Qadin.NET / Qurani-Kərimin əs Saffat surəsi - 3

Qurani-Kərimin əs Saffat surəsi - 3

Qurani-Kərimin əs Saffat surəsi - 3
121. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
122. Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi.
123. Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
124. Bir zaman o öz tayfasına belə demişdi: Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz?
125. Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz?
126. Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?
127. Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər.
128. Yalnız Allahın müxlis bəndələrindən başqa!
129. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
130. (Onu belə yad edirlər: ) İlyasinə (İlyasa) salam olsun!
131. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
132. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
133. Həqiqətən, Lut da peyğəmbərlərdəndir!
134. (Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik.
135. Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!
136. Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.
137. Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;
138. Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?
139. Həqiqətən, Yunis də (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
140. (Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı.
Qurani-Kərimin əs Saffat surəsi - 3
 141. (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu).
142. (Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu.
143. Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,
144. Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.
145. Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.
146. Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik.
147. Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.
148. Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.
149. (Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?
150. Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!
151. Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:
152. Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır). Onlar, həqiqətən, yalançıdırlar!
153. Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur?!
154. Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?
155. Heç düşünürsünüz?!
156. Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!
157. Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!
158. (Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.
159. Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
160. Allahın müslis (mömin) bəndələri isə istisnadır.
Qurani-Kərimin əs Saffat surəsi - 3
161. (Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz
162. Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz;
163. Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!
164. (Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi: ) Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!
165. Həqiqətən, biz səf-səf dururuq.
166. Və (Allahı) təqdis edib şəninə təriflər deyirik.
167. (Məkkə müşrikləri) təkidlə belə deyirdilər:
168. Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi,
169. Biz də mütləq Allahın müxlis bəndələri olardıq!
170. Amma onu (Quranı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
171. And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi:
172. Onlar mütləq qalib gələcəklər.
173. Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!
174. (Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir!
175. Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!
176. Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər?
177. (O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının üstünü aldıqda) qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq!
178. (Ya Peyğəmbər!) Sən onlardan bir müddət üz çevir!
179. Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər!
180. Sənin Rəbbin yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
181. Peyğəmbərlərə salam olsun!
182. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
4 yanvar 2014
GO BACK