Qadin.NET / Qurani-Kərimin əs-Saffat surəsi- 2

Qurani-Kərimin əs-Saffat surəsi- 2

Qurani-Kərimin əs-Saffat surəsi- 2
61. Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!
62. (Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?
63. Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik.
64. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar.
65. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir).
66. Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.
67. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.
68. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!
69. Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər.
70. Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər.
71. Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) əksəriyyəti (haqq yoldan) azmışdı.
72. And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik.
73. (Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə oldu!
74. Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi).
75. Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!
76. Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq.
77. Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik.
78. Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
79. (Onu belə yad edirlər: ) Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!
Qurani-Kərimin əs-Saffat surəsi- 2
80. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
81. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
82. Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq.
83. Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi.
84. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.
85. Həmin vaxt o, atasına və tayfasına belə demişdi: Siz nəyə ibadət edirsiniz?
86. Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?
87. Aləmlərin Rəbbi barəsində zənniniz nədir? (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?88. (İbrahim) ulduzlara bir nəzər saldı.
89. Və (ətrafındakıları özündən uzaqlaşdırmaq məqsədilə) dedi: Mən xəstəyəm!
90. (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər.
91. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz?92. Sizə nə olub ki, danışmırsınız?
93. Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.
94. (Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi.
95. (İbrahim onlara) dedi: Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
96. Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!
97. Onlar dedilər: Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!
98. Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
99. (İbrahim oddan xilas olduqdan sonra) dedi: Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!
100. (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!
101. Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.
102. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O dedi: Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!
103. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman
104. Biz ona belə xitab etdik: Ya İbrahim!
105. Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
106. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.
107. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.
108. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
109. (Onu belə yad edirlər: ) İbrahimə salam olsun!
110. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
111. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
112. Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.
113. Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!
114. Biz Musa və Haruna da nemət (peyğəmbərlik) bəxş etdik.
115. Onların hər ikisini böyük fəlakətdən (Fironun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq.
116. Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.
117. Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik.
118. Onların hər ikisini doğru yola müvəffəq etdik.
119. Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
120. (Onları belə yad edirlər: ) Musaya və Haruna salam olsun!
2 yanvar 2014
GO BACK