təmin edilir. Bu dövranda vəzifəli olan kapilyar damarlar, limfosit dediyimiz ağ qan hüceyrələrini, toxumaların bütün hüceyrələrinə qədər apararlar. Bədənin hər hansı bir yerində mikrob, xarici maddə və xüsusilə xərçəng hüceyrəsi varsa, bu kiçik döyüşçülər daşıdıqları qüvvətli zəhərlərlə onları öldürərlər. Çox istiqamətli və qarışıq bir sistem olan limfa dövranında, kapilyar damarların çox yaxşı çalışması ön şərtlərdəndir. Dəstəmaz və qüsl, bu barədə ağla sığmaz nemətlər təmin edir. Dəstəmaz əsnasında əl və ayaqların yuyunması, bədən mərkəzinə uzaq olan bu nöqtələrdəki kapilyar damarların dövran sürətlərini artırır. Bundan başqa limfa sisteminin ən əhəmiyyətli bölgələri olan üz, boğaz və burun yuyulması, bu sistemə bir masaj və gücləndirmə təsiri edir. Bu gün insan biologiya mövzusunda söz sahibi olan bir mütəxəssisə, "limfa sistemimizə necə canlılıq qazandırarsınız?" deyə soruşsanız, istər müsəlman, istər inkarcı olsun, sizə su ilə təması, yəni dəstəmaz almağı təsvir edəcək. Limfa dövranın normal funksiya göstərməsi həm də immun sistemi üçün əvəzolunmaz əhəmiyyət kəsb edir.
Maidə surəsinin dəstəmazı əmr edən 6-cı ayənin sonunda təyəmmüm izah edilir və dəstəmazın nə üçün fərz qılındığını bu şəkildə açıqlanır:"Allah sizə bir çətinlik çıxarmaq istəmir. Lakin sizi təmiz etmək və sizə olan nemətlərini tamamlamaq istəyir. Ümid edilər ki, şükr edərsiniz." Bu ayədə keçən "nemətlərin tamamlanması" şəklindəki ifadəni, müasir tibb yeni anlamağa başlamışdır. Bəli dəstəmaz almaqla bura qədər ifadə etmiş olduğumuz tibb möcüzələri reallaşmaqda və Cənabı Haqqın vermiş olduğu sağlamlıq neməti tamamlanmış olur. Suyun olmadığı zamanlarda (hərçənd ki, müasir şəraitdə bunu təsəvvür etmək çətindir. Evimizdə olmasa belə, mağazalarda su satılır və təmizlənmək üçün pul ilə su almaq lazımdır) və ya suyun orqanizmə ziyanlı olduğu hallarda, dəstəmaz və qüsul əvəzinə təyəmmüm etmək də statik enerjini tarazlayır.
Su ilə dirilişin sirri
Bir az da qüsl barədə...
Cənabət qüslü
Cünub olmağa səbəb olan hallarda (cinsi əlaqədən və ya şəhvət oyanması ilə cinsiyyət üzvlərində müşahidə olunan nəmlənmə) cənabət qüslü vacib olur. Bədən əldən düşmüş olur və zehini fəaliyyətlər də yavaşlayır. Qüsl və dəstəmaz bədəni gümrahlaşdırır. Müəyyən aralıqlarla qüsul etmək tibbi cəhətdən də tövsiyyə edilir. 
Qeyd etdiyimiz kimi Allah tərəfindən bədənimizdə bir statik elektrik vardır və bu bir tarazlıq halındadır. Cünub olarkən, əsəbilik, gündəlik problemlər və xarici həyat şərtləri səbəbi ilə bu tarazlıq normadan 4 qat çox olur. İnfraqırmızı şüalarla bu mövzu sübut edilmişdir. Hətta bəzi qüslü tələb edən hallarda bu elektrik miqdarının normadan 12 qat çox olduğu tıbbən gerçəkdir. Bədənin bütün səthini bu çox sıx statik elektrik örtür. Bu vəziyyət bədənin oksigen almasına mane olur, dəri rəngi solğunlaşır, tez qırışır. 
Cinsi oyanma zamanı tər vəzilərinin funksiyası da artmış olduğu üçün, dəri üzərinə tərlə birlikdə duz və ziyanlı maddələr də xaric olunur. Su ilə təmizlənmədikdə (yəni qüsul etmədikdə) dəridəki məsamələr tıxanır (hələ təsəvvür etsək ki, bəzi insanlar ümumiyyətlə günlərlə yuyunmadan üst-üstə cünublu olaraq qalırlar!) Orqanizmdəki bu toksinlər dəri vasitəsilə ifraz oluna bilmədiyindən daxili orqanlar vasitəsilə xaric olunur. Çox vaxt böyrəklər və qaraciyər bu funksiyanı yerinə yetirdiyi üçün, təbii ki, bu orqanlar əlavə yüklənmiş olur. Bundan başqa da, yaxınlıq zamanı bədənlərin bir-birinə sürtünməsi nəticəsində müxtəlif xəstəliklər partyora keçirilir. Bu xoşagəlməz hallardan xilas olmaq üçün bütün bədənin "iynə ucu qalmayacaq şəkildə" qüsul edilməsi lazımdır. Həm də bu nə qədər tez edilsə, bir o qədər faydalıdır. Çünki bir tərəfdən də ölümün hansı saniyədə olacağı məlum deyil. Cünublu halda gecənin bir saatında da ölüm qapımızı döyə bilər... Burda da iman sınağı dövrəyə girir: kimisi ibadəti təxirə salır, kimisi nəfsinə qalib gəlir...
Muhəmməd ibni Sənan İmam Rzadan (ə) belə nəql edir: "Cənabət quslunun səbəbi paklıq, natəmizliyin aradan getməsi və bütün bədənin təmizlənməsidir. Cənabət bütün bədən üzvlərindən xaric olduğu üçün bədənin hər bir üzvünü təmizləmək zəruridir". 
Əmirəlmöminin Əli (ə) buyurur: "Hər bir tükün altında cənabət var". 
Elmi təcrübələr zamanı da sübut edilmişdir ki, yaxınlıq zamanı kəsilən heyvanın ətinin və südünün xoşagəlməz dadı olur.
Nifas qüslü
Qadına doğuşdan və süni və ya təbii uşaqsalmadan (abortdan) sonra vacib olan əməldir. Doğuş və uşaqsalma zamanı da bədəndə maddələr mübadiləsində güclü dəyişikliklər gedir, hormonal status dəyişikliyə məruz qalır. Yuxarıda qeyt etdiyimiz faydalara bu zaman ehtiyac duyulur. Həm də təmizlik baxımından da bütün bədənin yuyulması faydalıdır.
Heyz qüslü
Həddi-büluq dövrünə çatmış qızlarda hər ay görünən vəziyyətdən (aybaşı qanından) təmizləndikdən sonra etməsi vacib olan əməldir heyz qüslu. 3-10 gün arası davam edən bu dövrdə orqanizmdə güclü hormonal dəyişikliklər baş verir. Dəri üzərinə az-az  toksin maddələr ifraz edilir. Bunlardan ziyan görməmək üçün qüsul etmək vacibdir.
Məssi-meyyid qüslü
Cənazəyə toxunan insana vacib olan qüsldur. Orqanizmdə ölüm baş verən andan parçalanma da başlayır. Bu zaman mikroblar sürrətlə artmağa başlayır. Eyni zamanda, ölümün infeksiya səbəbindən baş verməsi ehtimalı da var. Digər tərəfdən isə yaxınlar stress keçirdikləri üçün cənazəyə hansı üzvləri ilə toxunduqlarını, həmin üzvlərini sonra hara vurduqlarını xatırlamırlar. Bu səbəbdən, dinimizdə cənazəyə toxunan insanın bədənin yuyunmasını vacib buyurulur.
Su ilə dirilişin sirri
Qeyd: Hər nə qədər də məqalədə dəstəmazın sağlamlıq faydalarını dilə gətirmiş olsaq da, biz Rəhman və Rəhim olan Rəbbimiz və Rəsulunun ümmətinin nümayəndəsi olduğumuz üçün bunların heç bir faydasını bilməsək də əməl etməmiz lazımdır. Bu faydalar dəstəmazın hikmətləri və bizə bəxş edilən sağlamlıq müjdələridir.
23 noyabr 2013
GO BACK